Futbol üzrə Azərbaycan Kubokunda 2024-2025-ci illər mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, II Liqada mübarizə aparan “Şahdağ Qusar” və “Kür-Araz” (İmişli) komandaları üz-üzə gəlib. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş nominal meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da adını II təsnifat mərhələsində yazdıran Qusar təmsilçisi “Araz-Naxçıvan”ın rəqibi olub.
Günün digər görüşündə II Liqanın iki təmsilçisi – “Şəfa” və “Saatlı-Araz” qarşılaşıb.
Matç birincilərin 2:0 hesablı qələbəsi ilə bitib.
Komanda növbəti mərhələdə "Difai" ilə üz-üzə gələcək.
Qeyd edək ki, I təsnifat mərhələsində digər qarşılaşmalar 13-14 oktyabrda keçiriləcək.