“Sport Express” eksperti, yüksək dərəcəli həkim Aleksandr Qoryaçovun fikrincə, uşaqların 6 yaşdan idmana başlaması məqsədəuyğundur.
“ Uşaqları valideynlərin istədiyi idman bölmələrinə deyil, boyu, çəkisi və psixo-emosional inkişafı baxımından onlara uyğun olan idman sahəsinə yönəltmək lazımdır",– deyə mütəxəssis bildirib.
Həkim idmanın və bədən tərbiyəsinin vacibliyini də xatırladıb: “İdmanla məşğul olmaq immunitet sistemini gücləndirir, uşaqların diqqətini və idrak qabiliyyətlərini yaxşılaşdırır. Uşaqlar daha dözümlü olur və onlarda güclü xarakter formalaşır”.
İdman mütəxəssisləri valideynlərə məşqçi seçərkən diqqətli olmağı məsləhət edirlər.
Əlbəttə, valideynlər uşaqlarını idmana yazdırmadan öncə məşqçinin şəxsiyyətinə bələd olmalı, uşaqlarının və gələcək müəllimin xarakter xüsusiyyətlərini və temperament tipini müqayisə etməlidirlər. Evdə heç vaxt qışqırıq və ya yüksək səslə danışıq eşitməyən uşaqlar məşqçinin yüksək səslə əmredici tonda danışdığı mühitə uyğunlaşa bilməyəcək, məşqçini dinləməkdə çətinlik çəkəcəklər. Bütün bunları ilk dərsdən nəzərə almaq vacibdir.
Hər bir təlimçi mehriban mühit yaratmaq, hər bir idmançını maraqlandırmaq, sağlam rəqabəti və qarşılıqlı hörməti təmin etmək iqtidarında olmaya bilər. Üstəlik, hər məşqçi özünə hörmət hissi aşılaya bilmir. Əgər tələbələr belə müəllimi lider kimi tanımırsa, onların yaxşı idmançı olacağına ümid etmək olmaz.
Təlim prosesinin necə təşkil olunması çox vacibdir. Şagirdlər dərsə gəldikdə dərhal məşqlərə başlamamalıdırlar. Əvvəlcə düzgün uzun isinmə (razminka) hərəkəti etməlidirlər. Yalnız bu şəkildə məşq istədiyiniz nəticəni verəcək, bədən yüklərə uyğunlaşacaq və zədələnmə riski azalacaq. Fikir verin: Təlimçi təhlükəsizlik qaydalarına əməl edirmi? Kollektivdə mehriban atmosfer yaratmağı bacarırmı? Uşaqlar bir-birinə hörmət edirmi? Münaqişələr yaranırmı? Məşqçi onlara necə reaksiya verir? Bütün bu xüsusiyyətlər sizə məşqçinin uşağınız üçün uyğun olub olmadığını müəyyən etməyə kömək edəcəkdir.
Digər valideynlərin rəylərini və tövsiyələrini dinləyin. Məşq zamanı baş verən bütün vacib hadisələri uşaqlarınızla müzakirə etməyinizdən əmin olun.
Tələbələr məşqçinin şəxsiyyətinə valeh olarsa, seçilmiş idman növü– istər futbol, istərsə də bədii gimnastika onların xoşuna gələ bilər. Əgər uşaqlarınız ilk dərslərdən əla nəticələr göstərirsə və sevinclə dərslərə tələsirsə, deməli, siz düzgün məşqçi seçə bilmisiniz, yox əgər bir neçə dərsdən sonra uşaq öyrənmək həvəsinii itirirsə, bu, məşqçinin balacaların incə qəlbinə yol tapa bilməməsinə işarədir.
Övladlarınızı xasiyyətinə bələd olmadığınız, uşaqlarla işləməyi bacarmayan, təcrübəsiz məşqçilərə deyil, məşq zamanı müvafiq idman qaydalarına riayət edən, təhlükəsizliyi təmin edən məsuliyyətli, professional məşqçilərə etibar edin.
Zülfiyyə Ziya
XQ