Avropa Cüdo Birliyi: Fidan əsl çempiondur!

post-img

Avropa Cüdo Birliyinin rəsmi saytında Azərbaycanın gənclərdən ibarət milli yığmasının Estoniyanın paytaxtı Tallində təşkil olunan Avropa çempionatındakı uğuru barədə "Fidan əsl çempiondur!” başlıqlı məqalə dərc olunub.

Məqaləni təqdim edirik:

“Medal cədvəlində birinci yer (4-2-2-), üstəlik, Fransa ilə həyəcanlı final duelindən sonra qarışıq komanda qızılı... Azərbaycan yığması Tallində keçirilən gənclər arasında Avropa çempionatında dörd gün boyunca öz tonunu saxladı. Azərbaycan himni daimi favoritə çevrildi. Yarışın dördüncü və sonuncu günündə də vəziyyət  dəyişmədi.

Qarışıq komandanın qızılı bizim üçün qürurverici bir uğur idi”, - deyə mükafatlandırma mərasimindən sonra baş məşqçi Elxan Məmmədov bildirib: “Tallindəki dörd gün bizim üçün bundan yaxşı keçə bilməzdi. Biz doqquzuncu medalımıza, beşinci qızılı qazanacağımıza inandıq. Həlledici görüş üçün püşkatma zamanı qadınların 57 çəki dərəcəsində çıxış edən Fidana dedik ki, sən əsl çempionsan, ardıcıl ikinci dəfə uduzmayacaqsan!”

Gənclərin qarışıq Avropa çempionatının titulu uğrunda həlledici duel 8 dəqiqə 19 saniyə davam etdi. Fidan Əlizadə ilk döyüşdəki məğlubiyyətin qisasını Alya De Karvalyodan aldı və Azərbaycan böyük uğur əldə etdi.  

Elxan Məmmədov: "Bu nəsil mənə Praqadakı nəsli xatırladır. Onda Vüsal Qələndərzadə (-73 kq.) də qaliblər sırasında idi. Onun o zamankı komanda yoldaşı Elcan Hacıyev artıq bu il Paris Olimpiya yığmasında idi. İnanıram ki, bu nəsil Los-Anceles-2028 üçün də eynisini edə bilər. Onlardan üç-dördünün, hətta daha çoxunun Olimpiada üçün potensialı var”.

Elxan Məmmədov oktyabrda Düşənbədə keçiriləcək gənclər arasında dünya çempionatından gözləntiləri ilə bağlı deyib: “Cüdoda bunu demək çətindir. Rəqabət əlbəttə ki, daha da güclənir və işlər həmişə bu dörd gündə olduğu kimi mükəmməl getməyə bilər. Amma medal cədvəlində bir nömrə olmaq ən azı Düşənbə üçün də hədəfimizdir”.

L.QURBANOVA

XQ

İdman