Bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.
Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 14-də Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 15-də əsas yarış baş tutacaq.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.