Azərbaycan ötən illər ərzində beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, respublikamızın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayıb. Əldə edilən uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib.
Bu gün əminliklə qeyd edə bilərik ki, ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın qazandığı uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər respublikamızı regionda güc mərkəzlərindən birinə çevirir, bütün beynəlxalq təşkilatlar, çox sayda nüfuzlu dövlət ölkəmizə ciddi maraq göstərir, yaxın olmaq, tərəfdaşlıq etmək istəyir.
Həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda da uğurla təmsil olunur. BMT, Avropa İttifaqı, NATO, İƏT kimi dünya siyasətində söz sahibi olan təşkilatlarda respublikamızla əməkdaşlıq strateji prioritet kimi müəyyənləşdirilir.
Bu məsələ Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da mətbuata bəyanatında da öz ifadəsini tapıb. V.Putin çıxışında regional gündəliyə, eləcə də respublikamızın Xəzər regionunda və Cənubi Qafqazda oynadığı müsbət rola toxunaraq xarici siyasətdə ölkələrimizin beynəlxalq hüququn aliliyi, suverenlik və daxili işlərə müdaxilə edilməməsi prinsiplərinə qətiyyətlə tərəfdar olduqlarını bildirib. Rusiya Prezidenti daha sonra vurğulayıb: “Rusiya və Azərbaycan çoxtərəfli platformalar daxil olmaqla, həmçinin BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirirlər. Bu ilin oktyabrında İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq”.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə də ölkəmizin BRICS-ə daxil olmaq üçün rəsmi müraciət etdiyini bildirib. Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndində Azərbaycan tərəfinin BRICS-ə daxil olmaq arzusu ifadə edilib və Çin tərəfindən isə BRICS əməkdaşlığında Azərbaycanın iştirakı alqışlanıb. Yeri gəlmişkən, 2006-cı ildə yaradılan BRICS (BRİKS) Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. BRICS-in əsas məqsədi üzv dövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Xatırladaq ki, əvvəlcə investisiya imkanlarını müəyyənləşdirən qruplaşma hökumətləri 2009-cu ildən indiyədək hər il rəsmi sammitlərdə toplaşaraq çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin yuxarıda xatırlatdığımız bəyanatında vurğulandığı kimi, BRICS-ə üzv dövlətlərin liderlərinin sammitinin bu il oktyabrın 22-24-də Tatarıstan Respublikasının paytaxtı Kazanda keçiriləcəyi nəzərdə tutulub. Bununla əlaqədar Rusiyanın dövlət başçısının imzaladığı sərəncama əsasən, Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov sammitə hazırlıq üzrə təşkilat komitəsinin sədri seçilib. Tatarıstan Respublikasının paytaxtı sammitin keçirilmə yeri kimi təsadüfən seçilməyib. Belə ki, Kazan dünya liderlərinin görüşünün layiqli səviyyədə təşkili üçün lazımi infrastruktura malikdir və bütövlükdə, region müxtəlif millətlərin və konfessiyaların nümayəndələri arasında münasibətlərin nümunəsidir.
BRICS sammitinə hazırlıq istiqamətində qısa müddət ərzində mühüm işlər görülüb. Bununla əlaqədar BRICS Beynəlxalq Forumu ilə beynəlxalq ictimai təşkilat olan Dünya Xalqları Alyansı arasında razılaşma əldə edilib. Sənəd BRICS Beynəlxalq Forumunun prezidenti Purnima Anand ilə Dünya Xalqları Alyansının baş katibi, sülh səfiri Aleksandr Şapiro-Suliman tərəfindən imzalanıb.
Kazanda BRICS ölkələrinin əsas müzakirə mövzusuna gəldikdə isə qeyd edək ki, bu sammitə ciddi hazırlıq görüldüyü indiki vaxtda CAR-ın Rusiya Federasiyasındakı səfiri Mzuvukile Jeff Maketuka müttəfiq ölkələrin gələcəkdə istifadə üçün hansı ödəniş sistemini seçəcəklərinə qərar verməli olduqları fikrini ifadə edib. Diplomatın sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, CAR-ın qlobal tərəfdaşlarla ticarət imkanlarını gerçəkləşdirən Afrika ödəniş sisteminə üstünlük verəcəyi gözlənilir.
Bundan əlavə, Maketuka CAR-ın BRICS çərçivəsində milli valyutalarda qarşılıqlı hesablaşmalar aparmaq təşəbbüsünü vurğulayıb. Bu mövqe iqtisadi müstəqilliyi gücləndirməyə kömək edir və beynəlxalq əməliyyatlarda hər hansı bir valyutanın, o cümlədən dolların hökmranlığının qarşısını alır. Səfir vurğulayıb ki, milli valyutalardan istifadənin iştirakçı ölkələrin iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi tərəfləri var. Rusiya isə müstəqil BRICS hesablaşma və ödəniş sistemi yaratmağı təklif edir. Bu haqda Rusiyanın maliyyə naziri Antona Siluanov Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində qeyd edib: “Rusiya builki sədrliyi çərçivəsində maliyyə mövzusu kimi beynəlxalq valyuta-maliyyə sisteminin təhlili və nəzərdən keçirilməsi, onun necə işlədiyi, iştirakçısı olan bütün ölkələrin maraqlarını nə dərəcədə effektiv şəkildə təmin etməsi məsələsini qaldırmaq istəyir. Biz siyasətdən kənar və yeni rəqəmsal texnologiyalara əsaslanan öz müstəqil hesablaşma və ödəniş sistemimizi yaratmağı təklif etmək istəyirik”.
A.Siluanovun fikrincə, hazırda dünya iqtisadiyyatının mərkəzi BRICS ölkələrinə, eləcə də Şərqə doğru dəyişir. “Ticarət əlaqələrinin uğurla qurulması üçün sabit ödəniş sisteminin olması vacibdir. Ona görə də düşünürəm ki, bu mövzu bizim BRICS tərəfdaşlarımız üçün maraqlı olacaq. Bu, innovativdir, hazırda mövcud olan sistemlər baxımından hesablaşmalarda, maliyyə mesajlarının ötürülməsində, maliyyə institutlarının fəaliyyəti məsələlərində irəliyə doğru bir addımdır”, – nazir əlavə edib.
Göründüyü kimi, BRICS ölkələri bir sıra malların hesablaşması üçün dollardan uzaqlaşmaq istəyir. BRICS neft və zərgərlik üçün ödənişlərdə dolları əvəz etmək qərarına gəlib və gələcəkdə qızıla əsaslanan vahid valyutanı nəzərdən keçirir. Ekspertlərin fikrincə, yaxın gələcəkdə dollardan uzaqlaşmaq fantastik görünür. Ən real variant isə assosiasiya çərçivəsində nağdsız ödəniş vasitələrinin və ya opsion olaraq BRICS-ə üzv ölkələrin valyuta səbətindən ibarət hansısa ehtiyatın yaradılmasıdır.