Fransanın Olimpiya Oyunlarına hazırlıqlarından şikayətlər artır

post-img

Fransada keçirilən 2024-cü il XXXIII Yay Olimpiya Oyunları ərəfəsində ölkə rəsmilərinin bu beynəlxalq tədbirə lazımınca hazırlaşmadığı, hər gün yeni bir problemin ortaya çıxdığı məlum olub. Artıq bir sıra ölkələrin komandaları bu kimi hallarla bağlı şikayətlərini bildiriblər. 

Məsələn, İsveçin stolüstü tennis yığmasının üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarında nəqliyyatda hava­sızlıqdan gileyləniblər. “Aftonbladet” nəşrinin məlumatına görə, milli komanda gediş-gəliş üçün 1 saat 20 dəqiqə vaxt sərf edərək məşqə çıxmalı olur.

Kişilərdən ibarət komandanın məşqçisi Yorqen Pers­son bildirib ki, avtobuslarda kondisioner tez-tez işləmir və hava çatışmazlığı səbəbindən nəqliyyatda qalmaq müm­künsüz olur.

İsveçin qadın yığmasının məşqçisi Tobias Berqman isə idmançıların əziyyət çəkdiklərini söyləyib: “Gündə iki dəfə 40 dəqiqə olmaqla səyahət edirik və düzünü desəm, Parisdə istilik Hindistanda olduğunuzdan daha pisdir. Belə davam edərsə, insanlar avtobuslarda huşlarını itirəcək­lər”.

Olimpiada iştirakçıları Parisdəki Olimpiya kəndində qida ilə lazımınca təmin olunmadıqlarından şikayətlənib­lər. Onlarla idmançı Olimpiya kəndinin əsas restoranında mühüm ərzaq ehtiyatlarının çox ləng gətirildiyini və qida­nın kifayət qədər olmadığını qeyd edib.

Fransanın “L'Equipe” qəzetinin məlumatına görə, iyulun 24-də səhər yeməyi zamanı idmançıların çoxluğu səbəbindən restoranda məhdud sayda toyuq yumurtası olub. Olimpiya kəndində ictimai iaşənin təşkilinə cavab­deh olan şirkət bildirib ki, hazırda populyar ərzaq məh­sullarının tədarükünü artırmaq üçün fəal işləyirlər. Mənbə qeyd edib ki, idmançılar arasında yumurta və ət xüsusilə populyardır.

Xatırladaq ki, Paris Olimpiadasının açılış mərasimi iyulun 26-da baş tutacaq. İki gün əvvəl, iyulun 24-də isə kişilər arasında futbol üzrə Olimpiya turniri başlayıb. Fran­sa paytaxtında yarışlar avqustun 11-dək davam edəcək.

İdman