Açılış oyununda hesab açılmadı...

post-img

“Neftçi” SSRİ çempionatlarının güclülər dəstəsi ilə 4 illik ayrılıqdan sonra 1977-ci ildə yenidən “yüksək liqa”da təmsil olunmaq hüququ qazanmışdı. Böyük futbol üçün darıxmış bakılı azarkeşlər həmin il aprelin 2-də paytaxtımızda Moskvanın “Dinamo” komandası ilə 40-cı çempionatın açılış oyununda respublika stadionunun tribunalarında, demək olar, bir boş yer belə qoymamışdılar. Ancaq çempionat açılsa da, hesab açılmadı. 37 min tamaşaçı leninqradlı hakim A.İvanovun final fitindən sonra stadionu oyunun bəzəyi olan qol görmədən tərk etdi–0:0.

Bir erkən bahar axşamında lentə alındıqları andan 49 il sonra diqqətinizə çatdırdığımız fotoların da təsdiq etdiyi kimi, gərgin mübarizə, qarşılıqlı kəskin hücumlar şəraitində davam edən oyunda meydana kapitan sarğısı ilə çıxmış bakılıların hücumçusu Nikolay Smolnikov və yarımmüdafiəçi Səməd Qurbanov komanda yoldaşları ilə birlikdə moskvalı qonaqlarının müqavimətini qırmağa, onların qapıçısı Vladimir Pilquyu heç olmasa, topu bir dəfə tordan çıxarmağa məcbur etmək üçün çox çalışsalar da, məqsədə çata bilmədilər. Elə “Dinamo” da özünün bütün hücum əməliyyatlarından nəsə bir fayda götürməyi bacarmadı.

Nəticədə, şəhərimizdə mövsümün ilk oyununda qolsuz heç-heçə qeydə alındı və rəqiblər çempionata hərəyə 1 xalla başladılar.

“Neftçi” turnirdə ilk xalını Sergey Kramarenko, Rafiq Quliyev, Bəxtiyar Qulamov, Arif Orucov, Asəf Namazov, Tofiq Abbasov, Füzuli Cavadov (Anatoli Banişevski 64), Asif Əliyev, Elbrus Abbasov, Səməd Qurbanov və Nikolay Smolnikovdan ibarət heyətlə qazandı.

Qırxıncı çempionatda Bakı komandasının heyətində ən çox oyunu Smolnikov keçirdi. Hücumçumuz 30 görüşün hamısında meydana çıxdı və 9 qolla komandasının ən məhsuldar oyunçusu oldu. “Neftçi”nin baş məşqçisi Gennadi Bondarenko Qurbanova da yüksək etimad göstərib, onu 26 görüşdə meydana buraxdı. Komandamızın çempionatda finişə 27 xalla 13-cü yerdə çatdığını, “Dinamo”nun isə (35 xal) dördüncü nəticə göstərdiyini də qeyd edək.

...Bu arada “Neftçi” Peşəkar Futbol Klubunun 90 illik yubileyinə bir ay da yaxınlaşdıq. İndi 2027-ci il martın 18-nə 11 ay qalır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman