Azərbaycanın gənclərdən ibarət cüdo yığmasından daha bir tarixi nəticə

post-img

Estoniyanın paytaxtı Tallində təşkil olunan cüdo üzrə gənclər arasında Avropa çempionatında qarışıq komanda yarışı keçirilib. 

Komanda turnirində 16 ölkə medallar uğrunda mübarizə aparıb.

Yarışda Azərbaycan millisinin heyətində oğlanlardan -73 kiloqram çəkidə Aydın Rzayev və Vüsal Qələndərzadə (90 kq) Məmmədrza Hacızadə və Aslan Kotsoyev (+90) Kənan Nəsibov və Əjdər Bağırov, qızlardan isə (57 kq) Xədicə Qədəşova və Fidan Əlizadə (70 kq) çəkidə Pərvanə Abdullayeva və 70 kiloqram çəkidə Nigar Süleymanova yer almışdı.  

1/8 finalda Bolqarıstanı 4:1, növbəti mərhələdə Türkiyəni 4:0 məğlub edən komandamız yarımfinalda Niderlanda da gücünü göstərib - 4:2. 

Qızıl medal uğrunda həlledici görüşdə isə milli yığmamızın rəqibi güclü Fransa kollektivi olub. Bu görüşdən də 4:3 hesabıyla qalib ayrılan komandamız yarışın baş mükafatına sahib çıxıb. 

Bu, Azərbaycanın gənclərdən ibarət cüdo yığmasının Avropa çempionatının qarışıq komanda yarışında tarixdə ilk qızıl medalı olub. 

Əldə olunmuş yüksək nailiyyət münasibətilə bir daha idmançılarımızı, məşqçilərimizi və nümayəndə heyətimizin bütün üzvlərini təbrik edirik! Onlara yeni uğurlar arzulayırıq!

L.QURBANOVA

XQ



İdman