“Real”– “Atalanta”: superkubok savaşı

post-img

“Real” Avropa Superkuboku uğrunda oyunda “Atalanta” ilə qarşılaşacaq. Bu, Avropa futbol mövsümünün ilk böyük oyunudur.

Aydındır ki, "Real" üçün yayın əsas hadisəsi Kilian Mbappenin transferidir. Eyni zamanda, Avropanın ən yaxşı komandasının tərkibində zədəlilər var. Məsələn, David Alaba hələ də zədəlidir, veteran Naço isə klubu tərk edib. Beləliklə, Karlo Ançelotti iki mərkəz müdafiəçisi, Antonio Rudiger və Eder Militao ilə qalıb. Braziliyalının ciddi zədəsi yenicə sağalıb. Tibo Kurtuanın heyətə tam qayıtması sual altındadır. Klub üçün yaxşı xəbər isə mövsümə əsas qapıçısı ilə başlamasıdır.

“Real” mövsümə hazırlığını ABŞ-də keçirib. Madridlilər yoldaşlıq oyunlarında “Milan” və “Barselona”ya məğlub olsa da, son qarşılaşmada “Çelsi” üzərində qələbə qazanıb. Bu oyunlarda Kilian Mbappe meydana çıxmayıb. Qarşılaşmaların heç birində üçdən çox qol vurulmayıb. Nəticə bu kimi görüşlər üçün xarakterik deyil.

“Atalanta” xarici ölkələrə hazırlıq səfərinə çıxmasa da, nəticələri ilə pərəstişkarlarını təşvişə salıb. Can Pyero Gasperininin komandası “Parma” və “Sent Pauli”yə böyük hesabla uduzub. Çempionlar Liqası mövsümü ərəfəsində Gasperini yəqin ki, təlim-məşq toplantışında oyunçuları çox yorub, ona görə də futbolçuların yoldaşlıq görüşləri üçün, sadəcə, enerjisi qalmayıb.

Rəsmi matçlarda “Atalanta” tamam başqa klub ola bilər. Əhəmiyyətli itkilərdən biri də mərkəz müdafiəçisi Kaleb Okolienin komandadan ayrılmasıdır. Həmçinin mərkəzi zonanın əsas oyunçusu Ten Kopmeyners yaxın vaxtlarda klubu tərk edə bilər. Ola bilsin ki, hollandiyalı, hətta avrokubok matçını da buraxsın.

Bu arada, “Atalanta” heyətini gücləndirib. Okolienin yerinə təcrübəli Ben Qodfrini dəvət etdilər, İtaliya millisinin hücumçusu Mateo Reteqini hücuma qatdılar, Nikolo Zaniolonu icarəyə götürdülər və nəhayət , əsas ulduz Çarlz De Ketelareni aldılar.

“Atalanta”nın böyük hesabla uduzmayacağını ehtimal etmək məntiqlidir. Baş məşqçi Can Pyero Gasperini cəsarətli futbol qurmağa qadirdir, həm də rəqibə boşluq, sərbəst oynamaq imkanı verməyəcək. Artıq o,  “Bayer”lə Avropa Liqasının finalında bunu sübut edib.

P.ƏFƏNDİ
 XQ

 

İdman