Erməni lobbisi protestant keşişin ümidinə qalıb

post-img

Xaricdəki erməni diaspor təşkilatlarının və lobbisinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ölkəmizə qarşı təzyiqi gücləndirdikləri faktdır. Onlar hər vəchlə noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək bu mötəbər tədbiri gözdən salmağa çalışırlar. Amma bu zaman nəzərə almırlar ki, forumun məkanı Azərbaycan olsa da, özü BMT-nin tədbiridir. Ətraf mühitin mühafizəsi sahəsində dünyanın ən böyük və əlamətdar tədbiri olan bu forum Bakıda on minlərlə qonağı, o cümlədən, müxtəlif səviyyəli ekspertləri, dövlət və hökumət başçılarını, digər orqanların nümayəndələrini, qlobal şirkətlərin təmsilçilərini bir araya gətirəcək.

Digər tərəfdən burada söhbət iqlim dəyişikliyi kimi, bütövlükdə, planeti təhdid edən vacib məsələdən gedir. Amma, yox, onlar hər şeyi göz önünə almağa hazırdırlar. Təki tədbir Azərbaycanda yüksək səviyyədə keçirilməsin, onun iştirakçılarının sayı az, əsassız tənqid səsləndirənlərin, beynəlxalq mediada COP29-u qaralayan yazıların sayı çox olsun. Anti-Azərbaycan cəbhəsinin “döyüşçüləri” bu məqsədə nail olmaq üçün hər kəsdən yararlanmağa çalışırlar. Onların son olaraq xidmətindən istifadə etdikləri amerikalı pastor (protestant kilsələrində keşiş–S.H.), “Well Versed Word”ün yaradıcısı Cim Qarlou olub.

Anti-Azərbaycan dairələr tərəfindən hazırlandığı və altına C.Qarlounun imzasının qoyulduğu şübhə doğurmayan açıqlamada deyilir: “Bir pastor kimi, mən ABŞ-dəki bütün xristianları Azərbaycanda keçiriləcək COP29-u boykot etməyə və bu konfransın yerinin dəyişdirilməsini tələb etməyə çağırıram”. O, dərhal bu çağırışı etməsinin səbəbini izah etməyə çalışıb. Məsələ yenə də 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin və 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərinin üstünə gəlib çıxıb. Yenə də köhnə bayatılar zümzümə edilib. Burada açar sözlər “etnik və dini təmizləmə”, “erməni mülki şəxslərin və siyasi liderlərin əsirlikdə saxlanılması”, “Ermənistanla sülh sazişinin imzalanmaması” və sairdir.

Təbii ki, diqqətli oxucu söhbətin nədən getdiyini dərhal başa düşəcək. Pastor isə bir qədər də irəli gedərək deyib: “Azərbaycan tərəfi öz torpağında etnik və dini təmizləmə siyasətini davam etdirdiyi bir vaxtda, guya, erməni xalqı ilə sülh prosesi ilə məşğuldur. Biz onların xoş niyyətlə sülh danışıqları apardıqlarına qətiyyən inanmırıq. Bu proses davam edərkən Azərbaycan erməni mülki şəxsləri və siyasi liderləri əsirlikdə saxlayır. Təxminən, 50 il pastor və siyasi şərhçi təcrübəsinə malik biri kimi mən Birləşmiş Ştatlardakı bütün xristianları bu konfransı boykot etməyə və ən pis halda tədbirin keçiriləcəyi məkanın dəyişdirilməsini tələb etməyə çağırıram. Beynəlxalq ictimaiyyət bu konfransda iştirak etməkdənsə, məhbusların geri qaytarılmasını və Artsax qaçqınlarının sülh və əmin-amanlıq içində öz sevimli vətənlərinə (?) qayıtmalarını tələb etməlidir”.

Bəli, COP29 kimi irimiqyaslı tədbirin keçirilməsi evsahibi ölkə üçün qürur mənbəyi olmaqla yanaşı, həm də təşkilati və intellektual resursların səfərbər edilməsini tələb edən nəhəng çağırışdır. Lakin göründüyü kimi, forumun keçirilməsi ilə bağlı bütün problemləri həll edərkən ölkəmiz siyasi xarakterli əlavə çağırışla üzləşib. Bu ilin iyun ayından ölkəmizə qarşı qara piar kampaniyasına start verən qüvvələr son günlər daha da fəallaşıblar. Onların düşmənçilik hərəkətləri müxtəlif üsullarla həyata keçirilir, lakin daha populyar olan qərəzli yazıların yazılmasıdır. Bu da təsadüfi deyil. Çünki media olduqca güclü silahdır.

Ümumiyyətlə, anti-Azərbaycan şəbəkənin bu kampaniyasının istər erməni əsilli, istərsə də ermənipərəst mövqedən çıxış edən şəxslər tərəfindən həyata keçirildiyini müəyyən etmək çətin deyil. Onlar sistematik olaraq dünya ictimaiyyətini siyasi səbəblərə görə COP29-u boykot etməyə çağırırlar. Kampaniyanın əsas məqsədləri ölkəmizin nüfuzunu aşağı salmaq, imicini ləkələmək, COP29-un Bakıda keçirilməsinin qarşısını almaq, konfransdan Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək, ələlxüsus, istintaq altında olan Qarabağdakı keçmiş separatçı rejimin “qlavarlar”larını, başqa sözlə desək, sülh və insanlıq əleyhinə cinayətlər törədənlərin azad edilməsinə nail olmaqdır.

Pastor C.Qarlounun fikirlərinə gəldikdə isə xatırlatmaq yerinə düşər ki, hazırda istintaq təcridxanalarında saxlanılan və barələrində ədalət mühakiməsinin çıxaracağı hökmü gözləyən həmin şəxslər 1992–2020-ci illərdə Ermənistanın işğalı zamanı Azərbaycanın Qarabağ bölgəsinin ərazisində törətdikləri cinayətlərə görə ittiham olunurlar. Bu ittihamlara təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması və ya başlanması, silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn pozulması, silahlı münaqişə zamanı hərəkətsizlik və ya cinayət əmri vermək, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, bu məqsədlə təlimlərin keçirilməsi, qəsdən adam öldürmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması daxildir.

Uzun illər ərazilərimizdə separatçılıqla məşğul olmuş, qondarma rejim yaratmış, minlərlə soydaşımızın ölümünə, yaralanmasına, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuş, təbii sərvətlərimizi talamış, soyqırımı, urbisid, kultursid... törətmiş separatçı rejim başçılarının cəzasız qalması əbədi davam edə bilməzdi. Onlar bu cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılıblar, əgər təqsirləri istintaq və daha sonra məhkəmə orqanları tərəfindən sübuta yetiriləcəksə, qanun çərçivəsində cəzalandırma olacaq. Məsələ bu qədər açıq-aydın olsa da, dünya erməniləri, onların pulla ələ aldığı şəxslər cəzasızlıq mühiti yaratmaq istəyi ilə həbs olunanları geri qaytarmaq üçün var güclə hərəkətə keçiblər.

Amma biz onların arzu və istəklərini ürəklərində qoyacağıq. Elə bu günlərdə qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyanın, Bako Saakyanın, Arayik Arutyunyanın, sabiq “xarici işlər naziri” David Babayanın, eləcə də “parlament sədri” David İşxanyanın, general David Manukyanın və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Baş Prokurorluğun İstintaq İdarəsinin vəsatətlərinə və baş prokurorun təqdimatlarına Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılıb. Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Dünən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin oktyabrın 12-də keçirilmiş “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı dediklərinə münasibəti də ölkəmizin bu məsələdə geri addım atmayacağının daha bir göstəricisi oldu. A.Hacızadə qeyd etdi ki, Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi gülüncdür. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı öhdəliyə malik deyil.

Politoloq Yeganə Hacıyeva XQ-yə açıqlamasında bildirdi ki, anti-Azərbaycan cəbhəsi ölkəmizin adı ətrafında müxtəlif dezinformasiyalar yaymaqla, insan hüquqlarının durumunun pis olması görüntüsünü yaratmaqla beynəlxalq aləmdə bizə qarşı təzyiqləri artırmağa çalışır. Aparılan davamlı təbliğatda əsas hədəf kimi COP29-un ölkəmizdə keçirilməsi seçilib: “Bunun da bir neçə izahı var. Azərbaycanın təqdimatında COP29 çərçivəsində iqlim təşəbbüslərinin yerli və beynəlxalq səviyyədə siyasi, iqtisadi və sosial iştirakçılıqla stimullaşdırılması aparılır. Daha öncəki bu tip tədbirlərdən fərqli olaraq yerli və beynəlxalq təcrübənin öyrənilməsi, iqlim dəyişikliyinin fəsadlarını önləyəcək faydalı təşəbbüslərin meydana çıxarılması prosesi həyata keçirilir. COP29-un əvvəlki tədbirlərdən fərqi mütərəqqi nümunə olmasıdır”.

Ekspert qeyd etdi ki, ölkəmizə hücumlarda informasiya diversiyalarına böyük önəm verilir. Bu hücümlar müxtəlif müstəvilərdə həyata keçirilir. Bu, COP konfranslarına yönəlmiş ən aqressiv hücum kimi də qiymətləndirilməlidir.

Onu da bildirək ki, anti-Azərbaycan dairələrin fəaliyyətinin nəticəsi olaraq, Norveçin baş naziri Yonas Qar Störenin COP29-da iştirakdan imtina etməsinə dair məlumat yayılıb. Bu isə suallar doğurmaya bilməz, çünki Norveç dünyanın ən böyük neft-qaz hasil edən ölkələrindən biridir. Ətraf mühitin və iqlimin qorunmasında belə dövlətlərin iştirakı vacibdir. Nəzərə almaq lazımdır ki, iqlim dəyişikliyi bütün dünya ölkələrinə təsir edir. Üstəlik, Norveçin özündə hələ də həllini tapmayan bir çox ekoloji problemlər var. Yonas Qar Störenin COP29-da iştirakdan imtinası da siyasi qərardır. Onun bu qlobal sammitə qatılmaq istəməməsi deməyə əsas verir ki, baş nazir planetin gələcəyi naminə işləmək və öz ölkəsinin ekologiyasını yaxşılaşdırmaq imkanından özünü kənara çəkir. Çünki iqlim dəyişikliyi ilə bağlı ən mühüm qərarlar COP29-da qəbul olunacaq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bununla bağlı bildirdi ki, Norveç təmsilçiləri COP29-da iqlim dəyişikliyi ilə bağlı baxışlarını beynəlxalq aləmə tanıtmaq imkanından özlərini məhrum etdilər. Onun sözlərinə görə, hansısa ölkə, o cümlədən Norveç iqlim dəyişikliyi ilə bağlı keçiriləcək tədbirə qatılmırsa, bu, həmin dövlətin seçimidir: “Norveçin tədbirə qatılmamasının iki səbəbi ola bilər. Birinci səbəb siyasidir. Yəni, Norveçin Azərbaycanla münasibətlərə önəm verməməsidir. Bu şimal dövləti bir neçə il əvvəl Bakıdakı səfirliyinin fəaliyyətini də dayandırmış, onun ən böyük neft şirkəti olan “Statoil” “Əsrin müqavilə”sindəki payını satmışdı. İkinci səbəb Oslonun iqlim dəyikliyi mövzusu ilə maraqlanmamasıdır. Əgər Norveçin COP29-a qatılmaması Azərbaycanın siyasəti ilə bağlıdırsa, bu, məntiqi yanaşma deyil. Çünki Bakı toplantıya sadəcə evsahibliyi edir. Tədbir BMT-nin tədbiridir, onun himayəsi altında keçirilir”.

E.Şahinoğlunun sözlərinə görə, belə çıxır ki, Norveç BMT tədbirini saymır. Halbuki, bölgənin əsas neft və qaz istehsalçılarından biri olan Norveç özü iqlim dəyişikliyi mövzusuna maraq göstərməlidir. Çünki Avropada ən çox neft və qaz hasil edən, ekologiyaya zərbə vuran, kontinenti çirkləndirən ölkə Norveçdir: “Norveç milyardlarla vəsait qazanır, amma ekologiya, iqlim dəyişikliyi probleminə etinasız yanaşır. Oslo təmsilçiləri bu addımı atmaqla COP29-da iqlim dəyişikliyi ilə bağlı baxışlarını beynəlxalq aləmə tanıtmaq imkanından özlərini məhrum etdilər”.

Səxavət HƏMİD
XQ





Siyasət