2006-cı ilin bu günü “Neftçi” Moskvadan Bakıya “Birlik Kuboku” ilə qayıtdı
Dərhal da Prezident İlham Əliyev komanda üzvlərini qəbul edib, Müstəqil Dövlətlər Birliyi ölkələri və Baltikyanı respublikalar çempionlarının ənənəvi turnirində qaliblərin respublikamız üçün tarixi hadisəyə çevrilən nailiyyətinin əhəmiyyətini yüksək qiymətləndirdi və onlara yeni-yeni uğurlar arzuladı. İyirmi il əvvəl–2006-cı il yanvarın 22-də Moskvada “Neftçi” komandası futbolçularına təqdim edilən kubok bütün Azərbaycanı ürəkdən sevindirən əvəzsiz bir töhfə idi.
Azərbaycan paytaxtı futbolçuları sayca 14-cü olan yarışın qrup mərhələsi sınaqlarında elə bir çətinlik çəkmədilər. Komanda Tacikistanın “Vəhş” (Kurqan-Tübə) kollektivi üzərində 3:0, Latviyanın “Metallurq” (Liyepaya) klubuna qarşı ğörüşdə 2:1 hesablı qələbələr və Qazaxıstanın “Aktobe” (Aktübinsk) komandası ilə oyunda heç-heçə sayəsində 7 xalla qrupun qalibi olub, dörddəbir finalda yoluna davam etmək hüququ qazandı.
Burada da qələbəyə sevinən tərəf “Neftçi” oldu. Həmyerlilərimiz bu dəfə “Paxtakor” (Daşkənd) ilə oyunda Özbəkistan təmsilçisinin daha ciddi müqavimətinə rast gəldilər. Görüşün əsas vaxtında hesab açılmadı, penaltilər seriyasında bakılıların zərbələri daha dəqiq oldu–4:2.
Yarımfinalda “Neftçi” Ermənistanın “Pünik” komandası ilə ğörüşməli idi. Ancaq rəqib meydana çıxmaqdan imtina etdi. Yanvarın 22-də oynanılan final ğörüşü isə qollarla zəngin oldu. Litvanın Kaunas şəhərinin eyniadlı klubu da həlledici oyuna qədər inamlı çıxışı ilə özü haqqında xoş təəssürat yaratmışdı. Ədaləti rusiyalı hakim Yuri Baskakovun qoruduğu final matçında azarkeşlər qarşılıqlı kəskin hücumların və 6 qolun şahidi oldular.
Turnirin bəzəyinə çevrilən oyunda “Neftçi” hər hissədə “Kaunas”ı iki dəfə məyus etdi. Fasiləyədək Nadir Nəbiyevlə Vadim Boretsin qollarına sevindik, ikinci hissədə isə Bronomir Subaşiçlə Svyatoslav Stefanov fərqləndilər. Baltikyanı respublika fitbolçuları qapılarında gördükləri 4 qola yalnız 2 topla cavab verə bildilər. Nəticədə 4:2 hesabı ilə qələbə qazanan Azərbaycan komandası ilk dəfə “Birlik Kuboku” turnirinin qalibi oldu.
Bu uğur bakılıların ənənəvi yarışda ilk müvəffəqiyyəti deyildi. “Neftçi” futbolçuları bir il əvvəlki turnirdə də medal sevinci yaşamışdılar. Həmin yarışda finala aparan yolda təmsilçimiz qrupda birinci olmuş, dörddəbir finalda Georgi Adamiya və Vidadi Rzayevin qolları ilə “Pünik”ə qalib gəlmiş (2:0), yarımfinalda Kiyev “Dinamo”sunu məğlubiyyətə uğratmış–2:1 (hər iki topu Adamiya vurmuşdur), finalda isə Moskvanın “Lokomotiv” komandasına 1:2 hesabı ilə uduzmuşdur. Bizdən yeganə qolun müəllifi Zaur Tağızadə olmuşdur.
Beləliklə, “Neftçi”ardıcıl iki dəfə MDB ölkələri və Baltikyanı respublikalar çempionlarının turnirində final oynamış, əvvəlcə respublikamıza gümüş mükafat, sonra da kubok gətirmişdir.
Şübhəsiz, hər iki nailiyyətin qazanılmasında komandanı oyunlara yüksək səviyyədə hazırlayan, bu gün də ölkənin futbol həyatında fəal iştirak edən zəngin təcrübəli mütəxəssis, Əməkdar məşqçi, “Şöhrət” ordenli Ağasəlim Mircavadovun xidmətləri böyük olmuşdur.
Onu da qeyd edək ki, 2008-ci ildə “Xəzər-Lənkəran” və 2011-ci ildə Bakının “İnter” komandaları da adlarını “Birlik Kuboku” qaliblərinin siyahısına yazdırmışlar.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

