Futbol klublarımızın xaricdə təlim-məşqləri

post-img

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” ilk yoxlama oyununu keçirib.

“Gloria Sports Arena”da Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşan ağdamlılar rəqibin qapısından 5 cavabsız qol vurub. “Qarabağ”ın heyətində Marko Yankoviç (3, 29), Leandro Andrade (8), Joni Montiel (10) və Nəriman Axundzadə (71) fərqləniblər.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda növbəti yoldaşlıq oyununu yanvarın 16-da Polşanın “Zaqlebie Lubin” kollektivinə qarşı keçirəcək.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” isə növbəti yoxlama oyununda dünən Misirin “Piramids” komandası ilə üz-üzə gəlib. “Məhəmməd bin Zayed” stadionunda baş tutan oyun 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin “Çenqdu Ronqçenq” klubu ilə qarşılaşacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman