Oktyabrın 20-də Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, prosesin test imtahanı mərhələsi Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 319 tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdəndir. Pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilməsi və seminarlar təşkil olunub.