Bu dəfə bürünc qazandıq

post-img

Dördilliyin ən möhtəşəm idman hadisəsi – Paris Olimpiadasında həyəcan dolu yarış günləri bir-birini əvəz etdikcə Oyunlarda rəqabət daha da artır. Dünyanın qabaqcıl idman ölkələri, şübhəsiz, qızıl medal qazanmaq üçün yarışın son günlərində potensiallarından maksimum istifadə etmək üçün gərgin səy göstərirlər. Düzdür, Oyunların istənilən medalı dəyərli və əzizdir, amma Paris Olimpiadasının nəticələri, əsasən baş mükafatın sayına görə müəyyən edildiyindən Olimpiya çempionluğu xüsusilə qiymətlidir. 

Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq)  Olimpiadanın ilk həftəsində parlaq qələbələrə imza ataraq 2 qızıl medal qazanmaları, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, bayrağımızın ən yüksəklərə qaldırılması bizə qürurlu anlar yaşatdı. Ardınca boksçumuz Alfonso Dominqesin (92 kq) bir-birinin ardınca bütün rəqiblərini məğlub edərək finala yüksəlməsi yeni “qızıl” ümidi yaratdı. Boksçumuz avqustun 9-dan 10-na keçən gecə, Bakı vaxtı ilə saat 00:34-də başlayacaq qarşılaşmaya baş mükafat üçün çıxacaq. 

Komandamızın daha bir “qızıl” ümidi Qaşim Maqomedov idi. İlk qarşılaşmalarında başgicəlləndirən qələbələrə imza atmaqla, finala doğru sürətlə irəliləyən dayanq ustamız, təəssüf ki, həlledici mərhələdə zədələndi. Həkimin ciddi israrına baxmayaraq, döyüşün sona qədər davam etdirmək üçün nümayiş etdirdiyi böyük qələbə əzmi qəlbləri riqqətə gətirdi, hər kəsi heyran etdi. İdmançımız məhz qızıla bərabər gümüş medal qazandı. 2 qızıl, 1 gümüş medal sayəsində Azərbaycan ölkələrin siyahısında 21-ci sırada qərarlaşdı.

Dünən 2-si sərbəst güləşçi, 1-i isə gimnast olmaqla komandamızın daha 3 idmançısı Parisdə öz gücünü nümayiş etdirdi. Sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) mübarizəyə 1/8 finaldan qoşulublar. Əliabbas Rzazadə ilk görüşdə uduzub. Onun komanda yoldaşı Monqolustan güləşçisinə qalib gələrək 1/4 finala çıxsa da, növbəti mərhələdə Maylz Aminə (San Marino) məğlub oldu. 

Bədii gimnast Zöhrə Ağamirova təsnifat mərhələsində top, halqa, lent və gürzlərlə hərəkətlərdə məharətini nümayiş etdirib. Ümumilikdə 117.850 xal toplayan gimnastımız yekun sıralamada 18-ci yeri tutaraq, ilk “onluq”dan kənarda qalıb və finala yüksələ bilməyib.

Dünən, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) Amantur İsmayılovla (Qırğızıstan) mübarizədə qələbə qazanaraq bürünc medala sahib olub. Bununla da komandamızın qazandığı medalların sayı 5-ə çatıb.

Bu gün sərbəst güləşçilərimizdən 74 kiloqram çəkidə çıxış edən Turan Bayramov albaniyalı Çermen Valiyevlə görüşəcək. 125 kq çəkidə mübarizə aparan Giorgi Meşvildişvili isə Diaeldin Abdelmottaleblə (Misir) qarşılaşacaq. Hər iki güləşçimiz yarışa 1/8 finaldan başlayacaq.



İdman