Dünya çempionatı yüksək səviyyədə keçirildi. Komandalar çox gözəl, fərqli oyun göstərdilər. İlk dəfə Azərbaycanda yaradılan Beynəlxalq Çövkən Federasiyasının (BÇF) bayrağı altında birinci rəsmi yarışda komandalar layiqincə mübarizə apardılar.
Bu sözləri BCF-nin prezidenti Bəhruz Nəbiyev Bakıda keçirilən çövkən üzrə dünya çempionatının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirdi:
O, ötənilki mundialda iştirak edən yığmaların özlərini daha da təkmilləşdirdiklərini dedi. Qeyd etdi ki, sevindirici məqamlardan biri də, həm atların, həm idmançıların yarışı zədəsiz başa vurmalarıdır.
B.Nəbiyev qurumun növbədənkənar ikinci Baş Assambleyasının keçirildiyini və burada bir sıra vacib qərarların təsdiq olunduğunu vurğuladı:
–Assambleyada beynəlxalq çövkən qaydaları təsdiq edildi. Eyni zamanda 2025-ci ildə qitə çempionatlarının keçirilməsi təsdiqləndi. Növbəti ildə Afrika, Avropa və Cənubi Amerikada belə turnirlərin keçirilməsi planlaşdırılır. 2026-cı ildə isə 2-ci dünya çempionatı keçiriləcək. Yarışın tarixi və məkanı barədə gələn il qərar qəbul ediləcək. 2025-ci ildə Polşada Avropa çempionatı təşkil olunacaq.
Qeyd edək ki, finalda Mərakeşi 2:0 hesabı ilə üstələyən Azərbaycan millisi dünya çempionu olub. Yarışda Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan komandaları mübarizə aparıb.
Leyla QURBANOVA
XQ