1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakının siyasi təsirindən kənarda qalan yeganə ərazi Naxçıvan idi. Bu bölgənin statusunun müəyyənləşməsi ərəfəsində onun ictimai-siyasi vəziyyəti çox mürəkkəb idi.
Bir tərəfdən, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində gərginliyin davam etməsi, digər tərəfdən, Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında gedən pərdəarxası oyunlar Naxçıvanın Azərbaycan SSR-in tərkibində qalmasının qəti həllini uzadırdı. Azərbaycanın bolşevik rəhbərliyinin Moskvanın diktəsinə tabe olduğu şəraitdə Rusiya–Ermənistan sövdələşməsinə qarşı mübarizədə Naxçıvan əhalisinin güvəndiyi yeganə qüvvə
1920-ci ilin iyun ayından bölgədə yerləşən türk qoşunları idi.
1920-ci ilin noyabrında Bakıda olmuş Rusiyanın bolşevik hökumətinin milli işlər üzrə komissarı İosif Stalin Naxçıvanı, eləcə də Zəngəzuru Ermənistanın sovetləşdiriləcəyi təqdirdə ona verməyi vəd etmişdi. Ermənistan sovetləşəndən sonra bu planın həyata keçirilməsinə başlandı.
1920-ci il noyabrın 30-da Ermənistanda sovet hakimiyyətinin qurulması münasibətilə AK (b)P MK siyasi və təşkilat bürolarının birgə iclasında Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsi barədə qərar qəbul olundu.
Həmin qərar Nəriman Nərimanovun 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında söylədiyi nitqində təsdiq olundu. Bundan əlavə, 2 dekabr 1920-ci ildə sovet Rusiyası ilə sovet Ermənistanı arasında bağlanmış sazişə görə, Moskva İrəvan quberniyasının bütün ərazilərini, o cümlədən, Naxçıvan rayonunu sovet Ermənistanın ərazisi kimi tanımışdı. Beləliklə, Azərbaycanın Türkiyə ilə birbaşa sərhədinin itirilməsi təhlükəsi yaranmışdı.
Bu və digər ziddiyyətləri aradan qaldırmaq üçün 1921-ci ilin fevral–mart aylarında Moskvada konfrans çağırılmışdı. Nəticə olaraq, 1921-ci ilin martın 16-da imzalanmış Sovet–Türkiyə müqaviləsinin 3 bəndinə əsasən, Naxçıvana, gələcəkdə bu ərazinin üçüncü tərəfə verilməməsi şərtilə, Azərbaycan SSR-in protektoratı altında muxtariyyət verilmişdi. 1921-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi şəraitində Naxçıvanın muxtariyyəti Azərbaycana Türkiyə ilə kiçik də olsa sərhədin saxlanmasına imkan vermişdi.
16 mart 1921-ci il tarixli Sovet–Türkiyə Moskva müqaviləsinin müddəalarını həyata keçirmək və Türkiyənin Cənubi Qafqazın 3 sovet respublikası ilə münasibətlərini tənzimləmək üçün yeni konfransın çağırılmasına ehtiyac yaranmışdı. Moskva ilə Ankara arasındakı fəal diplomatik yazışmalar nəticəsində Qars bu konfransın keçirildiyi yer seçilmişdi.
Qars konfransı ərəfəsində Sovet Rusiyası Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilənin imzalanmasına çalışırdı. Ermənistan isə 3 Cənubi Qafqaz respublikasının iştirakı ilə gələcək konfransın Moskva razılaşmasının davamı olacağını anlayaraq ərazi məsələləri ilə bağlı maddələri təftiş edirdi. Belə ki, 15 aprel 1921-ci ildə Ermənistan SSR xalq xarici işlər komissarı, Moskva konfransında erməni nümayəndə heyətinin rəhbəri Aleksandr Bekzadyan RSFSR Xarici İşlər Komissarlığına və RK (b) P Mərkəzi Komitəsinə geniş bəyanatla müraciət etmişdi.
Bekzadyan Moskva müqaviləsinin Ermənistanın milli maraqlarına qarşı olduğunu qeyd etmiş, guya, “Sovet Ermənistanı hesabına türklərə güzəştləri” bəyənməmişdi. A. Bekzadyan bəyanatda Naxçıvan və Şərur–Dərələyəzə dair ciddi iddialar irəli sürmüşdü: “ Naxçıvan və Şərur–Dərələyəz məsələsində Rusiya nümayəndə heyəti öz mövqelərini müdafiə etməkdə lazımi əzmkarlıq göstərmədi və türk nümayəndə heyətinə bu ərazilərin müsəlman əhalisinin himayədarı kimi çıxış etməyə icazə verdi”.
Ermənistanın xarici işlər komissarı hesab edirdi ki, konfransda Naxçıvan və Şərur–Dərələyəz məsələlərinin həlli ilə bağlı qəbul edilmiş qərarlar, guya, Ermənistanı “ona məxsus olan Zəngəzuru normal idarə etmək imkanından” məhrum edir. Ermənistan tərəfi Türkiyənin şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Naxçıvana muxtariyyət verilməsi məsələsində Türkiyənin təminatçı kimi çıxış etməsinin Sovet Ermənistanına qarşı yönəldiyini bəyan edirdi.
Bəyanatda vurğulanırdı ki, guya, türklərə ərazilərin verilməsi erməni xalqına və bolşeviklərin elan etdiyi millətlərin öz müqəddəratını təyinetmə prinsipinə ağır zərbə vurmuşdur. A. Bekzadyanın bu etiraz bəyanatından sonra Ermənistan K(b)P Mərkəzi Komitəsi 1921-ci il mayın 16-da keçirilmiş plenumunda Ermənistan xalq xarici işlər komissarının Ermənistan nümayəndə heyətinin Rusiya–Türkiyə danışıqlarında iştirakı ilə bağlı məruzəsini dinləmiş və onun fəaliyyətini bəyənmişdi.
A.Bekzadyanın RK(b)P Mərkəzi Komitəsinə və RSFSR XXİK-na yazılı müraciətindən əsəbiləşən sovet Rusiyasının xalq xarici işlər komissarı Georqi Çiçerin 21 aprel 1921-ci ildə Ermənistanın sovet Rusiyasındakı səlahiyyətli nümayəndəsi Saak Ter-Qabrielyana məktubla müraciət edərək ittihamları əsassız saymış və qeyd etmişdir ki, erməni nümayəndə heyəti danışıqlar prosesindən xəbərdar olub, lakin danışıqlar aparılarkən onlar heç vaxt etirazla çıxış etməyiblər.
Çiçerin Moskva danışıqlarında güzəştlərin qarşılıqlı olduğunu və RK (b)P Mərkəzi Komitəsinin qərarı ilə edildiyini xüsusi qeyd edərək, bunlar barədə Bekzadyanın əvvəlcədən məlumatlandırıldığını qeyd etmişdir. A.Bekzadyanın yazılı müraciətində günahı Rusiya nümayəndə heyətinin üzərinə atmaq və özünü bütün məsuliyyətdən azad etmək cəhdləri isə G.Çiçerini xüsusilə qəzəbləndirmişdi.
7 may 1921-ci ildə Tiflisdə Cənubi Qafqaz respublikalarının nümayəndələrinin birgə iclasında Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilənin imzalanması barədə qərar qəbul edilmişdi. Bu qərara əsasən, gələcək Qars danışıqlarının və müqaviləsinin əsasını 16 mart 1921-ci il tarixli Rusiya–Türkiyə müqaviləsi təşkil etməli idi.
AK(b)P MK siyasi bürosunun 26 avqust 1921-ci il tarixli qərarı ilə Behbut Şahtaxtinski Qars konfransında Azərbaycan SSR-in səlahiyyətli nümayəndəsi təyin edilmişdi. Maraqlıdır ki, əvvəlcə Ermənistan nümayəndə heyəti Türkiyə hökumətinin konfransa rəsmi dəvətini almamışdı. Ankara hesab etmişdi ki, Ermənistanın sovet höküməti daşnak hökumətinin Türkiyə ilə 2 dekabr 1920-ci il tarixində imzalanmış Aleksandropol (Gümrü) müqaviləsini tanımadığından konfransda iştirak təşəbbüsü və yeni müqavilə təklifi İrəvandan gəlməlidir.
Buna görə RSFSR xaql xarici işlər komissarı G. Çiçerin Ermənistan SSR-in yeni xalq xarici işlər komissarı Askenaz Mravyana teleqram göndərərək konfransda iştirak etmək üçün “istək ifadəsi” ilə Türkiyə hökumətinə müraciət etməyi tövsiyə etmişdi. 24 avqust 1921-ci ildə Ermənistanın xalq xarici işlər komissarı A.Mravyan “böyük qardaşın” məsləhətini nəzərə alaraq Türkiyənin xarici işlər naziri Yusuf Kamal bəyin adına nota göndərmişdi. Nəticədə, Yusuf Kamal bəy avqustun 30-da Qarsda keçiriləcək konfransda iştirak etmək üçün erməni nümayəndə heyətinə dəvət göndərmişdi.
Qars konfransı 26 sentyabr–13 oktyabr 1921-ci ildə keçirildi. Konfransın stenoqrafik hesabatlarının və iclas protokollarının təhlili göstərir ki, buradakı danışıqlar prinsipiallığı və kəskin diskussiyaları ilə fərqlənmişdi. Türkiyənin Cənubi Qafqazın 3 sovet respublikası ilə ikitərəfli müqavilələr imzalamaq təklifi bir daha konfransda vasitəçi kimi iştirak edən və Cənubi Qafqaz respublikaları ilə Türkiyənin vahid müqaviləsinin tərəfdarı olan Sovet Rusiyası nümayəndələrinin müqavimətinə rast gəlmişdi. Uzun müzakirələrdən sonra 13 oktyabr 1921-ci ildə 20 maddə və 3 əlavədən ibarət Qars müqaviləsi imzalanmışdı.
Müqavilənin 2-ci bəndinə əsasən, tərəflər onlardan birinə zorla qəbul edilməsinə məcbur ediləcək sülh müqavilələrini və ya digər beynəlxalq aktları tanımamaq barədə razılığa gəlmişdilər. Beləliklə, Ermənistan əvvəllər imzalanmış Moskva müqaviləsinə tamamilə müstəqil şəkildə qoşulmuşdu və erməni tarixçilərin bu gün təqdim etmək istədikləri kimi o, buna məcbur edilmədi. Özü də Türkiyəyə aid və Türkiyə Böyük Millət Məclisi tərəfindən tanınmayan beynəlxalq aktları tanımamaq öhdəliyini öz üzərinə götürmüşdü. Bu, ilk növbədə, 10 avqust 1920-ci il tarixli Sevr müqaviləsinə aid idi (Osmanlı imperiyası ilə Antanta arasında bağlanmış bu müqaviləyə əsasən bir sıra Şərqi Anadolu torpaqları Ermənistana verilməli idi.
Qars müqaviləsinin 5-ci bəndinə əsasən, Türkiyə, sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılaşmışdılar ki, Naxçıvan vilayəti bu müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edəcək. Lakin Moskva müqaviləsindən fərqli olaraq, təklif olunan mətndə Azərbaycanın Naxçıvanı heç bir üçüncü tərəfə güzəşt etmək hüququnun olmadığı fikri yox idi. Eyni zamanda, müqavilədə onun qüvvədə olma müddəti barədə heç nə deyilməmişdi, onun altında Naxçıvanı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyan Sovet Ermənistanının imzası var idi.
Qars konfransının yekunları erməni diasporunda birmənalı qarşılanmamışdı. Təbrizdə çap olunan “Ayg” qəzeti 13 noyabr 1921-ci il tarixli sayında “Pərdə götürülüb” adlı məqaləsində yazmışdı: “Qars rus-türk müqaviləsi, nəhayət, erməni məsələsi üzərinə xain bolşeviklərin və xalqını satan erməni kommunistlərin bu qədər hiyləgərcəsinə örtdüyü pərdəni götürdü. Kiçik Naxçıvanı kamalçıların caynaqlarından belə çıxara bilmədilər”. Məqalədə Qars müqaviləsinin təkcə Ermənistan deyil, Rusiyanın özü üçün də heç bir şey vermədiyi və guya, “türk qoşunlarının Moskvaya girərək məğlub olmuş Rusiyaya sülh şərtlərini diktə etdiyi” qeyd edilirdi.
Qnçak partiyasının orqanı olan “Jogovurdi-Zain” qəzeti isə 6 noyabr 1921-ci il tarixli sayında yazmışdı: “Qars müqaviləsi gələcəkdə, ümumiyyətlə, Qafqazın və xüsusən də Ermənistanın fəthi üçün ilkin şərtlər hazırlamaq məqsədi daşıyır. Əhalisinin yarısını müsəlmanlar təşkil edən Qars rayonunu Ermənistan sərhədlərindən uzaqlaşdırmaq və muxtar Naxçıvanla birlikdə Azərbaycanın himayəsi altında bufer yaratmaq, beləliklə, erməni Qarabağı və Zəngəzuru metropolidən ayırmaqdır.
Erməni daşnaklarının “Çakatamart” qəzeti 6 dekabr 1921-ci il tarixli sayında “Ermənistandakı vəziyyət” adlı məqaləsində qeyd edirdi ki, “yalnız tatarlar Qars konfransının qərarından razı qaldılar”.
Qars müqaviləsinin imazalanmasına baxmayaraq onun ratifikasiya edilməsi xeyli yubadılmışdı. Bunu bolşeviklər Cənubi Qafqaz federasiyasının yaradılması ilə izah etməyə çalışmışdılar. Türkiyə üçün isə müqavilənin, xüsusilə, sovet Ermənistanı tərəfindən daha tez ratifikasiya edilməsi böyük siyasi əhəmiyyət kəsb etmirdi.
Azərbaycan SSR-nin Türkiyənin Ankara hökuməti yanında səlahiyyətli nümayəndəsi İbrahim Əbilovun 1922-ci ilin yanvar ayının 26-da Anakara hökumətinin Qars konfransında nümayəndə heyətinin rəhbəri olmuş Yusuf Kamal bəy ilə keçirdiyi görüş, əsasən, Qars müqaviləsinin ratifikasiyası ilə bağlı olmuşdu. Cənubi Qafqaz federasiyasının yaradılması haqqında Yusuf Kamal bəyin sorğusuna cavab olaraq İ.Əbilov bu barədə müfəssəl məlumatının olmadığını, lakin əgər bu federasiya yaranarsa, onun Türkiyəyə münasibətinin dəyişməyəcəyini bildirmişdi.
Yusuf Kamal bəy isə Qars müqaviləsinin yubanması və bununla bağlı millət vəkillərinin suallarına cavab verə bilməməsinin onu narahat etdiyini bildirmişdi: “Siz indi bəyan etdiniz ki, müqavilə ümumittifaq şura konfederasiyası yarandıqdan sonra təsdiq ediləcək. Sizə deməliyəm ki, Qars konfransı zamanı federasiya və buna müvafiq olaraq, onun vahid nümayəndəliyinin olmaması kimi hər hansı bir səbəb bizi təmin etmir. RSFSR ilə müqavilə bağlamaq üçün Moskvaya gedərkən, biz yolüstü Azərbaycan, sonra Gürcüstan və nəhayət, Ermənistanla müqavilə bağlamaq fikrində idik... Sonra Moskvada bizə dedilər ki, siz bu respublikaların hər biri ilə ayrılıqda deyil, eyni zamanda, üçü ilə də bir yerdə müqavilə bağlamalısınız. Bizim üçün yalnız bir yol qalırdı: bununla razılaşmaq. Lakin biz Qarsda ittifaq federasiyasının ümumi nümayəndəliyi ilə deyil, Azərbaycan, Gürcüstan və Ermənistan Sovet Respublikasının ayrı-ayrılıqda müstəqil nümayəndələri ilə əlaqədə olduq”.
İ.Əbilov Yusuf Kamal bəyi inandırmağa çalışmışdı ki, “müqavilənin ayrı-ayrı respublikalar və ya ittifaq soveti tərəfindən təsdiq edilməsinin elə bir fərqi yoxdur. Bu bir faktdır ki, Qars konfransında hər 3 respublika bir tərəf kimi çıxış edib. Bu müqavilə ayrı-ayrılqda təsdiq olunsa da doğrudur, ittifaq soveti tərəfindən bir yerdə təsdiq olunsa, yenə doğrudur”.
Belə olduqda, Yusuf Kamal bəy açıq danışmağa üstünlük vermiş və demişdi: “Müqavilənin Azərbaycan tərəfindən təsdiq edilməsi bizim üçün xüsusi bir tələskənlik və zərurət təşkil etmir. Bu bizi elə də çox maraqlandırmır və Gürcüstanla da belədir. Lakin müqavilənin Ermənistan tərəfindən ayrıca təsdiq ediməsi bizim üçün fövqəladə dərəcədə vacibdir və bizi çox maraqlandırır.
Sizə məlumdur ki, Şərq məsələsinə dair konfransa bizim də dəvət olunacağımız güman edilir. Sizə bu da məlum olmalıdır ki, erməni xadimlərinin Qərbdə apardığı işin və təbliğatın nəticəsində erməni məsələsi ətrafında müzakirələr və dedi-qodular gedir. Ona görə də İngiltərə və ya Amerikanın – bunun elə də fərqi yoxdur – erməni məsələsini qaldırması tamamilə mümkündür. Əgər həmin vaxt həm erməni daşnakları, həm də erməni kommunistləri ilə bağladığımız müqavilələr əlimizdə olsa, biz öz maraqlarımızın müdafiəsinə qalxa bilərik.
Əgər Qars müqaviləsi ayrı-ayrı Cənubi Qafqaz respublikası tərəfindən deyil, ittifaq soveti tərəfindən təsdiq edilsə, onda konfransda deyə bilərlər ki, bu erməni xalqının iradəsinin ifadəsi deyil, bu, Türkiyə və sovet Rusiyasının kənardan öz iradəsini zorla qəbul etdirməsi yolu ilə baş vermişdir. Beləliklə, siz görürsünüz ki, müqavilənin Ermənistan tərəfindən müstəqil ratifikasiyası bizim üçün fövqəladə dərəcədə mühüm və zəruridir.
Ona görə mən sizdən artıq dərəcədə xahiş edirəm, Qars müqaviləsinin hər bir respublika tərəfindən ayrılıqda ratifikasiya olunması və bu işin sürətləndirilməsi istiqamətində müvafiq qərar qəbul edilməsi üçün yoldaş Nərimanovla əlaqəyə girməkdən imtina etməyəsiniz”.
Yusuf Kamal bəyin bu açıq izahatından sonra İ.Əbilov demişdi: “Əgər bu məsələ həqiqətən sizi belə maraqlandırırsa, mən şəxsən yoldaş Nərimanovla əlaqəyə girib, ondan xahiş edərəm ki, ratifikasiya haqqında məsələni sizin üçün uyğun formada həll etməyə cəhd göstərsin”.
Bütün bunların nəticəsi olaraq, Qars müqaviləsi 1922-ci ilin mart ayının 3-də Azərbaycan, mart ayının 17-də Türkiyə Böyük Millət Məclisi, mart ayının 20-də Ermənistan və iyun ayının 14-də Gürcüstan hökuməti tərəfindən ayrı-ayrılıqda ratifikasiya edilmişdi.
Ümummilli lider Heydər Əliyev Naxçıvaının muxtariyyət statusunun beynəlxalq müqavilələrlə tənzimlənməsinin onun təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətini xüsusi qeyd etmişdir: “Naxçıvan Muxtar Respublikasının statusunun iki beynəlxalq müqavilə ilə təyin olunması təsadüfi bir şey deyil. Fikirləşmək lazımdır, nə üçün Naxçıvanın statusu beynəlxalq müqavilələrlə müəyyən olunubdur? Çünki o vaxtlar Naxçıvana göz dikənlər çox idi. Onun məhz Azərbaycanın tərkibində olmasını bir daha təsdiq etmək üçün o, belə beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. 1921-ci ilin mart ayında Moskva müqaviləsi və 1921-ci ilin oktyabr ayında Qars müqaviləsi bağlanmışdır. Sovetlər İttifaqı dağılan zaman və Naxçıvana qarşı yenə də xəyanətkar əllər uzanan zaman biz bu müqavilələrin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu dərk edə bildik”.
Ulu öndər Heydər Əliyev Naxçıvanın Azərbaycanın tərkibində saxlanmasında Türkiyənin rolunun da böyük önəmini vurğulamışdı: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, сətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiууəti olubdur. Bu imzalarla Naxçıvanın Azərbaycanın tərkibində olması təsdiq edildi. Burada da əsas rolu Türkiyə oynadı.”
Lakin Ulu öndər təəssüf hissi ilə bildirmişdi: “1929-cu ildə Zaqafqaziya MİK-in qərarı ilə Naxçıvan Muxtar Respublikasının 657 kvadratkilometr torpağı Ermənistana verilmişdir. Bu həqiqətdir”.
Bəli, o zaman Zaqafqaziya MİK-ın 18 fevral 1929-ci il tarixli qərarı ilə Türkiyənin razılığı və heç bir əsas olmadan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının sərhədləri dəyişdirilmişdi. 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvana məxsus ərazilərin bir hissəsi, o cümlədən, Şərur qəzasının Qurdbulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Ağxaç, Aqbin, Almalı, Dağalmalı, İqtıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçivan sovetliyinə daxil olan Mehri, Buğaker yaşayış məntəqələri, habelə Kilit kəndinin bir hissəsi Ermənistana verilmişdi. Bu isə Naxçıvan MSSR-in statusu və sərhədləri haqqında beynəlxalq Moskva və Qars müqavilələrinin şərtlərini kobud şəkildə pozulması demək idi.
Sonda bildirək ki, bütün bunlara baxmayaraq qədim türk yurdu Naxçıvanın bu gün müstəqil Azərbaycanın tərkibində olması 103 il əvvəl imzalanmış Qars müqaviləsinin hüquqi əsasları ilə mümkün olmuşdur. Qars müqaviləsi Naxçıvanın müxtar ərazi olaraq ölkəmizin ayrılmaz tərkib hissəssi olmasının mötəbər qarantıdır.
İlqar NİFTƏLİYEV,
AMEA Tarix və Etnologiya İnstitutunun direktor müavini, dosent