“National Review”: ABŞ ambisiyalarını həyata keçirmək üçün lazımi imkanlara malik deyil

post-img

ABŞ-ın resurs və potensialı onun qlobal ambisiyalarını reallaşmasına imkan vermir. Buna baxmayaraq, ABŞ qlobal güc olduğu iddiasından əl çəkmir ki, bu da onun düşmənlərinin sayını artırır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “National Review” saytının analitiki Maykl Brendan Doertinin (Michael Brendan Dougherty) məqaləsində yer alıb. Müəllif yazır ki, ABŞ son illər ərzində ambisiyalarını artıraraq özünü qlobal güc kimi təqdim edir. Əslində, qlobal səviyyədə güclü qalıb ambisiyalarını davam etdirmək üçün ABŞ-ın imkanları xeyli məhdudlaşıb ki, bu da onu blef siyasəti yürütməsi ilə nəticələnib.

Hərbi, iqtisadi və sosial imkanların məhdudlaşdığı bir zamanda dünyamiqyaslı ambisiyalarla çıxış etmək ABŞ-ın düşmənlərinin sayını artırmaqdan başqa bir işə yaramır. Müəllif yazır: “Bizə Suriyada rejimi dəyişdirmək və ya Əfqanıstanda qalmaq, Ukraynaya yardım etmək nə dərəcədə lazım idi? Bunlar Avropaya qeyri-rəsmi miqrant axınını artırdı və müttəfiqlərimiz üçün problemlər yarandı. Ukrayna faktiki olaraq NATO üzvü deyil və ABŞ-ın milli maraqlarının kənarındadır”. Analitik qeyd edir ki, ABŞ-ın İraqa və Liviyaya hərbi müdaxiləsi nəticəsində demokratiya deyil, ekstremizm və terrorçuluq inkişaf etdi.

O diqqətə çatdırıb ki, ABŞ “soyuq müharibə” dövründə olduğu kimi, indi də hərbi qüvvəsinin artırılması üçün külli miqdarda vəsait ayıra bilmir. Ona görə də İraq, Suriya, Liviya kimi avantüralara son qoymağın vaxtı gəlib çatıb. Bu avantüralar ABŞ-a qarşı olanların sayını getdikcə artırır. “Əvvəllər bizim Kreml kimi düşmənimiz var idi. İndi isə bu sıraya Pekin və Tehran da əlavə olunub və bu siyahı artmaqdadır”, - yazan müəllif qeyd edir ki, ABŞ artıq uduzduğunu başa düşüb, lakin buna baxmayaraq, ambisiyalarını irəli sürməkdə davam edir. Bunun nəticəsi isə uğursuzluğa düçar olmaqdan ibarətdir. Analitik, həmçinin vurğulayır: “Bizim hərbçilər və diplomatlar mütəmadi olaraq vədlər verirlər, lakin bilirlər ki, bu vədlər yerinə yetirilməyəcək. Bizim gəmiqayırma müəssisələrimiz dənizə üzməyə hazır gəmi buraxacaqlarını vəd edir. Halbuki yeni gəmilərin hazırlanması barədə plan belə yoxdur. Biz Avstraliyanı məcbur etdik ki, Fransa ilə raket daşıyan gəmi alması haqqında müqaviləni pozsun. Bunun müqabilində Avstraliyaya “Constellation” gəmisinin 3 ilə hazırlayıb verəcəyimizi vəd etmişdik. Lakin xeyli müddətdir ki, bu işi tamamlaya bilmirik. Ukraynaya silah-sursatın verilməsinin gecikməsi iradə zəifliyindən deyil, hərbi sənayenin hazır olmamasından irəli gəlir”.

Müəllif bildirir ki, 2021-2023-cü illərdə ABŞ ordusunda iki diviziya ixtisara salınıb. Hərbi Dəniz Qüvvələrində də kadr və peşəkar dənizçilərin çatışmazlığı hiss olunur. ABŞ gənclərinin yalnız 23 faizinin əqli, fiziki və mənəvi keyfiyyətləri orduda xidmət eləməyə imkan verir. Gənclərin 60 faizi isə orduda xidmət etmək istəmir. Doğuşun kəskin şəkildə aşağı düşməsi hərbi çağırışçıların da sayının azalmasına səbəb olub və bu prosesin sonu görünmür. Bu sahədəki böhran onu deməyə əsas verir ki, 2026-cı ildə ABŞ ordusunda 18 yaşlı “zəif oğlanlar” xidmət edəcək.

Müəllif son olaraq belə bir nəticəyə gəlib ki, ABŞ-da sistem böhranı başlayıb və bu proses yaxşı heç nə vəd etmir.

Dünya