Paraatletika komandamızın tarixi uğuru

post-img

“Paris-2024”də yığmamızı yeni sınaq gözləyir

Azərbaycanın paraatletika üzrə komandası Yaponiyanın Kobe şəhərində təşkil olunan dünya çempionatında böyük uğurla çıxış edərək tarixi nəticəyə imza atdı. Paraatletimiz Lamiyə Vəliyeva T13 kateqoriyasında 400 və 100 metr məsafələrə qaçış üzrə 2 qızıl medal qazandı. Yığmamızın digər üzvləri Orxan Aslanov və Səid Nəcəfzadə isə uzunluğa tullanma üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. 

Yığmamızın belə bir parlaq nailiyyətə Paris Yay Paralimpiya Oyunları ərəfəsində imza atması onun əhəmiyyətini daha da artı­rır. Bu, dördilliyin ən önəmli idman yarışına komandamızın yaxşı formada yollanacağına daha bir əsas verir. 

Azərbaycan Milli Paralimpiya Ko­mitəsinin idman şöbəsinin müdiri Şah­vələd Əliyev də XQ-yə açıqlamasında yığ­mamızın yaxşı formada olduğunu bildirdi:

– Yarışa yaxşı hazırlaşmışdıq. İlk dəfə komandamız dünya çempionatında 4 qızıl medal qazanıb. Bundan əvvəl yığmamız ən yaxşı nəticəsini 2011-ci ildə keçirilmiş dün­ya çempionatında əldə edib. Yeni Zelandiya­da keçirilmiş analoji yarışda komandamız 3 qızıl, 1 gümüş, 2 bürünc medala sahib olub. Budəfəki qələbə bir daha göstərir ki, koman­damız indi də yaxşı formadadır. 

Yarışda 2 qızıl medal qazanan Lamiyə Vəliyeva istedadlı idmançıdır. Tokio Yay Pa­ralimpiya Oyunlarının qızıl və gümüş müka­fatçısıdır. İlk dəfə dünya çempionu titulunu qazanan Səid Nəcəfzadə isə şəxsi rekordunu yenilədi. Daha bir qızıl medalçımız Orxan Aslanovdan da bu yüksək nəticəni gözlə­yirdik. Yarışda yığmamızın üzvlərindən A standart kateqoriyalı Samir Nəbiyev və Rüfət Rəfiyevin iştirakını da təmin etdik. Çünki bu kateqoriya üzrə bizə əlavə kvota verilə bilər. İdmançılar öz rəqiblərini tanımaq və onlara bələd olmaq üçün dünya çempionatında ya­rışırdılar. 

Şahvələd Əliyev yığmanı qarşıda tə­lim-məşq toplanışının gözlədiyini bildirdi:

– Qarşıda atletika üzrə yığmamızı bey­nəlxalq təlim-məşq toplanışı gözləyir. Ha­zırlıq iyunda, çox güman ki, Estoniyada, yaxud Türkiyədə olacaq. Təlim-məşqdə əsas məqsəd komandanı formada saxlamaqdır. Bəzi detallar üzərində işləyib, idmançıların fiziki və psixoloji cəhətdən hazırlığını daha yüksək səviyyəyə çatdırmaqdır. Paurliftinq üzrə Tbilisidə keçiriləcək lisenziya xarakterli Dünya kuboku yarışı da gələn ay olacaq. Di­gər idman növlərində isə indiyə qədər göstə­rilən nəticələrə uyğun əlavə kvotalar gözləyi­rik. Hazırda 10 lisenziya var və ümumilikdə, 20-yə yaxın vəsiqə qazanmağı düşünürük. Qələbə seriyasını Parisdə və növbəti olimpia­dalarda davam etdirmək istəyirik. 

Ş.Əliyev olimpiadadan-olimpiadaya nəticələrin daha yüksək olması üçün gö­rülən işlərin davam etdiyini də diqqətə çatdırdı: 

– Bunun üçün yığma komandanı gənc­ləşdirmək nəzərdə tutulub. İlk növbədə, kütləviliyi artırmaq, daxili yarışlar əsasında komandanın tərkibini müəyyən etmək, daha sonra Los Anceles Olimpiadasına hazırlaş­maq nəzərdə tutulub. Məqsəd növbəti olim­piadalarda daha böyük uğurlar qazanmaqdır. 

Ötən il Parisdə analoji yarışda (T13) 100 metr və 400 metr məsafəyə qaçışda 2 qızıl medal qazanan Lamiyə Vəliyeva bu­dəfəki Dünya çempionatında da uğurla çıxış edəcəyinə əmin olduğunu bildirdi: 

– Azərbaycan bayrağını beynəlxalq are­nada dalğalandırdığım üçün xoşbəxtəm. Dördqat dünya çempionu olmaq mənim üçün qürurverici hissdir. Yarışa ciddi hazır­laşmışdım. Məşqlərdə hiss edirdim ki, fiziki formam yaxşıdır və yüksək nəticə qazana­cağam. Özümə çox inanırdım. Qarşıda bizi Paris Oyunları gözləyir. Həmin mötəbər tur­nirə də ciddi şəkildə hazırlaşaraq Vətənimi layiqincə təmsil edəcəyəm.

Dünya çempionatında uzunluğa tul­lanma üzrə qızıl medal qazanan paraatle­timiz Orxan Aslanov da Fransa paytaxtın­da uğurla çıxış edəcəyinə inanır:

– Şadam ki, belə bir nüfuzlu yarışda qızıl medal qazandım. Bu yüksək mükafata Paris Paralimpiadası ərəfəsində layiq görülməyim onun dəyərini daha da artırır. Bu, idman Olim­pində yüksək nəticə əldə etməyim üçün daha bir stimuldur. Ümid edirəm ki, milli komanda olaraq Parisdə də uğurla çıxış edəcəyik.

İlk dəfə Dünya çempionatının qalibi adını qazanan “Tokio-2020”nin bürünc medalçısı Səid Nəcəfzadənin də növbəti hədəfi “Paris-2024”dür. T12 kateqoriya­sında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə dünya çempionu olan 25 yaşlı idmançı yüksək səviyyədə çıxış etdi­yinə görə xoşbəxt olduğunu bildirdi: 

– Fasiləsiz məşqlər edirdik. Mundialda şəxsi rekordumu da yenilədim. Paralimpiya Oyunlarından əvvəl dünya çempionu olmaq əla şansdır. Növbəti hədəf Parisdə mükafat qazanmaqdır.

Xatırladaq ki, ötən Paralimpiya Oyun­larında Azərbaycan komandası 19 medal qazanaraq tarixi uğura imza atıb. Son dünya çempionatında paraatletika komandamızın qazandığı parlaq qələbələr yeni uğurlar üçün əsas yaradır. Yenilməz paralimpiyaçılarımızı “Paris-2024”də yeni zəfərlər gözləyir.

Leyla QURBANOVA
XQ



İdman