Oktyabrın 28-29-da Türkiyədə qolf üzrə "Zəfər" beynəlxalq turniri təşkil olunub.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Qarabağ Zəfərinə həsr edilmiş və ötən il Bakıda keçirilmiş yarış bu dəfə İstanbulda baş tutub. 2 gün davam edən turnirdə Azərbaycan və Türkiyədən ümumilikdə 56 qolfçu mübarizə aparıb.
Turnirin bütün kateqoriyalar üzrə qalibi Rəcəb Turan (Türkiyə) olub. A kateqoriyasında Türkiyə qolfçuları fərqləniblər: Çingiz Şahin, Kamal Vəli və Rəcəb Turan müvafiq olaraq ilk 3 yeri tutublar. B kateqoriyasında Süleyman Abay (Türkiyə) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Regina Bədəlbəyeva (Azərbaycan) yarışı ikinci, Xeyrəddin Cabbarov (Azərbaycan) isə üçüncü pillədə başa vurublar.