Münafiqin kim olduğunu hamı bilir. Sözü ilə əməli üst-üstə düşməyən adamdır. Ermənistan baş naziri Nikol Paşinyana və onun komandasına da məhz bu qiyməti vermək olar. Bir tərəfdən Rusiya ilə əlaqələri dərinləşdirəcəyinə söz verir, digər tərəfdən də rusları Hayastandan uzaqlaşdıracaq addımlar atır. Erməni baş nazirin Rusiya lideri ilə son görüşündən sonra Paşinyanın mətbuat katibinin paylaşımı belə deməyə əsas verir ki, İrəvan mühüm strateji tərəfdaşı adlandırdığı Moskvadan uzaqlaşmaq xəttinə sadiq qalır.
Ermənistan geosiyasi yolayrıcında çapalayır. İrəvanın siyasi palitrasında aydın rənglərin müşahidə edilməməsi ondan xəbər verir ki, haylar kəskin seçim sançısı yaşayırlar. 2018-ci ildə Qərb dairələrinin köməyilə hakimiyyətə gələn indiki İrəvan hakimiyyəti iki stulda oturmağa çalışır. İndi Rusiyanın çətiri altından çıxıb Qərb kuratorlarının qoltuğu altına sığınmağa can atan İrəvan siyasi janqlyorluqla məşğuldur. Bu qeyri-adekvat davranış özünü MDB dövlət başçılarının son görüşündə Ermənistanın təşkilatın iki yekun bəyanatını imzalamamasında göstərdi. Ermənistanda geniş yayılmış daxili imkansızlıq və çaşqınlıq fonunda Paşinyan hökumətinin bu demarşı birmənalı qarşılanmadı. Məsələn, politoloq Stepan Danielyan bildirib ki, bu addım vektorun və xarici siyasət təlimatlarının olmamasının sübutudur: “Bu, iki stulda oturmaq cəhdidir, əslində, bir stulda oturmaq da yox, ayaq üstə dayanmaq cəhdidir”.
Hər iki bəyanatın təhlükəsizlik məsələlərinə aid olduğunu xatırladan Danielyan qeyd edib ki, Ermənistan təhlükəsizliklə bağlı çətin vəziyyətdə qalıb: “Ölkə KTMT-də iştirakını dondurub, NATO ilə anlaşılmaz təlimlər keçirir, ABŞ və Aİ yekdilliklə bəyan edirlər ki, Ermənistanın təhlükəsizliyini təmin edə bilməz. Onun sözlərinə görə, hazırda Ermənistan mahiyyətcə heç bir blokda deyil və təhlükəsizlik sistemi olmayan ölkəyə çevrilib, indiki hakimiyyət isə bu sistemin olmamasını böyük nailiyyət hesab edir. Erməni politoloq vurğulayıb ki, Paşinyan hökumətinin fikrincə, sapdan asılı qalmaq suverenliyin ən yüksək təzahürüdür. Yəni MDB-nin işində iştirak edən Ermənistan zəruri bəyanatlardan uzaq dayanmaqla okeanın o tayına xoş gəlməyə çalışır.
İndi İrəvan elə təəssürat yaratmağa cəhd göstərir ki, guya, o Qərbin Cənubi Qafqaz regionundan ənənəvi aktorların, ilk növbədə Rusiyanın uzaqlaşdırılması planının iştirakçısı deyil. Amma əməlləri, niyyətləri bunun tam əksini təsdiqləyir. Məsələn, bu günlərdə Caliber.az diplomatik mənbələrə istinadən yazıb ki, Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan sentyabrın 30-da Brüsseldə keçirilən görüşdə İrəvanın “NATO-nun yeni cənub cinahı” olmağa hazır olduğunu bildirib. O, Ermənistanda hava bazalarının tikintisini və raketdən müdafiə bölmələrinin yerləşdirilməsini təşviq etmək niyyətini vurğulayıb. Bu bazalar, Qriqoryanın sözlərinə görə, NATO-nun Çevik Yerləşdirmə Qüvvələrinin qoşunlarını, o cümlədən quru, hava və xüsusi bölmələri qəbul etməyə hazır olacaq. ABŞ və Fransanın İrəvanın bu təşəbbüsünü fəal dəstəklədikləri bildirilir.
Elə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın son paylaşımı da İrəvanın anti-Rusiya siyasətini təsdiqləyir. Erməni qadın məmurun Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü ilə bağlı paylaşımında yazıb ki, Ermənistan baş naziri Rusiya prezidenti ilə görüşündə “Dünyanın kəsişməsi” proqramının təfərrüatlarını təqdim edərək ona müvafiq broşuranı təqdim edib. O, həmçinin qeyd edib ki, Ermənistan hökumətinin regional kommunikasiyalarla bağlı mühakiməsi həm qapalı, həm də açıq formatda eynidir. Amma Rusiya Baş nazirinin müavini Aleksey Overçukun TASS agentliyinə verdiyi son müsahibədəki sözləri bunun tam əksini göstərir. Overçuk bildirib ki, Ermənistan üçtərəfli Bəyanatdan formal olaraq geri çəkilməyib və imzasını da geri götürməyib, lakin eyni zamanda, artıq iki ildir ki, baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun faəliyyətində heç bir hərəkət yoxdur. Yəni kommunikasiyalarla bağlı erməni tərəfinin “mühakimələrimiz eynidir” tezisi iz azdırmaqdan başqa bir şey deyil.
Bundan əlavə Baqdarsaryan bildirib ki, Paşinyan Rusiya prezidenti ilə görüşün nəticələrini müsbət qiymətləndirir: “Geniş spektrli məsələlər müzakirə edilib, enerji, təhsil və humanitar sahələrlə bağlı konkret razılaşmalar əldə olunub”. Mətbuat katibinin sözlərinə görə, görüşdə 2025-ci il yanvarın 1-dən Ermənistan milli təhlükəsizlik xidmətinin (MTX) sərhəd qoşunlarının Ermənistan–İran və Ermənistan–Türkiyə dövlət sərhədlərinin qorunmasında da iştirak edəcəyi, Ermənistan–İran dövlət sərhədinin sərhəd-nəzarət məntəqəsində isə Ermənistan MTX-nin sərhəd qoşunlarının tam şəkildə bu xidməti həyata keçirəcəyi barədə razılıq əldə olunub. Baqdarsaryan sonda vurğulayıb ki, Paşinyan Ermənistan müstəqillik əldə etdikdən sonra Rusiyanın Ermənistan ilə İran arasında dövlət sərhəd nəzarəti məntəqəsində göstərdiyi xidmətə görə prezident Putinə təşəkkür edib.
Rusiya tərəfdən bu görüşün nəticələri barədə hər hansı bir rəsmi açıqlama verilməyib. Cari ilin may ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Vladimir Putin və Nikol Paşinyan Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə razılığa gəliblər. Amma son görüş barədə açıqlama olmasa da, aydındır ki, bu görüşdə qəbul olunan qərar Moskvanın ürəyincə deyil. Çünki şimal qonşumuzda da görürürlər ki, İrəvanın Rusiya sərhədçilərini Ermənistan-Türkiyə və Ermənisan-İran sərhədindən uzaqlaşdırmaq istəyi ümumi planın tərkib hissədir. Xatırladaq ki, cari ilin avqust ayında Rusiya sərhədçiləri İrəvanın Zvartnots hava limanını tərk ediblər. Aydındır ki, Paşinyan hökuməti bütün bu prosesləri həyata keçirməklə sırf Qərbin sifarişini yerinə yetirir və bunlar Aİ-nin Ermənistandakı müşahidə missiyasının gücləndirilməsi və genişləndirilməsi fonunda baş verir.
Ermənistanda düşünürlər ki, İrəvan bu gün dövlət sərhədinin mühafizəsini müstəqil şəkildə təmin edə bilmir, xüsusilə də Rusiyanın dəstəyi olmadan istər İran, istərsə də Türkiyə ilə sərhədlərin müstəqil şəkildə müdafiəsini təşkil etmək Ermənistan üçün çox çətindir. Hayastanın ekspertləri vurğulayırlar ki, sərhədlərin mühafizəsi üçün müəyyən sayda mütəxəssis tələb olunur. Bundan başqa, erməni mütəxəssislərin sözlərinə görə, Rusiya sərhədçilərinin geri çəkilməsi ilə insidentlər və təxribatlar qaçılmaz olacaq və bu faktın gözardı edilməsi gözlənilməz nəticələrə, o cümlədən dövlətçiliyin itirilməsinə səbəb ola bilər. Ancaq belə görünür ki, belə persperktiv Paşinyan hökumətini narahat etmir, sifariş verilib və yerinə yetirmək lazımdır. Ancaq bütün bunları nəyin bahasına edəcək, onu yaxın gələcək göstərəcək.
S.ELAY
XQ