Azərbaycanın iki güləşçisi dünya çempionatında qızıl medal qazanıb

post-img

Azərbaycanın iki güləşçisi İordaniyanın Əmman şəhərində 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Turan Daşdəmirov (51 kiloqram) finalda qırğızıstanlı Kutman Kalbayevə 5:3 hesabı ilə qalib gələrək ikinci dəfə dünya çempionu olub. Beləliklə, Daşdəmirov U-17 yaş qrupunda mübarizə apardığı 2 il ərzində maksimum nəticəyə imza ataraq ikiqat Avropa və ikiqat dünya çempionu ünvanına sahib çıxıb. O, həm də 2022-ci ildə U-15 Avropa çempionatının qalibi olub.

Ayxan Cavadov (60 kiloqram) isə finalda gürcüstanlı Vaxtanq Loluaya 4:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavadov bu il qitə birinciliyində də baş mükafata sahib çıxmışdı.

Beləliklə, yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-17 dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.

Xatırladaq ki, ötən gün Əmrah Əmrahov (48 kiloqram) dünya üçüncüsü olub.

İdman