Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) başa çatıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sonuncu gün yekun müzakirələr aparılıb və ümumilikdə seminar təhlil olunub.
BQXK-nin əhəmiyyətli tədbirlərindən biri hesab olunan, 70-dən çox ölkədən yüksək rütbəli zabitlərin iştirak etdiyi seminarın bağlanış mərasimində iştirakçılara sertifikatlar verilib.
Seminar hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirmək məqsədilə keçirilib.