F1 75 Live: Londonda İyirmi Sürücünün Göz Qamaşdıran Tanıtımı

post-img

Formula 1 üzrə dünya çempionatının bu il qeyd olunacaq 75 illik yubileyinə həsr olunmuş möhtəşəm "F1 75 Live" tədbiri Londondakı “O2 Arena”da keçirilib. 1950-ci ildən bu yana Formula 1 tarixində ilk dəfə çempionatın iştirakçısı olan bütün on komanda və iyirmi sürücü yeni mövsüm üçün hazırlanan maşınların rəng çalarlarını və heyətlərini birgə təqdim ediblər.

Gecənin ən çox diqqət çəkən məqamlarından biri Lyuis Hemiltonun qırmızı kombinezonda Ferrari komandası ilə səhnəyə çıxması olub. Yeddiqat dünya çempionu yeni komandası ilə böyük hədəflərə çatmaq arzusunda olduğunu vurğulayıb. McLaren isə 26 illik fasilədən sonra keçən qazandığı komanda çempionluğu ilə yenə də titula iddialı və yeni mövsümdə uğurunu davam etdirmək niyyətində olduğunu göstərib.

Əlbəttə, Karlos Saynsın Williams-a, Esteban Okonun Haas-a, Niko Hülkenberqin Sauber-ə keçidləri də gecənin müzakirə mövzuları olub. Fernando Alonso isə Aston Martin-lə üçüncü mövsümünə başlayacaq və əfsanəvi konstruktor Adrian Nyuinin rəhbərliyi altında hazırlanan ilk maşınla qələbəyə ümid etdiyini söyləyib.

Komandalar 2025-ci il üçün hazırladıqları bolidlərin yeni rəng çalarlarını və sponsorlarını təqdim ediblər. 

Minlərlə azarkeşin iştirak etdiyi tədbir Formula 1 TV və çempionatın rəsmi sosial media kanallarında canlı yayımlanıb. Xüsusi qonaqlar arasında keçmiş dünya çempionları Mika Hakkinen, Sebastyan Fettel və Alen Prost yer alıblar. Gecədə keçən mövsümün ən yaxşı sürücüsü və komandasına mükafatlar təqdim edilib. Maks Ferstappen və McLaren komandası 2024-cü ildəki uğurlu çıxışlarına görə təltif olunublar.

Sonda isə Formula 1 rəhbərliyi, 2026-cı ildən etibarən yeni güc qurğusu, aerodinamika və daha ekoloji cəhətdən təmiz yanacaqlara keçid ediləcəyini açıqlayıb. 

Qeyd edək ki, 2025-ci il mövsümü martın 14-16-da Avstraliyada başlayacaq, mövsümöncəsi testlər isə bir həftədən sonra – fevralın 26-28 -də Bəhreyndə keçiriləcək.

"F1 75 Live" tədbiri, Formula 1 tarixində yeni bir səhifə açaraq azarkeşlərə unudulmaz anlar yaşadıb. Yeni mövsümə hazırlıq böyük həyəcanla davam edir.

Xatırladaq ki, builki təqvimdə 17-ci olan Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutacaq.









İdman