İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

post-img

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) ölkədə olan operator və provayderlərlə radiotezliklər spektrinin perspektiv istifadə planı müzakirə edilib.

Radiotezliklər üzrə Dövlət Komissiyasının Katibliyinin rəhbəri, Agentliyin İdarə Heyəti sədri vəzifəsini icra edən Nail Mərdanov radiotezliklərdən səmərəli istifadənin təşkili üçün atılan addımlar haqqında məlumat verib.

Natiq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə əsasən, Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planını və tezlik zolaqlarının ayrılma cədvəlini hazırlamaq və təsdiq etmək Dövlət Komissiyasının vəzifəsi kimi müəyyən edilib.

Nail Mərdanov əlavə edib ki, həmin Əsasnamənin 4.1.4-cü yarımbəndinə əsasən, Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planına və tezlik zolaqlarının ayrılma cədvəlinə uyğun olaraq tədbirlər görmək Dövlət Komissiyasının hüququdur.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Radiotezliklər üzrə Dövlət Komissiyasının 17 yanvar 2022-ci il tarixli iclasının 1 nömrəli protokol qərarı ilə “Azərbaycan Respublikasının radiotezliklər spektrinin perspektiv istifadə planı” təsdiq olunub.

Komissiya rəsmisi əlavə edib ki, radiotezliklərdən səmərəli istifadənin təşkili məqsədilə operator və provayderlər üçün təkliflər hazırlanıb və Komissiyanın qəbul etdiyi perspektiv istifadə planının, həmçinin həmin təkliflərin qısa müddətdə maksimum icrasının təmin edilməsi arzuolunandır.

Görüş zamanı o da bildirilib ki, Dövlət Komissiyasının əsasnaməsindən və perspektiv istifadə planından irəli gələn məsələlərin müzakirəsi davam etdiriləcək.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

İKT