Bakıda keçirilən çövkən üzrə dünya çempionatı başa çatıb.
Binə Atçılıq Mərkəzində əvvəlcə Nigeriya və Özbəkistan üçüncü yer uğrunda münarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən matçda Özbəkistan rəqibini 3:1 hesabı ilə məğlub edətək bürünc medal qazanıb. Qalib adı uğrunda keçirilən qarşılaşmada Mərakeşə 2:0 hesabı ilə qalib gələn Azərbaycan millisi dünya çempionu olub. Rəqib komandanın qapısına hər 2 qolu Elçin Camallı vurub.
Mundialın bombardiri adına 10 qolla E.Camallı layiq görülüb. Bununla da Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub.
Sonda turnir iştirakçılarına və hakimlər briqadasına mükafatlar təqdim edilib. Mükafatalayiq yerləri tutan komandalar müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, fəxri diplom, dünya çempionu olan Azərbaycan yığması isə kubokla təltif olunub.
Mükafatçılara medalları Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev və qurumun nümayəndələri təqdim ediblər.
Yarışa Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan komandaları iştirak ediblər.