Səngəçal terminalı: Dünya miqyaslı ixrac mərkəzi

post-img

Bakıdan 45 kilometr cənubda, Səngəçal qəsəbəsi yaxınlığında yerləşən nəhəng infrastruktur obyekti uzun illərdir ki, Azərbaycanın neft sənayesinə xidmət göstərir. Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi olan Səngəçal terminalı dünyanın böyük neft-qaz ixracı mərkəzlərindən biridir. Xəzər dənizində quraşdırılmış nəhəng qurğuların, ən müasir texnologiyaların imkanları və fədakar neftçilərin gərgin əməyi sayəsində hasil edilən karbohidrogenlər sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunur. 
Hazırda Azərbaycan özünün karbohidrogen ehtiyatlarını şaxələndirilmiş boru nəqliyyatı ilə dünya bazarına çıxarır. Xam neft və qaz məhz Səngəçal terminalında yaradılmış ən müasir qurğularda ilkin texnoloji emal prosesindən sonra ixrac sisteminə vurularaq son ünvanlara çatdırılır. Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, Qərb ixrac boru kəməri (Bakı–Supsa), Şimal ixrac boru kəməri (Bakı–Novorossiysk), Cənubi Qafqaz boru kəməri (CQBK), Cənub Qaz Dəhlizi, eləcə də SOCAR-a məxsus qaz kəməri öz başlanğıcını məhz buradan–Səngəçal terminalından götürür. 
Məlum olduğu kimi, “Əsrin müqaviləsi” imzalandıqdan dərhal sonra neft hasilatı üçün lazımi infrastrukturun yaradılmasına başlanıldı. İlkin neftin hasilatı üçün mövcud “Çıraq” platforması və “Dədə Qorqud” üzən yarımdalma qurğusunun modernləşdirilməsi ilə yanaşı, Xəzərin sahilində xam neftin qəbulu üçün terminal inşa olundu. İntensiv tikinti-quraşdırma işləri nəticəsində terminal “Çıraq” yatağında hasilatın başlanması ilə eyni vaxtda istismara hazır vəziyyətə gətirildi. Nəhayət, 1997-ci il noyabr ayının 12-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Səngaçal terminalının təntənəli açılış mərasimi keçirildi. Beləliklə, Azərbaycan nefti Bakı–Novorossiysk ixrac boru kəməri ilə Şimal istiqamətinə axmağa başladı.
Xatırladaq ki,  ilk vaxtlar yalnız “Çıraq” neftini ixrac etmək üçün layihələndirilmiş Səngəçal terminalının ərazisi və texniki imkanları sonralar xeyli genişləndirilərək indiki səviyyəyə çatdırılıb. Belə ki, 2001-ci ilin sentyabr ayından etibarən “Əsrin müqaviləsi”nin yataqların tammiqyaslı işlənməsi layihəsi çərçivəsində quruda və dənizdə nəhəng tikinti-quraşdırma işlərinin aparılmasına start verildi. “Azəri” və “Günəşli” yataqlarının istismara verilməsi ilə başlanacaq böyük neft hasilatı terminalın genişləndirilməsinə zərurət yaradırdı. Bu məqsədlə 2002-ci il fevralın 20-də Səngəçal terminalının genişləndirilməsi proqramının icrasına başlanıldı. 
Təməlqoyma mərasimində layihənin əməliyyatçısı BP və konsorsium iştirakçıları, podratçı şirkətlərin nümayəndələri, eləcə də media təmsilçiləri iştirak edirdilər. Həmin tədbirdə diqqətimi çəkən bir məqamı bu gün də xatırlayıram. Belə ki, təməlqoyma mərasimi zamanı torpağa basdırılan “Zaman kapsulu”nda bu sözlər yazılmışdı: “İndi başladığımız bu layihə Azərbaycanın Şərq–Qərb dəhlizində aparıcı rolunun təsdiqlənməsinə əsas verəcək, onun beynəlxalq nüfuzunu gücləndirəcəkdir... Biz ümidvarıq ki, üç ildən sonra Səngəçal neftin və qazın nəqli üzrə bir neçə nəhəng boru kəmərini birləşdirən, enerji daşıyıcılarının nəqli sisteminin dünya miqyaslı regional mərkəzi və Xəzərlə dünya bazarı arasında körpü olan bir obyektə çevriləcək”. Gələcək nəsillərə ünvanlanmış ümid dolu bu fikirlər cəmi bir neçə ilə reallığa çevrildi. Dəniz sahilinin qumsal, bomboz çölündə dünyanın ən böyük neft-qaz infrastrukturu yaradıldı.   
2002-ci ilin iyul ayında terminalın genişləndirilməsi layihəsinin bir hissəsi olan ilkin mülki tikinti işləri tamamlandı. Sonrakı mərhələdə həyata keçirilən əsas tikinti işləri isə heyrətamiz idi. “Azəri” yatağınında quraşdırılacaq üç hasilat platformasından çıxarılacaq xam neftin qəbulu üçün nəhəng çənlərin və Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin baş nasos stansiyasının, neft borularının, eləcə də “Şahdəniz”  qazı üçün iri texnoloji emal qurğularının tikintisi anbaan sürətlənirdi. Bunun da nəticəsində “Azəri” və “Şahdəniz” yataqlarında hasil edilən xam neft və təbii qazı qəbul etmək üçün tələb olunan qurğuları vaxtında istifadəyə vermək mümkün oldu. “Azfen-Tekfen” Azərbaycan–Türkiyə alyansının podratçısı olduğu Səngəçal terminalının genişləndirilməsi proqramı 2007-ci ildə tamamlandı.  
Ötən illər ərzində Səngəçal terminalı bir çox əlamətdar hadisələrə şahidlik edib.  2002-ci il sentyabrın 18-də ulu öndər Heydər Əliyevin, eləcə də Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə burada üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan  BTC-nin təməli qoyulub. 2005-ci ilin mayın 25-də isə Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə terminaldan xam neftin BTC-yə vurulmasına başlanılıb.
Xəzərin Azərbaycan sahilindən başlayaraq Avropanın dərinliklərinədək uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin də təməli 2014-cü il sentyabrın 20-də  məhz Səngəçal terminalında qoyulub. 2018-ci il mayın 29-da isə terminal bu nəhəng layihənin rəsmi açılış mərasiminə evsahibliyi edib. Hər iki tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropanın energetika sahəsinə rəhbərlik edən şəxslər iştirak ediblər.
Müasir sənaye şəhərciyini xatırladan Səngəçal terminalında xam neftin qəbulu üçün nəhəng çənlər, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, bura fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib. Hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, eləcə də “Şahdəniz” qazı üçün təqribən 81 milyon kubmetr “mavi yanacaq” təşkil edir. Bundan əlavə, “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan neftlə bərabər çıxarılan səmt qazı da burada qəbul olunaraq Azərbaycanın qazpaylama sisteminə təhvil verilir. Bütövlükdə isə terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon  kubmetrdir.
2022-ci ildə AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Ötən il terminaldan 232 milyon bareldən çox neft və kondensat, o cümlədən, 225 milyon barel BTC vasitəsilə və təxminən, 7 milyon barel Bakı–Supsa marşrutu vasitəsilə ixrac olunub.   
Hazırda qaz terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və onun sonradan genişləndirilmiş sistemi, eləcə də terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac edilir. Bütövlükdə isə 2022-ci
 ildə terminaldan təxminən 2 milyard 416 milyon standart kubfut “Şahdəniz” qazı ixrac olunub. 

 

Y. Mirbağır, “Xalq qəzeti”

İqtisadiyyat