Sergey Kramarenko 286 oyunun 116-da rəqibə aman verməmişdi
Diqqətinizə çatdırdığımız foto düz yarım əsr əvvəl lentə alınmışdır. Onu “Neftçi”–70. Unudulmayan keçmiş. 1937-2007” kitabından (müəlliflər–Səbuhi Səfiyarlı, Elçin Rüstəmov) götürmüşük. Paytaxtımızda 1-ci dəstə komandaları arasında 36-cı SSRİ çempionatının ilk oyununa dəqiqələr qalır. “Neftçi”nin kapitanı Sergey Kramarenko və onun Sverdlovskın “Uralmaş” komandasındakı həmkarı o dövrün ənənəsinə uyğun olaraq, 1974-cü ilin 11 aprel axşamında Respublika stadionunda yeni mövsümün başlandığını bildirən bayrağı qaldırırlar. Tribunalar, gördüyünüz kimi, tamaşaçılarla doludur. Bakıda növbəti ölkə çempionatı starta çıxır.
Başlanğıc uğurlu oldu. Donetskli hakim B.Streletskinin idarə etdiyi görüşdə azarkeşlər sevimli komandalarının böyük hesablı qələbəsini (3:0) ürəkdən alqışladılar. Hər üç top ikinci hissədə vuruldu. Əvvəlcə Tofiq Abbasov 11 metrlik cərimə zərbəsi ilə hesabı açdı, oyunun son 10 dəqiqəsində isə iki dəfə Əbdülqəni Nurməmmədov fərqləndi.
Həmin mövsümdə “Neftçi” finişdə beşinci yerlə kifayətlənməli olsa da, iki ildən sonra məqsədinə çatıb, 1977-ci ildən yenidən “yüksək cəmiyyətdə” görünməyə başladı.
Bugünkü qeydlərimizin əsas səbəbkarı Sergey Kramarenkoya “Neftçi”nin heyətində SSRİ çempionatlarında ən çox sevinc gətirən oyun isə 1966-cı ilə təsadüf etmişdir. Azərbaycan futbolu tarixində xüsusi yeri olan və həmin il noyabrın 30-da keçirilmiş 28-ci çempionatın şəhərimizdə vida görüşündə Moskvanın “Spartak” kollektivi üzərində mükəmməl oyunla qazanılan parlaq qələbə (3:0) “Neftçi”nin yekun turnir cədvəlində 3-cü mövqedə yerini möhkəmləndirdi.
Artıq bürünc medalları heç kim bizim əlimizdən ala bilməzdi. Tarixi nailiyyətə şahidlik etmişdik. S. Kramarenko və dostları yenilməz iradə, əsl qələbə əzmi və idman hünəri göstərmişdilər. 58 il əvvəl Azərbaycan paytaxtına gətirilən bürünc medallar Sovet İttifaqı çempionatları tarixində “Neftçi” futbolçularının ilk və yeganə medalları kimi yaşayır.
“Spartak”la oyundan dərhal sonra Kramarenkonun jurnalistlərə verdiyi qısa müsahibədə işlətdiyi iki-üç cümlə də komandanın böyük nailiyyətini aydın ifadə edirdi: “Qorxurdum ki, mənim bir səhvim matçın nəticəsinə həlledici təsir göstərsin. Amma həyəcan heç vaxt oyunçunun müttəfiqi olmamışdır. İndi isə mən oyun ərəfəsində olduğundan daha çox həyəcanlanıram. Təsəvvür edin, biz bürünc medalların sahibiyik”.
Həqiqətən, tarixi zəfər idi, təkcə “Neftçi” və futbol ictimaiyyətimiz yox, bütün respublika özünü xoşbəxt sana bilərdi.
Bunu da ayrıca qeyd etmək olar ki, “Neftçi”nin çempion “Dinamo” Kiyevdən, gümüş mükafatçı OİK Rostovdan sonra üçüncü yerə sahib olduğu həmin 28-ci çempionatda Bakı komandası kiyevlilərdən sonra öz qapısından ən az (28) top buraxan ikinci kollektiv olmuşdur. Bu isə o deməkdir ki, Kramarenko və onun oyundaşları çempionatda keçirdikləri 34 görüşdə qapının təhlükəsizliyini yaxşı təmin etmişlər, bürünc medallar qazanılmasında onların ustalığı, fədakarlığı mühüm rol oynamışdır.
Statistiklər hesablamışlar ki, Kramarenko 1964–71, 1977–79 və 1983–84-cü illərdə SSRİ çempionatının güclülər dəstəsində 286 oyunda “Neftçi”nin şərəfini qorumuş və bu göstəriciyə görə komandanın rekordçusu olmuşdur. Statistika onu da xatırladır ki, qapıçımız 116 görüşdə rəqiblərin qola sevinməsinə imkan verməyib.
Bakılı qapıçının 1976-cı ildə Ukraynanın “Çernomorets” (Odessa) komandası heyətində 26 matçda çıxış etdiyini də nəzərə alsaq, o, ümumilikdə SSRİ çempionatının güclülər dəstəsində 312 oyunun iştirakçısı olmuşdur.
Gəncə futbolunun yetirməsi S.Kramarenko 2008-ci il martın 25-də, 62 yaşında Moskvada vəfat etmişdir.
Azərbaycan futbolunda ən mahir qapıçılardan biri kimi böyük nüfuz qazanmış SSRİ çempionatının bürünc mükafatçısının oğlu Dmitri Kramarenko da bir çox il ərzində atasının yolunu davam etdirmişdir. Onun hazırda Moskvanın ÇSKA klubunda qapıçılarla işləyən məşqçi olduğunu da xatırladıb, “Neftçi”nin o uzaq illərdəki rekordçusu haqqında qeydlərimizi yekunlaşdıraq.
O, futbolumuzun pərəstişkarlarının yadında soyuqqanlı və etibarlı oyunu, cəsarətli tullanışları, rəqib komandanın hücumları zamanı mükəmməl reaksiyaları, hakimin start işarəsindən final fitinədək fədakar mübarizəsi, istənilən anda və şəraitdə komanda yoldaşlarının köməyinə gəlməyə hazır olan futbolçu kimi qalıb. Elə buna görə də qədirbilən azarkeşlər futbolumuza sədaqətlə xidmət etmiş Sergey Sergeyeviç Kramarenkonu heç vaxt unutmur, söhbət zamanı daim onu minnətdarlıqla xatırlayırlar.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist