Qar üstündə voleybol çempionatı

post-img

Azərbaycan üçün, əslində elə dünyada da, yeni idman növlərindən biri sayılan qar voleybolu (Avropada ilk rəsmi yarış 2016-cı ildə keçirilib. 2019-cu ildə isə rəsmi Dünya turu təşkil edilib) üzrə bugünlərdə “Şahdağ” Turizm Mərkəzində Azərbaycan çempionatı keçirildi. Oyun şəraitinin bir qədər çətin olduğu bu nadir idman növü onu izləyənləri öz baxımlığı ilə valeh etdi.

Qar voleybolu ona görə unikal hesab olunur ki, meydançada hava şəraitindən asılı olaraq oyunçular fərqli səthlərdə oynamalı olurlar. Onlar bəzən futbol butsları, yaxud sürüşkən səthə görə digər idman ayaqqabıları geyirlər. Qalın paltar geyinən oyunçular, papaq və əlcək də taxa bilərlər. Unikallığı ilə yanaşı, bu, həm də ekstremal idman növlərindən biri hesab oluna bilər. Çünki voleybolçular şaxtalı hava və çətin oyun şəraitinə adaptasiya olunmalıdır. Bütün bunlara rəğmən ölkəmizin qar voleybolu tarixində ilk dəfə təşkil olunan milli çempionata 4 qadın və 4 kişi komandası olmaqla 8 yığma fəal şəkildə qatılaraq gərgin və maraqlı mübarizə sərgilədilər. 

Yarışda “Azərreyl”in həm kişilərdən, həm də qadınlardan ibarət komandaları çempionatın qalibi olaraq bu idman növünün tarixinə düşdülər. Kişilərin mübarizəsində 2-ci yeri “Murov Az Terminal” tutub. Üçüncü pillədə isə U-21 yığması qərarlaşıb. Qadınların yarışında “Murov Az Terminal” gümüş medal qazanıb. Bürünc medala isə “Gəncə” sahib çıxıb. 

“Azərreyl”in qızlardan ibarət komandasının baş məşqçisi Nihad Tarverdiyev “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, ölkəmizdə qar voleybolu üzrə çempionatın təşkili bir yenilikdir. Final qarşılaşmaları olduqca maraqlı və gərgin mübarizə şəraitində keçdi. Başda Azərbaycan Voleybol Federasiyası olmaqla yarışda əməyi keçən hər kəsə təşəkkür edirik. Yüksək səviyyədə keçirilən çempionat həm idmançılarımız, həm də məşqçilər üçün zəngin təcrübə oldu. Sevinirik ki, çempionatı qalib kimi başa vurduq. 

Çimərlik və qar voleybolu üzrə milli komandaların meneceri Orxan Hüseynzadə isə vurğuladı ki, komandaların hazırlığı, onların yarışda iştirakı, eləcə də oyunların yüksək səviyyədə təşkili üçün Voleybol Federasiyası tərəfindən hər bir tədbir görülmüşdü: “Düşünürəm ki, turnir maraqlı mübarizə şəraitində keçdi. Çempionatın canlı yayımlanması tamaşaçıların oyunları yaxından izləməsi üçün geniş imkanlar yaratdı. Əsas məqsədimiz bu idman növünü ölkəmizdə daha da inkişaf etdirməkdir. 

Orxan Hüseynzadə bu prosesə yeni başladıqlarını və gələcəkdə böyük perspektivlərin olduğunu qeyd etdi”.

– Yerli voleybolçuların milliyə cəlb olunması, onların yığmada inkişafı, yeni idmançıların kəşf olunması istiqamətində işlər davam edir. Məqsədimiz beynəlxalq arenada mübarizə aparacaq çoxlu voleybolçu yetişdirməkdir.   Gələcəkdə Avropa çempionatında iştirak etməyi qarşıya məqsəd qoymuşuq. Düşünürəm ki, bu templə davam etsək, qitə yarışlarında iştirak edə və uğur qazana bilərik. 

Qar voleybolunu, əsasən, dağ kurortlarında, qış çimərliklərində və digər istirahət zonalarında inkişaf etdirmək olar. Ölkəmizdə də son illər qış idman növləri üzrə yarışların təşkili, idmançıların yetişməsi üçün geniş imkanlar yaradılır. Bu gün qış idman növləri üzrə Azərbaycanda nəinki ölkədaxili yarışların, hətta beynəlxalq turnirlərin təşkili üçün də geniş infrastruktur var və bu istiqamətdə işlər davam etdirilir. Əminik ki, gələcəkdə qar voleybolu da ölkəmizdə sevilən və populyar idman növlərindən birinə çevriləcək.

L.AZAD
XQ





İdman