Yarım ildə magistral kəmərlərlə 19 milyon tondan çox neft və 20 milyard kubmetrdən artıq qaz nəql edilib
Karbohidrogen ehtiyatlarının zənginliyi ilə seçilən Azərbaycanda 175 ildən çoxdur ki, sənaye üsulu ilə neft çıxarılır. Ötən müddətdə bu qədim diyarın “qara qızıl”ı müxtəlif yollarla dünya bazarlarına ixrac edilib. Müstəqillik illərində isə özünün yeraltı sərvətlərinin əsl sahibinə çevrilmiş Azərbaycan, həm də şaxələndirilmiş neft və qaz kəmərləri sisteminin yaradılmasına nail olub.
Məhz dövlətimizin siyasi rəhbərliyinin təşəbbüsü və mətin iradəsi sayəsində son 25-26 il ərzində Xəzər sahillərindən Avropa qitəsinədək minlərlə kilometr uzunluğunda neft və qaz kəmərləri çəkilib. İndi həmin infrastruktur ölkəmizin ixrac potensialını artırmaqla yanaşı, “köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsinə də mühüm töhfələr verir.
Heç şübhəsiz, şaxələndirilmiş nəql marşrutlarına malik olması Azərbaycan dövlətinin müstəqil enerji siyasətinin məntiqi nəticəsi, ölkəmizin böyük üstünlüyüdür. Otuz il əvvəl Bakıda dünyanın transmilli neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan özünün neft-qaz sərvətlərini dünya bazarına çıxarılması istiqamətində müstəqil qərarların qəbul edilməsinə nail olub. Öncə “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində “Çıraq” platformasından hasil edilən xam neftin Şimal istiqaməti ilə beynəlxalq bazarlara ixracı üçün Bakı–Novorossiysk kəməri əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Neftimizin Qərb istiqaməti ilə ixracını təmin etmək məqsədilə inşa olunmuş Bakı–Supsa kəməri isə 1999-cu ilin aprel ayında istismara buraxılıb. Bununla belə, getdikcə artmaqda olan neft həcmlərini dünya bazarına çıxarmaq üçün Azərbaycanın daha geniş imkanlara malik ixrac in-frastrukturuna ehtiyacı var idi. Bu layihənin də əsas təşəbbüskarı və memarı Ulu öndər olub. Məhz onun qətiyyəti və siyasi iradəsi nəticəsində “Üç dənizin əfsanəsi” kimi tanınan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsi həyata vəsiqə alıb.
“Şahdəniz” yatağının istismara verilməsi isə Azərbaycanı, həm də dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirib. Onu da qeyd edək ki, Azərbaycan dövlətinin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsi olaraq əsas ixrac boru kəməri ilə eyni dəhlizdə “Şahdəniz” qazının ixracı üçün tələb olunan Bakı–Tbilisi–Ərzurum kəməri (Cənubi Qafqaz boru kəməri) də çəkilib. 2007-ci ilin əvvəlindən Azərbaycan qazının Gürcüstan və Türkiyəyə ixracına başlanılıb. Sonrakı illərdə isə “mavi yanacağ”ın Avropaya çatdırılması üçün Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərləri inşa edilib. Bununla yanaşı, istismarda olan Cənubi Qafqaz boru kəmərində əlavə genişləndirmə işləri həyata keçirilib.
Beləliklə də, Azərbaycanın neft və qaz ehtiyatlarının sərbəst şəkildə dünya bazarına çıxarılması üçün yürütdüyü müstəqil enerji siyasəti özünü tam doğruldub. Yeri gəlmişkən, hazırda dünyada neft və qaz hasil edən ölkələrin heç də hamısı müstəqil enerji siyasəti həyata keçirmək imkanına malik deyil. Təsadüfi deyil ki, bu mühüm məqama toxunan Prezident İlham Əliyev deyib: “Şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var –müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur”.
Qeyd etdiyimiz kimi, ölkəmizin ixrac potensialının, həmçinin əksər dünya dövlətləri ilə ticarət dövriyyəsinin artırılmasına xidmət edən şaxələndirilmiş ixrac sistemi, büdcə gəlirlərimizin formalaşdırılmasına da mühüm töhfələr verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan magistral neft kəmərlərindən 538 milyon 277,6 min manat gəlir əldə edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çoxdur. Xatırladaq ki, 2023-cü ilin ilk yarısında sözügedən göstərici 535 milyon 337,2 min manat təşkil edib.
Yeri gəlmişkən, cari ilin birinci yarısında Azərbaycanda neft kəmərləri ilə 19 milyon 238,6 min ton neft nəql edilib. Nəqletmənin 14 milyon 468,7 min tonu və ya 75,2 faizi Bakı–Tbilisi–Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib. Ümumilikdə isə, 2023-cü ildə Azərbaycanın magistral neft kəmərləri ilə 39 milyon 753,2 min ton neft nəql olunub ki, bu da illik müqayisədə 5,2 faiz çoxdur. Ümumi ixracın isə 30 milyon 191,6 min tonu və ya 75,9 faizi BTC-nin payına düşüb. İl ərzində ölkəmiz neft ixracından 1 milyard 101 milyon 741,9 min manat gəlir əldə edib.
Qaz ixracına gəldikdə isə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 20 milyard 40,7 milyon kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən1,3 faiz çoxdur. Hesabat dövründə qaz nəqlinin 11 milyard 418,9 milyon kubmetri və ya 55,6 faizi Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu ilin birinci yarısında ölkəmizin “mavi yanacaq” ixracından əldə etdiyi qazanc isə 1 milyard 359 milyon 813 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövründəkindən 7,8 faiz çox olub. 2023-cü ildə isə magistral qaz kəmərləri ilə nəql olunmuş 39 milyard 283,3 milyon kubmetr “mavi yanacaq” hesabına Azərbaycan 2 milyard 516 milyon 82,5 min manat gəlir əldə edib. İllik qaz nəqlinin 21 milyard 800,1 milyon kubmetri Cənubi Qafqaz boru kəmərinin payına düşüb.