Paris Yay Paralimpiya Oyunlarının 28 avqustda keçiriləcək açılış mərasimində bayrağımızı daşıyacaq idmançılarımız müəyyənləşib. Bayraqdarlarımız Dünya və Avropa çempionu parataekvondoçumuz İmaməddin Xəlilov və qaçış üzrə 4 qat Dünya və Paralimpiya çempionumuz Lamiyə Vəliyeva olacaq.
Bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov Milli Paralimpiya Komitəsinin (MPK) “Paris-2024” Paralimpiadası öncəsi keçirilən mətbuat konfransında məlumat verib.
Tədbirdə MPK-nın idman şöbəsinin müdiri Şahvələd Əliyev Azərbaycanın Oyunlarda 19 lisenziya ilə ilk dəfə 7 idman növündə iştirak edəcəyini bildirib.
Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı isə Paris Paralimpiadası ərəfəsində MPK-nın yeni saytının istifadəyə veriləcəyini də diqqətə çatdırdı. Qeyd edildi ki, burada Azərbaycan təmsilçilərinin yarışlardakı nəticələri barədə məlumat əldə etmək mümkün olacaq.
Xatırladaq ki, Paris Paralimpiadası avqustun 28-dən sentyabrın 8-dək davam edəcək.