15 Oktyabr Azərbaycan xalqı üçün əlamətdar tarixdir

post-img

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətindən

Mərhum Vaqif Səmədoğlu demiş, “Günün baxtına bir bax”. İyirmi əsr ilin, ayın adi günlərindən biri olasan, sonra gəlib Azərbaycan xalqını möhtəşəm zəfərlərə aparan iki möhtəşəm seçkinin keçirildiyi gün kimi yadda qalasan. Yəni oktyabrın 15-i təkcə bizi bəxtəvər eləməyib, elə özü də bəxtəvər gündür ki, əlli milyonluq xalq hər il bu tarixi ehtiramla yada salır.

Etiraf edək ki, 2003-cü ilin oktyabrında ümummilli liderimizin məlum müraciətini eşidəndə həmin tarixi sənədi növbəti və adi bir siyasi çağırış kimi dəyərləndirənlər bəlkə də yüzlərlə idi. Ancaq cənab Prezident İlham Əliyev 2020-ci ilin payızında hər axşam bir neçə kəndin və ya bir şəhərin düşmən tapdağından azad edildiyini xəbər verəndə “ Heydər Əliyev bu günləri nəzərdə tuturmuş” deyənlər artıq milyonlarla idi.

Xalq 2003-cü il oktyabrın 15-də nə üçün İlham Əliyevə səs vermişdi? Çünki insanlar inanırdılar ki, o, atasının siyasi kursunu davam etdirəcək. Onun atasının işləyib hazırladığı siyasi kurs isə Azərbaycanı vətəndaş müharibəsindən qurtarmış, ölkəmizdəki xaos və anarxiyaya son qoymuş, yetmiş ildən sonra bərpa etdiyimiz dövlət müstəqilliyimizi yenidən itirməyimizin qarşısını almış, himayədarlarının köməyi ilə hər gün yeni-yeni ərazilərimizi işğal edən Ermənistanla atəşkəsə nail olmuş, mötəbər beynəlxalq təşkilatlarla əlaqələr yaratmış, ölkədə demokratik seçkilər keçirilməsi ənənəsini yaratmış, iqtisadi dirçəlişi hədəfləyən və beynəlxalq aləmdəki dostlarımızın çoxaldılması məqsədilə “Əsrin müqaviləsi” adlı nəhəng neft sazişinin imzalanmasına nail olmuşdu. Xalq bütün bunları yaxşı görürdü və ona görə də cənab İlham Əliyevdən başqa kiməsə səs verə bilməzdi. Vermədi də.

İlham Əliyevin ilk dəfə prezident seçilməsindən sonrakı beş il ərzində Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf etmiş və Azərbaycan tarixə 2003–2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil oldu. Bu, böyük nailiyyətdir. Ölkəmiz həmin beş il ərzində böyük yol keçə, böyük uğurlar əldə edə bildi. İqtisadiyyat 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artdı. Yoxsulluğun səviyyəsi 3–4 dəfə aşağı düşdü, büdcə xərcləri 10 dəfədən çox artdı. Ölkədə böyük sosial proqramlar icra edilməyə başlandı. Bir sözlə, həmin beş il ərzində Azərbaycan çox böyük addımlar atdığına görə, xalq bu möhkəm zəmin əsasında gələcəyə ümidlərlə baxırdı.

2008-ci il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkiləri isə müstəqil ölkəmizin tarixində yeni səhifə açdı. Prezidentliyə namizədlərin sayının çoxluğuna baxmayaraq, ölkə əhalisi ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevi yenidən ən ali mövqedə – Prezident kürsüsündə görmək istədi. Cənab İlham Əliyev şəffaf və demokratik seçkidə 88,73 faiz səs toplayaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Xatırladaq ki, “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”– deyən Prezident İlham Əliyev 2008-ci ilin prezident seçkilərinə də bu amalı rəhbər tutaraq qatılmışdı. Məhz Azərbaycan xalqının rəğbəti sayəsində İlham Əliyev 2008-ci ilin 15 oktyabrında keçirilən prezident seçkilərinin əsas favoriti olaraq siyasi mübarizədən qalib çıxdı. Xalq böyük səs çoxluğu ilə onu dəstəklədi və səsini ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısına verdi.

Tarixçilərin fikrincə, ölkəmizdə keçirilmiş 2008-ci il prezident seçkiləri regionda və dünyada böyük rezonans doğurmuşdu. Şəffaflığı ilə diqqəti çəkən bu seçkilər müstəqil Azərbaycanın tarixinə ən demokratik seçki kimi daxil olmuşdu. Qeyd edilir ki, xalqın yenidən İlham Əliyevə etimad göstərməsi ötən beş ildə onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi.

Azərbaycan mətbuatının 2008-ci ilin oktyabrındakı materiallarını vərəqləyəndə belə bir arqumentə rast gəlirik: “Böyük uğurla başa çatan prezident seçkilərində, gözlənildiyi kimi, xalqın seçimi dəyişmədi. 2003-cü il prezident seçkilərində tərəqqiyə, inkişafa, ulu öndər Heydər Əliyev siyasətinə səs verənlər yenə də bu yola dəstək oldular. Seçkilərin nəticələri ilə bağlı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin, AVCİA-nın, eləcə də, Hüquqi və Demokratik İslahatlar Mərkəzinin keçirdikləri “exit-poll”un nəticələrinə görə də, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyev seçicilərin 88,8 faiz səsini qazandı”.

Seçkilərdə iştirak etmiş beynəlxalq müşahidəçilər deyirdilər ki, Azərbaycanda səsvermənin demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün tədbirlər görülmüşdü. İstər beynəlxalq, istər yerli müşahidəçilərin çoxluq təşkil etməsi, istərsə də məntəqələrdə veb-kameraların quraşdırılması, bir daha deməyə əsas verdi ki, bu seçkilər, həqiqətən də, tam şəffaf və ədalətli keçirildi. 15 oktyabr prezident seçkiləri bir daha sübut etdi ki, Azərbaycan demokratik bir ölkə olmaqla özünəməxsus seçki ənənəsi formalaşdırmağı bacarır.

2008-ci il seçkiləri sübut etdi ki, Yeni Azərbaycan Partiyasının namizədi ölkədə hamıdan yüksək nüfuza və mükəmməl reytinqə malikdir. O, bütün siyasi opponentlərindən fərqli olaraq sınaqlardan çıxmış siyasətə xidmət edir, ulu öndər Heydər Əliyev siyasi kursuna dair baxışlar sisteminə istinadən fəaliyyət göstərir. Seçkinin nəticələri həm də belə bir reallığı ifadə etmişdi ki, cənab İlham Əliyev xarizmatik liderdir və onun mütərəqqi siyasi keyfiyyətləri insanların ona olan dərin inamında özünü büruzə verir.

O, birinci seçkidən sonra olduğu kimi 2008-ci ildə də özünün deyil, xalqın iradəsinin qalib gəldiyini söyləmişdi: “Mənə yenidən böyük etimad göstərmiş, məni Prezident vəzifəsinə seçmiş bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəyəm”.

Cənab Prezident ikinci müddətə seçildikdən sonrakı andiçmə mərasimində demişdir: “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.

Ölkəmizin yeni tarix dərsliklərini yazanların fikrincə, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin bütün istiqamətləri milli maraqlarımızın təmin olunmasına, Azərbaycan xalqının mənafelərinin qorunmasına xidmət edir. Ancaq onun xarici siyasəti, xüsusən, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətində gördüyü işlər daha yüksək qiymətləndirilməlidir. Cənab Prezident, həmişə olduğu kimi, 2008-ci il seçkilərindən sonra da həmin məsələdə qətiyyətli idi: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq. Dağlıq Qarabağa heç vaxt – nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 50 ildən sonra müstəqillik verilməyəcək”.

Məlum olduğu kimi, 2008-ci il seçkilərindən sonra Azərbaycanın iqtisadi uğurları daha da böyüdü. İqtisadi inkişafına görə, dünyada lider olan Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatları, ölkəmizə sərmayə qoyuluşlarının həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Duing business” hesabatında Azərbaycanı 2008-ci ilin ən islahatçı ölkəsi elan etdi.

Dövlət başçımızın yürütdüyü daxili siyasətin uğurlu nəticəsidir ki, onun prezidentliyinin ikinci dövründə ölkədə 800 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə endirilmiş, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra edilmişdi. Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı olmuşdu.

Həmin dövrdə biz Asiyanı Avropa ilə birləşdirəcək Bakı –Tbilisi – Qars dəmir yolu xəttinin, Oğuz – Qəbələ – Bakı su kəmərinin çəkilməsi kimi iri regional və ölkədaxili layihələrin icrasına nail olduq. Bu dövrdə azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi, milli ləyaqət, milli qürur, dini tolerantlıq uğurlarımızın əsas şərtləri oldu.

Biz həmin milli qürurun, milli ləyaqətin nəticələrini işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılması zamanı da gördük, Şuşada çoxsaylı yerli və beynəlxalq tədbirlərin keçirilməsi zamanı da. Ancaq fikrimizcə milli ləyaqətimizin böyük hərflərlə yazılacaq ən ali nümunəsi Azərbaycan və Türkiyə prezidentlərinin 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları Azərbaycan və Türkiyə arasında Müttəfiqlik münasibətləri haqqında Bəyannamədir.

Məlum olduğu kimi, bu il də ölkəmizdə prezident seçkiləri keçirilib. Xalq yenə də öz sınanılmış liderinə səs verib. Ancaq inanırıq ki, sabah, o biri gün və ya nə zamansa prezident seçkiləri keçirilsə, xalqın seçimi yenə də “dəmir yumruğ”un sahibi İlham Əliyev olacaq.

İttifaq MİRZƏBƏYLİ

Siyasət