Bakıda dünya çempionatı gərgin, lakin maraqlı mübarizə şəraitində keçdi. Turnir Beynəlxalq Çövkən Federasiyasının (BCF) təşkilatçılığı ilə keçirilən ilk yarış oldu. Mundialda 10 komandanın hər biri layiqincə mübarizə apardı.
Bu sözləri federasiyanın baş katibi Maciej Miçel Olbriç Bakıda keçirilən çövkən üzrə dünya çempionatının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirdi.
Polşalı mütəxəssis Azərbaycanın bu mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi etdiyini dedi:
– Çövkən üzrə dünya çempionatı iki ildən bir təşkil edilir. BÇF yarışın təşkilini Azərbaycana etibar etdi. Bu gün də federasiyanın düzgün qərar verdiyinin şahidi oluruq. Ümid edirik ki, Azərbaycan 2026-cı ildə də mundiala ev sahibliyi edəcək. Azərbaycanın möhtəşəm təşkilatçılıq qabiliyyəti var. Ölkəniz belə mötəbər turnirlərin yüksək səviyyədə təşkilində zəngin təcrübəyə malikdir.
M.M.Olbriçin sözlərinə görə, dünya çempionatında iştirak edəcək ölkələrin sayının artırılması üçün tədbirlər görüləcək. Çövkən öz coğrafiyasını getdikcə genişləndirir. Ümid edirik ki, növbəti dünya çempionatında 20-yə yaxın komanda mübarizə aparacaq.
Qeyd edək ki, Dünya çempionatının qalibi adına Azərbaycan komandası layiq görülüb.
Leyla QURBANOVA
XQ