Sosial dövlət modelinin müəllifi

post-img

Bizim dövlətimizin siyasəti iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, birinci növbədə sosial problemləri həll etməkdən ibarətdir.
Ümummilli lider
Heydər Əliyev

Bəşər tarixində elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşa-yacaq, gələcək nəsillərə örnək olmaqla əbədi məşələ çevriləcəkdir. Adı qızıl hərflərlə tarixə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu öndərimizin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində ulu öndər daima hadisələrin fövqündə olmuş, idarəçilik qabiliyyətini reallaşdırmış, fenomen lider imicini qorumuşdur.  

İllər, qərinələr arxada qaldıqca xalqımız Heydər Əliyevi həmişə böyük hörmətlə yad edir, xatirələrdə əziz bir insan kimi yaşadır. Əminəm ki, bu, daima belə də olacaqdır. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir.

Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman-türk dünyasının görkəmli öndərlərindən biridir. O, tarixin gedişatını dəyişə bilən, yeni tarix yaradan dövlət xadimi idi.

Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın  tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi, siyasət şahmatının mahir ustası adlandırırdılar. O, olduqca iti zəkaya, sağlam düşüncə tərzinə malik bir insan idi. Təsadüfi deyil ki, dünyanın bir çox görkəmli dövlət başçıları və ictimai xadimləri, nüfuzlu politoloqları ümummilli liderimiz barədə yüksək fikirlər söyləmişlər. Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl ulu öndərimiz Heydər Əliyevi “Azərbaycan xalqının nicatı üçün bir şans, canını Vətəni və xalqı yolunda sipərə çevirən qeyrətli oğul” adlandırıb. İngiltərənin keçmiş baş naziri M.Tetçerin qənaətinə görə, Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasi xadimlərindən idi. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərinin müəllifi görkəmli rəssam Nikos Safronov ulu öndərin 80 illik yubileyi münasibətilə por-
tretini çəkərkən dahi rəhbərlə ünsiyyətdə olmuş və bu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir. 

Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ulu öndər əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.

Müasir Azərbaycan tarixinin bütöv bir dövrü ulu öndərimizin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil dövlətimizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Təsadüfi deyil ki, tarixdə öz əməlləri ilə iz qoymuş şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı Vətənə və xalqa göstərdiyi misilsiz xidmətləri baxımından birincilər sırasında çəkilir. Dahi rəhbərin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanın qazandığı bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb.

Öz tarixini, keçmişini unudan xalqın gələcəyi də olmaz. Məhz bu baxımdan ötən əsrin son onilliyinin əvvəllərində Azərbaycanda gedən proseslərin, baş verən hadisələrin ölkənin gələcəyi üçün əhəmiyyəti müqayisəyə gəlməyəcək dərəcədə böyük olmuşdur.

1993-cü ilin iyun ayında dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət, bir ölkə kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabiltiyin bərqərar olaraq möhkəmlənməsi şəraitində müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək, dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi.

Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu prosesləri ilə paralel olaraq, sosial müdafiə siyasətinin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımların atılmasına başlanıldı. Büdcə imkanlarının zəif olduğu həmin vaxtlarda mövcud maliyyə resurslarının sosial müdafiə sahəsinə, planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçidin, sərbəst qiymətlərin tətbiqinin doğurduğu çətinliklərdən əhalinin müdafiəsinə yönəldilməsi, o cümlədən, işləməyən pensiyaçılara kompensasiya verilməsi, çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən əlavə tədbirlər ümummilli liderin xalqa bağlılığını əyani təzahür etdirməklə, eyni zamanda, sosial sahənin inkişafının onun fəaliyyətində əsas istiqamətlərdən olduğunun daha bir göstəricisi idi. 

“Sosialyönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır”– deyən ulu öndərin qəbul etdiyi qərarlar bu sözlərin dövlətin daimi güclənməsi prosesində əməli təsdiqini tapmasına xidmət edirdi. Heydər Əliyevin uğurlu neft strategiyasının nailiyyəti kimi 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması respublikada iqtisadiyyatının inkişafına təkan verməklə, sosial məqsədlərin də uğurla reallaşması üçün mühüm addımların atılmasına imkan yaratdı.

Ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətləri heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz dərəcədə böyükdür, çoxşaxəlidir və qiymətlidir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda, bu dövlətin –müstəqil Azərbaycan Respublikasının banisi və qurucusudur. Məhz ulu öndərin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması və s. kimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və Vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi və əbədiyaşarlıq qazandı.

Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində sosial cəhətdən həssas kateqoriyaların, o cümlədən, şəhid ailələrinin, müharibə veteranlarının və əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Milli qəhrəmanlara, onlardan həlak olanların ailələrinə yardım edilməsi, minimum əmək haqqı məbləğinin artırılması və s. kimi istiqamətlərdə ilk və mühüm addımlar atıldı. “Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalışmalıyıq”– deyən ulu öndərin təşəbbüsü və tapşırığı əsasında sosial cəhətdən həssas qruplarla bağlı sosial müdafiə tədbirlərinin əhatə dairəsi yeni sosial təminat və reabilitasiya məqsədli proqramlara başlanılmaqla xeyli genişləndirildi. 

Respublikamızda sosial dövlətin möhkəm təməlinin formalaşması həm də artıq 2000-ci ildə ölkəmizin qlobal səviyyədə yoxsulluğunun kəskin şəkildə azadlılmasını nəzərdə tutan beynəlxalq təşəbbüs və proqramlara fəal şəkildə qoşulmasına imkan verdi. BMT-nin 2000-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Minilliyin sammitində 147 ölkənin qoşulduğu Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından imzalayan ümummilli liderimiz bu mühüm sənəddən irəli gələn öhdəliklərin ökəmizdə müvəffəqiyyətlə yerinə yetirilməsi üçün uğurlu dövlət siyasətinin də formalaşmasını təmin edib. Bəyannamədə 8 qlobal məqsəddən birincisi, ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması idi. Ulu öndərimizin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası, yoxsulluğun azaldılmasına və iqtisadi inkişafın təmin edilməsinə istiqamətlənən dövlət proqramları ölkəmizdə bu sahədə mühüm irəlilləyişlərə şərait yaratdı.

Sosial siyasətin təminatlı və əhatəli olması üçün möhkəm iqtisadi təməlin və hüquqi bazanın yaradılması mühüm şərtdir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial siyasət strategiyasını müəyyənləşdirən zaman ümummilli lider bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq normativ-hüquqi bazanın yaradılmasına ciddi önəm verirdi.

Modern dövlət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycanın sosial siyasətinin təməlində iki klassik prinsip dayanır: sosial ədalət və sosial rifah. Heydər Əliyev sosial sahədə dövlətin vəzifəsini bunda görürdü: “Bir dövlət olaraq, hökumət olaraq, biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələblərini təmin etməliyik…”

Dahi şəxsiyyət Milli inkişaf konsepsiyasında əsas istiqamət kimi dövlət büdcəsinin sosialyönümlü olmasına xüsusi əhəmiyyət verilib. Həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan uğurla çıxaran Heydər Əliyev ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıb. Dahi şəxsiyyət Azərbaycanın milli inkişaf strategiyasını yüksək səviyyədə işləyib hazırlayıb, bununla da milli dövlətçiliyimizin güclənməsinə böyük təkan verib. 

Ümummilli liderin həyata keçirdiyi uğurlu sosial-iqtisadi dəstək proqramı ölkəmizi böhranlı, təlatümlü vəziyyətdən müvəffəqiyyətlə çıxarıb. O, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məsələsini də daim diqqət mərkəzində saxlayıb. Bu məqam ümummilli liderin müəllifi olduğu azərbaycançılıq ideologiyasının prioritetlərindən birini təşkil edib.

Ulu öndər qurduğu dövlətin İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edərək qüdrətli bir dövlətə çevriləcəyini hiss edir və böyük uzaqgörənliklə söyləyirdi: "Azərbaycan dünyaya Günəş kimi doğacaq!”

Böyük şəxsiyyətin müdrikliklə söylədiyi sözlər bu gün real həyatda öz təsdiqini tapmış, onun qurduğu Azərbaycan dövləti dünyanın azad, demokratik və inkişaf etmiş sosial rifah dövlətinə çevrilmişdir.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sferada da ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra köklü dəyişikliklər baş verib. Total böhran səviyyəsində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ulu öndər 1994-cü il iyunun 15-də “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Fərman və fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənəd imzalayıb. 

İnsanların sosial müdafiəsinin mükəmməl və etibarlı şəkildə təmin olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi     istiqamətində    1995-ci
ildə ümummilli liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Konstitusiyanın 16-cı maddəsində deyilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır.

Məhz görkəmli şəxsiyyət Heydər Əliyevin balanslaşdırılmış siyasətinin, gərgin əməyinin və siyasi iradəsinin sayəsində 1993-1996-ci illərdə ölkədə ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi tənəzzül dayanıb, bazar iqtisadiyyatına əsaslanan islahatlar, o cümlədən, sosial müdafiə sahəsində islahatlar aparılmağa, yeni konsepsiyalar, dövlət proqramları hazırlanmağa və qəbul edilməyə başlanılıb.

Hər bir dövlətin sosial siyasətini onun iqtisadi siyasəti, iqtisadi inkişaf səviyyəsi şərtləndirir. Başqa sözlə, sosial müdafiə tədbirlərinin effektivliyi və miqyası ölkənin iqtisadi imkanları ilə birbaşa bağlıdır.  Sosial müdafiənin təminatı və əhatəli olması üçün müvafiq hüquqi bazanın yaradılması da vacib amildir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial müdafiə strategiyasını hazırlayan zaman ümummilli lider Heydər Əliyev bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq hüquqi normativ bazanın yaradılmasına önəm verirdi.

Heydər Əliyev hakimiyyətə gələnədək ölkədə populist, heç bir iqtisadi qanunlara cavab verməyən sosial siyasət mövcud idi. Bu siyasət ünvansız, ehtiyacları dəqiqliklə qiymətləndirmədən pensiyaların, güzəşt və imtiyazların verilməsini nəzərdə tuturdu.

1993-2003-cü illər ərzində görülmüş və əsası qoyulmuş işlər hazırda 
Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən  dövr ərzində ölkədə dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər qazanılmışdır. Ötən illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələrə doğru inamla irəliləyir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. 

Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 20 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Heydər Əliyev siyasi kursunun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllinə–işğal olunmuş torpaqlarımızın azad edilməsinə nail olunmuşdur. Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək.

Ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin davamlı tərəqqisi naminə əsası qoyulan milli inkişaf strategiyasını, o cümlədən, uğurlu sosial islahatlar proqramını 2003-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyev yüksək səviyyədə davam etdirir. Ulu öndərimizin “Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti” kimi qiymətləndirdiyi dövlət müstəqilliyimiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə atılan mühüm addımlar, güclü iqtisadiyyatın qurulması, uğurlu xarici siyasət nəticəsində ildən-ilə güclənir.

Prezident cənab İlham Əliyevin də siyasəti həmişə ondan ibarətdir ki, iqtisadiyyatımız inkişaf etdikcə əhalimizin də sosial müdafiəsi gücləndirilsin. Bir sözlə, iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial müdafiəsinə, sosial rifah halının güclənməsinə yönəldilsin. Bu, hər zaman belə olub və həmişə Azərbaycanın sosial siyasəti prioritet istiqamət təşkil edib. Həyata keçirilən məqsədyönlü siyasət deməyə əsas verir ki, Azərbaycan vətəndaşı sabahından arxayındır! Azərbaycan dövləti hər an vətəndaşının arxasındadır.        

İnanırıq ki, dövlətimiz ulu öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini möhkəmləndirəcəkdir. 

Odur ki, xalqımız, bütün Türk dünyası ömrünü ölkəmizin tərəqqisinə, firavanlığına  həsr etmiş Heydər Əliyevi heç vaxt unutmayacaq. Ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnək və güc mənbəyi olaraq qalacaqdır.

Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndərimiz Heydər Əliyevin adı, pak əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyyətləri qədirbilən xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacaqdır.

Vahid NOVRUZOV, 
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, 
YAP Veteranlar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor

 

Siyasət