Yaxın Şərqdə mümkün hərbi eskalasiya və xüsusilə Hörmüz boğazının bağlanması qlobal enerji təchizatına birbaşa risk yaradır. Bu riskin ən həssas nöqtələrindən biri isə yarımkeçirici istehsalında dünya lideri olan Tayvandır. Ada iqtisadiyyatı enerji baxımından ciddi şəkildə idxaldan asılıdır və elektrik istehsalının təxminən 40%-i mayeləşdirilmiş təbii qaz (LNG) hesabına formalaşır. Bu qazın mühüm hissəsi Qətər və ümumilikdə Fars körfəzi marşrutları ilə daşındığı üçün bölgədə hər hansı blokada Tayvanın sənaye fəaliyyətinə birbaşa təsir göstərə bilər.
Enerji riskinin mərkəzində isə dünyanın ən böyük çip istehsalçısı olan TSMC dayanır. Şirkət təkbaşına Tayvanın elektrik enerjisinin təxminən 10%-ni istehlak edir və qlobal miqyasda ən qabaqcıl yarımkeçiricilərin 90%-ə qədərini istehsal edir. Yarımkeçirici sektoru ümumilikdə Tayvan ÜDM-nin təxminən 20%-ni təşkil etdiyindən, elektrik enerjisində hər hansı məhdudiyyət birbaşa iqtisadi prioritetlərin yenidən müəyyənləşdirilməsinə səbəb ola bilər. Bu isə hökuməti iki seçim qarşısında qoya bilər:
- ya əhali və xidmət sektorunda enerji rasionu tətbiq etmək,
ya da strateji sənaye – xüsusilə çip istehsalına verilən enerjini azaltmaq.
İkinci ssenari reallaşarsa, təsir yalnız Tayvanla məhdudlaşmayacaq. TSMC istehsalı olan çiplər mobil telefonlardan tibbi avadanlıqlara, avtomobil elektronikasından hərbi sistemlərə və süni intellekt məlumat mərkəzlərinə qədər geniş sahələrdə istifadə olunur. Bu səbəbdən istehsalın azalması qlobal texnologiya sənayesində zəncirvari gecikmələr yarada bilər.
Xüsusilə süni intellekt infrastrukturu bu riskə həssasdır. Nvidia, Microsoft və Apple kimi texnologiya nəhənglərinin AI serverləri və məlumat mərkəzləri Tayvanda istehsal olunan yüksək performanslı çiplərdən asılıdır. Təchizatın zəifləməsi AI hesablama gücünün artım tempini yavaşlada və texnologiya sektorunda qiymət artımı ilə nəticələnə bilər. Paralel olaraq, Yaxın Şərq regionu mikroçip istehsalında istifadə olunan bəzi kritik xammalların təchizatında da mühüm rol oynadığından, risk yalnız enerji ilə məhdudlaşmır.
Bazar reaksiyası artıq hiss olunur. Son bir ayda Nvidia səhmlərinin təxminən 8%, Microsoft-un 9%, Apple-ın isə 7%-dən çox ucuzlaşması investorların təchizat zənciri risklərini qiymətləndirməyə başladığını göstərir. TSMC-nin öz səhmləri də münaqişə başlayandan bəri 8%-dən artıq dəyər itirib.
Tayvan vəziyyəti yumşaltmağa çalışır. Məlumatlara görə, adada təxminən 11 günlük strateji LNG ehtiyatı mövcuddur. TSMC isə boğazın bağlanmasının “əhəmiyyətli təsir” yaratmayacağını bildirsə də, “vəziyyətin yaxından izlənildiyini” vurğulayıb. Bununla belə, uzunmüddətli blokada ssenarisi reallaşarsa, bu ehtiyatların məhdud olması səbəbindən istehsalın davamlılığı sual altına düşə bilər.
Beləliklə, İran ətrafında hərbi eskalasiya yalnız enerji bazarlarını deyil, həm də qlobal süni intellekt və yarımkeçirici sənayesini təsirləndirə biləcək strateji risk yaradır. Tayvanın enerji asılılığı bu riskin mərkəzində dayanır və Hörmüz boğazının uzun müddət bağlanması AI çip təchizatında qlobal daralma ehtimalını gücləndirir.
Hazırladı:
S.ELAY
XQ

