Pedaqoji Universitetdə konfrans: STEAM təhsili - problemlər və perspektivlər

post-img

Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin və  fakültədə fəaliyyət göstərən STEAM Mərkəzinin təşkilatçılığı ilə “STEAM təhsili - problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Konfransda ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Elmi-təşkilati şöbənin müdiri professor İbrahim Bayramov, Fizika fakültəsinin dekanı, STEAM Mərkəzinin müdiri dosent Arzu Daşdəmirov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru prof. Cəfər Cəfərov konfransın keçirilməsinin əhəmiyyətindən söz açıb, universitetdə STEAM təhsili ilə bağlı həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Rektor qeyd edib ki, universitetdə yaradılan STEAM Mərkəzinin dəstəyi ilə 8 ixtisas üzrə STEAM fənni tədris olunur. Mərkəz son illərdə müxtəlif beynəlxalq yarış və müsabiqələrdə universiteti uğurla təmsil edib. 

Elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov STEAM yanaşmasının tədrisdə rolu və yeri, bu sahədə beynəlxalq təcrübə və yeniliklər haqqında geniş məlumat verərək, STEAM-in əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasındakı əhəmiyyətindən söz açıb. 

STEAM Mərkəzinin müdiri dos. Arzu Daşdəmirov burada aparılan geniş və çoxşaxəli fəaliyyət haqqında məlumat verərək qeyd edib ki, STEAM Mərkəzinin nəzdində “FabLAB” dərnəyi və “STEAMLAND” yaradılıb. ADPU-nu təmsil edən komandalar Türkiyənin Antaliya şəhərində keçirilən “Robotex” beynəlxalq robototexnika müsabiqəsində iştirak edərək I və II yerlərə layiq görülüb və Estoniyada baş tutacaq dünya çempionatına vəsiqə qazanıblar. 

Daha sonra məruzələr dinlənilib. Məruzəçilər - dosent Elnurə Səfərova “Biologiya dərslərində STEAM metodologiyasının tətbiqi əhəmiyyəti”, müəllim Cavid Tapdıqlı “STEAM təhsilində artırılmış və virtual reallıq”, dosent Rəhimə Məmmədova “STEAM təhsilinin real dünya problemlərinin həllinə təsirlərinin araşdırılması”, fizika üzrə fəlsəfə doktoru Vəfa Abdurahmanova “Fiziki dünya ilə rəqəmsal dünya arasında əlaqə. Əşyaların interneti - İoT” mövzularında geniş təqdimatla çıxış ediblər. 

Sonra konfrans fəaliyyətini bölmələrdə davam etdirib.

Təhsil