Paşinyanın “eks ovu” davam edir
İlahi ədalət. Ermənistanın ikinci prezidenti Robert Köçəryanla bağlı məhkəmə təqibini belə qiymətləndirmək olar. Məsələ heç də onda deyil ki, ona qarşı irəli sürülmüş ittiham doğru və ya yanlışdır, sifarişli və ya qərəzlidir. Başlıca məqam ondadır ki, Xocalı qatili, əli minlərlə azərbaycanlının qanına batmış erməni cəlladı, necə deyərlər, payını alır. Əsas məsələ bu məxluqun ömrünü dəmir barmaqlıqlar arasında çürütməsidir. Hərçənd, bu qərarın da onun törətdiyi əməllərə görə adekvat olduğunu düşünmürük.
Məsələ bundadır ki, ötən ay Ermənistanın Kassasiya məhkəməsinin korrupsiyaya qarşı mübarizə palatası eks-prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digər sabiq vəzifəli şəxslərin ittiham olunduğu cinayət işi (Cinayət Məcəlləsinin 300.1-ci maddəsi) üzrə çıxarılmış qərarı dərc edib. Eyni zamanda, adları çəkilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməsi barədə əvvəlki məhkəmə qərarı ləğv edilib. Bir qədər təfsilatı ilə desək, Kassasiya məhkəməsi bəyan edib ki, hazırkı şəraitdə birinci instansiya məhkəməsinin Robert Köçəryan, Seyran Ohanyan, Armen Gevorkyan və Yuri Xaçaturov barəsində başlanmış cinayət təqibinə xitam verilməsi barədə qərarı qanunsuzdur.
Yəni, sabiq dövlət başçısı və digər şəxslərə aid edilən hərəkətlərdə Cinayət Məcəlləsinin başqa maddəsi ilə nəzərdə tutulmuş cinayət əlamətlərinin olduğu nəzərə alınaraq, işə Korrupsiyaya qarşı mübarizə məhkəməsində baxılacaq. Deməli, ekslər məhşər ayağına çəkilir. Bu, öz yerində. Maraqlısı Köçəryanın başına gələnlərə həyasızcasına verdiyi reaksiyadadır.
Beləliklə, R.Köçəryan özünün həm baş nazir, həm də prezident postunu tutduğunu və bu vəzifələrin heç də şirin olmadığını bildirib. Bu deyimdə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana qarşı subliminal ittiham mesajı var. Çünki Köçəryan deyib ki, vəzifənin şirinliyi barədə qənaətə yalnız görməmiş insanlar gələ bilərlər: “Bu, onların son arzusu olacaq”, – deyən eks-prezidentin sözlərinə görə, 2008-ci il aprelin 9-dan indiyədək siyasətlə məşğul olmayıb, amma 2018-ci ildə siyasət onu narahat etməyə başlayıb. Yəqin, fərqinə vardınız ki, Köçəryan Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ili nəzərdə tutur: “Ölkə elə təhlükə altında idi, elə fəlakətlər oldu ki, bütün bunlar məni siyasətə qayıtmağa məcbur etdi. Bu təhlükələr aradan qalxana qədər mənim və mənim komandamın siyasətlə məşğul olmaq hüququ var”.
Məsələ ondadır ki, Köçəryan, həqiqətən, 2018-ci ildən aktiv siyasətdədir. Ona qədər isə buna ehtiyac duymayıb. Çünki cinayət ortağı Serj Sarkisyan prezident postunda idi. Yəni, ölkə Paşinyan hakimiyyətə gələnədək, bu tandemin şəxsi mülkünə çevrilmişdi. Deməli, Robertin siyasət səhnəsində xüsusi canfəşanlığına ehtiyac duyulmurdu. Paşinyan hakimiyyətə gəlməsəydi, böyük ehtimalla Sarkisyan yerini Köçəryana verəcəkdi və “Qarabağ klanı” deyilən qatil qruplaşma Ermənistanın hakimiyyət səhnəsini zəbt etmiş durumda qalacaqdı. Lakin Nikol hər şeyi alt-üst etdi və həmin gündən həm Köçəryanın, həm də Sarkisyanın qara günləri başladı.
Bəli, Köçəryan hazırda qara gün yaşayır ki, indiyədək baş vurmadığı ucuz populizmi işə salır. Guya ki, siyasətlə məşğul olur və guya, siyasi fəaliyyətinə görə təqiblərə məruz qalır. O, istəyir ki, özü ətrafında şou yaratsın. Bu səbəbdən deyir ki, barəsindəki məhkəmə çərçivəsində yaşananlar absurd janrına aid məsələlərdir. Heç şübhəsiz, Köçəryan absurddan baş çıxaracaq qədər yetkindir, çünki hakimiyyət postunda olarkən, məhz buna üstünlük verib.
Yeri gəlmişkən, qeyd edək ki, R.Köçəryan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın istefasından sonra 1998-ci ildə hakimiyyətə yiyələnib və on il ölkəyə rəhbərlik edib. Maraqlı məqam isə ondadır ki, o, prezident postuna əyləşəndə bu vəzifə o qədər də dividendli deyildi. Çünki Ermənistanın siyasi quruluşu elə idi ki, ölkənin baş naziri və parlament sədri daha səlahiyyətli mövqe tuturdu. Köçəryan isə yerini onların qətlə yetirilməsi nəticəsində möhkəmləndirdi. Söhbət 1999-cu ilin parlament terrorundan gedir. Həmin terror nəticəsində spiker Karen Dəmirçyan və baş nazir Vazgen Sarkisyan başda olmaqla, 8 nəfər öldürüldü. O adamlar ki, Azərbaycanla sülhün tərəfdarı idilər və bunun üçün güzəştlərə getmək niyyətlərini açıqlamışdılar. Köçəryanın prezident postunda möhkəmlənməsi ilə siyasi səhnəyə reallıq hissini itirmiş, tamamilə Rusiyadan asılı olan tam bir əndazəsiz Ermənistan atıldı və uzun müddət Azərbaycanla danışıqlar prosesində manipulyasiyalara yol verdi...
Əlqərəz, hazırda, necə deyərlər, Köçəryanın quyruğu qapı arasındadır və açır sandığı, tökür pambığı. Məsələn, o bildirir ki, özü ilə bağlı iş üç il Konstitusiya məhkəməsində olub. “Konstitusiya məhkəməsinin tərkibinin dəyişdirilməsi əməliyyatı başa çatıb. Sonra Konstitusiya məhkəməsi çox qəribə qərar verib. Belə desək, 3 il davam edən əməliyyat hazırlanıb”, – deyən eks-prezidentin sözlərindən belə çıxıb ki, Paşinyan iqtidarı əvvəlcə Konstitusiya məhkəməsinin tərkibinin dəyişdirilməsinə girişib və prosesi üç ilə həll edib. Göründüyü kimi, o, Ermənistanın hazırkı hüquq sisteminin bərbadlığını da ortaya qoyub.
İkinci prezident Korrupsiyaya qarşı mübarizə məhkəməsindəki işə toxunaraq bunları vurğulayıb: “Hər şey açıq olacaq. Bu məhkəmədə harada oturduğumu gördünüzmü? Məncə, bu iş həllini tapmaq üçün bu formada məhkəməyə təqdim edilib. Lakin indiki vəziyyətdə sadəcə olaraq hüquqi həll yoxdur. Hakim prosesi necə aparacaq, bilmirəm. Gözləyək, hakimin adından danışa bilmərəm. Əgər cəsarəti çatırsa, işdən əl çəksin”.
Korrupsiyaya qarşı mübarizə məhkəməsində aparılan iş üzrə təyin olunmuş hakimin əvvəllər iqtidarda olan “Vətəndaş sazişi” partiyasının üzvü olmasına toxunan R.Köçəryan vurğulayıb ki, bu məhkəmə iclası davam edərsə, hakimin ondan imtina etməsi üçün vəsatət veriləcək. “Yenidən həbs olunacağınızdan qorxmursunuzmu?” sualına isə R.Köçəryan belə cavab verib: “Mənim belə şeylərdən qorxmadığımı görmürsünüz?”.
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti “İndi ədalət varmı?” sualına “Ədalət varmı?” sualı ilə cavab verərək deyib ki, il yarımdan çoxdur qeyri-qanuni, mövcud olmayan bir maddə ilə həbs olunub və hələ də nə prokurorluq, nə də başqa qurum ondan üzr istəyib: “Üstəlik, hansısa məqsədlə, hiylə işlətməklə bu işi yenidən məhkəməyə qaytarmağa davam edirlər. Baş verənlər hüquqi dələduzluqdur. Özü də təkcə bu işlə bağlı deyil. Siz həbslərin və siyasi təqiblərin sayını görürsünüz”.
Əlbəttə, R.Köçəryan oxu atıb yayı gizlətməklə məşğuldur. Əslində, o, bir sıra həqiqətləri dilə gətirir, yaxud onlar barədə eyham şəklində danışır. Eks-prezidentin “hansısa məqsədlə” məntiqi bundan xəbər verir. Durum ondan ibarətdir ki, baş nazir N.Paşinyan administrasiyası Ermənistan üçün çətin vəziyyətlərdə ekslərə yüklənmək təbiətinə malikdir. Ölkədəki vəziyyətdəki ənənəvi gərginlik bir qədər əndazədən çıxan kimi, hazırkı erməni iqtidarı diqqəti Ermənistanın keçmiş rəhbərlərinə yönəldir. Ona görə ki, Nikol və tərəfdarları bu kəsimin xalq içərisində nifrət və hiddət qazandığını bilir. Onlar qəzəbi körükləməklə, diqqəti öz yarıtmazlıqlarından yayındırırlar. Heç şübhəsiz, indi də eyni vəziyyətdir. Digər tərəfdən, Paşinyan hakimiyyəti ömrünü ekslərin yenidən hakimiyyətə yiyələnmə ehtimalı ilə sürdürür. Ona görə də istər Köçəryanı, istərsə də Sarkisyanı daimi təzyiq altında saxlayır. Nikol və komandası yaxşı anlayır ki, bu iki şəxs Rusiyanın Ermənistandakı maşalarıdır. Ona görə də anti-Rusiya ritorikasına baş vuranda onları “yada salır”. Heç şübhəsiz, Köçəryanla bağlı hazırkı məhkəmə oyunu da bunun nəticəsidir.
Sonda onu deyək ki, 2018-ci ildə İrəvanın birinci instansiya məhkəməsi Ermənistan istintaq xidmətinin vəsatətini təmin edərək, R.Köçəryan barəsində həbs qətimkan tədbiri seçmişdi. Köçəryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunmuşdu.Bu maddə üzrə 10 ildən 15 ilədək həbs cəza tədbiri nəzərdə tutulur. 2019-cu ildə isə Ermənistan xüsusi istintaq xidməti (XİX) tərəfindən R.Köçəryana qarşı yeni ittiham "xüsusilə böyük məbləğdə rüşvət alma" maddəsi üzrə ittiham irəli sürülmüşdü.
Ə.RÜSTƏMOV
XQ