Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı

post-img

Başqalarına “demokratiya” dərsi verməyə çalışan qurum gizli oyunlardan xilas ola bilmir

Avropa Parlamenti (AP) böyük korrupsiya bataqlığına çevrilib. 2022-ci ildə Avropanı sarsıdan “Qətərqeyt” qalmaqalı buna sübutdur. Bu korrupsiya hekayəsinin əsas oyunçuları spiker müavini Eva Kaili, Avropa Parlamentinin deputatları Mark Tarabella, Andrea Kozzolino, Pier Antonio Panzeri və Nikolo Fiqa-Talamanka idi. Onların hamısı rüşvət almaqda və Aİ siyasətinə təsir etmək cəhdində ittiham olunurdular. Buna görə də AP-də maliyyə fırıldaqları adi hala çevrilib. Bu günlərdə “Politiko” saytının materialı da bunu təsdiqləyir. 

“Köhnə qitə”də yenə köhnə qal­maqallar yeni formada gündəmi zəbt edib. ABŞ-nin “Politico” saytı yazır ki, Belçika polisi ötən çərşənbə günü Avropa Parlamentində reydlər keçirib. Brüssel­dəki şəxsi iqamətgahda və Strasburq ofi­sində aparılan axtarışlar “Avropanın səsi” internet saytında “Rusiya propaqandası­nı” təbliğ etmək üçün avrodeputatlara pul ödənildiyi iddia olunan “Rusiyaqeyt” ilə bağlıdır. Belçika hüquq-mühafizə orqan­larından bildirilib ki, “Avropa Parlamenti əməkdaşının bunda mühüm rol oynadı­ğına dair əlamətlər var”. 

“Politico” istintaqla tanış olan iki ano­nim şəxsin sözlərinə istinadən yazır ki, Belçika polisi ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasında çalışmış parlament köməkçisinin əlaqələrini araş­dırır. İndi həmin şəxs ifrat sağçı hollan­diyalı deputat Marsel de Qraffın yanında işləyir. De Qraaffın ofisi saytın sorğusuna cavab verməyib. AfD son aylarda bir sıra qalmaqallarla üzləşib və aprel ayında Avropa Parlamentinin yüksək rütbəli de­putatı Maksimilian Krahın köməkçisinin həbsi bütün media orqanlarının müza­kirə mövzusuna çevrilmişdi. Almaniya hüquq-mühafizə orqanları Jian G. adlı köməkçinin “Çin məxfi xidmətinin əmək­daşı” olduğunu bildirmişdi.

Bundan qısa müddət sonra Almani­yanın Drezden dövlət prokurorları Krahın “Avropa Parlamenti deputatı kimi fəaliy­yətinə görə” Rusiya və Çindən ödənişlər qəbul etməsi ilə bağlı ilkin araşdırmalara başlayıb. “Politico”nun məlumatına görə, bu ayın əvvəlində Belçika və Almani­ya polisi casusluq təhqiqatı ilə əlaqədar Maksimilian Krahın Avropa Parlamenti­nin ofisində axtarış aparıb. Avropa Parla­mentinə seçkilərdə AfD-nin əsas namizə­di olan M.Krah casusluq və korrupsiya iddiaları, habelə nasist dövründən qalma Waffen-SS ilə bağlı son qalmaqallı ifa­dələrindən sonra seçki kampaniyasını dayandıracağını və partiyasının liderlik şurasından istefa verəcəyini açıqlayıb. Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı “Politico”ya şərh verməkdən imtina edib. 

Xatırladaq ki, bu, Belçika polisinin keçirdiyi ilk belə əməliyyat deyil. Ötən ilin aprel ayında Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan is­tintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahı­na basqın etmişdilər. Avropa Xalq Par­tiyası Avropa Parlamentində ən böyük fraksiyadır və üzvləri ən çox yerə sa­hibdirlər. İstintaqla bağlı əlavə məlumat verilməsə də, “Thueringer Allgemeine” qəzeti mənbələrə istinadən bildirib ki, basqın Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində EPP-nin seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədardır. İstintaq Foyqtun kampa­niya zamanı müqavilə bağladığı bir inter­net şirkətindən mükafat alması ilə bağlı iddiaları araşdırır. Avropa Xalq Partiya­sının üzvləri Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilərdir.

Yeri gəlmişkən, xatırladaq ki, Avropa Parlamentinin divarları arasında Avropa İttifaqının qanunverici orqanında ermə­nipərəst və anti-Azərbaycan qətnamələ­rini fəal şəkildə təbliğ edən erməni dostluq qrupu fəaliyyət göstərir. Qrupun fəaliyyətində əsas hərəkətverici qüvvə erməni mafioz lobbisinin “boz nüfuzu” milyarder Kaspar Karampetyanın rəhbər­lik etdiyi Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyasıdır (EAFJD). Sonuncular Qarabağın işğalı illərində av­ropalı deputatların qeyri-qanuni səfərləri­ni təşkil edib, qondarma “artsax respubli­kası”nı beynəlxalq aləmdə tanıtmaq üçün dəfələrlə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə açıq çağırışlar ediblər. Eyni zamanda, EAFJD avropalı deputatların bütün antiazərbaycan təşəb­büslərini səxavətlə ödəyib.

Mayın 10-da ABŞ-nin “Atlantic Coun­cil” təşkilatının saytında da Avropa Par­lamentini bürüyən qalmaqallarla bağlı məqalə dərc olunmuşdu. Materialda qeyd edilir ki, bu ilin əvvəlində Hollandi­yanın “Pulları izləyin” platforması Avropa İttifaqının iyirmi iki üzv ölkəsindən olan Avropa Parlamentinin daimi üzvlərinin 25 faizinin milli və ya beynəlxalq səviy­yədə hansısa qalmaqalda iştirak etdiyini bildirir. İstintaqın ümumi mövzusu avro­palı deputatların xarici dövlət rəsmiləri ilə əlaqəsi olub. Hesabatda 2022-ci ilin dekabrında bir neçə avropalı deputatın “təsir üçün nağd pul” sxemində iştirak et­diklərinə görə həbs edildiyi yüksək profilli “Qətərqeyt” qalmaqalı da yer alıb. 

“Atlantic Council” təşkilatının materi­alında yazılır ki, qarşıdan gələn seçkilər Avropa Parlamentinin xarici müdaxilədən qorunmasının aktuallığını artırır. Buna nail olmaq üçün Aİ təsisatları xarici tə­sirin daha sərt tərəflərini təqdim etməli, habelə hüquqi cəhətdən məcburi olan tənzimləmələrdə islahatlar aparmalıdır. Eyni zamanda, Aİ deputatları şəffaflıq və antikorrupsiya islahatlarının üzv döv­lətlərin vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə xələl gətirməməsini təmin etməlidir. Saytda bildirilir ki, hazırda Av­ropa Parlamentinin hazırkı və keçmiş deputatları çox vaxt Rusiya və ya Çinlə əlaqəli xarici hökumətlərlə qalmaqallara qarışıblar: “Mart ayında Avropa Parla­menti 2004-cü ildən Rusiya agenti kimi işləməkdə ittiham olunan latviyalı depu­tat Tatyana Jdanokla bağlı araşdırmaya başlayıb. Xəbər saytları Jdanoku Rusiya FSB-də işləyən bir işçi ilə əlaqələndirən çoxsaylı məktublar dərc edib”. Bundan əlavə, “Atlantic Council” qeyd edir ki, “Av­ropanın səsi” saytının bəzi videoları, gö­rünür, Avropa Parlamentinin şəxsi studi­yası olan “VoxBox” da çəkilib və Kremlin tezislərini, o cümlədən Ukraynanın Aİ-yə daxil olmasına və Rusiya ilə sülh danışıq­larının lehinə arqumentləri yaymaq üçün qurumun yayım sisteminin “ürəyindən” istifadə edib. 

ABŞ təşkilatı materialında belə bir suala cavab axtarıb: Aİ demokratiyanı qoruya biləcəkmi? “Qətərqeyt”dən sonra Avropa Parlamenti və Avropa Komissiya­sı Aİ-də demokratik prosesin qorunması qaydalarını sərtləşdirib. “Atlantic Council” xatırladır ki, ötən ilin sentyabr ayında par­lament avrodeputatların şəxsi maraqları­na dair ətraflı bəyannamələr, ildə beş min avrodan çox xarici gəlirlərin hesabatı və Aİ-də qərar qəbuletmə prosesinə birbaşa təsir göstərə biləcək pullu lobbi fəaliyyət­lərində iştirakın qadağan edilməsini tələb edən yeni qaydalar qəbul edib. Bundan başqa, Avropa Komissiyası 2023-cü ilin dekabrında Avropa Parlamentinin 2024-cü il seçkilərinə hazırlıqla bağlı islahatları ilə eyni vaxtda “Demokratiyanın qorun­ması” paketini qəbul edib. Plan şəffaflığı artırmaq və Avropa institutlarını korrupsi­yadan qorumaq üçün hazırlanmış qayda­ları ehtiva edir.

“Atlantic Council”in materialında eh­timal edilir ki, antikorrupsiya islahatları Aİ institutlarına öz reputasiyalarını bərpa etməyə və şəffaflıq, habelə dürüstlüyün təmin olunmasına kömək edəcək. Ancaq son qalmaqal xəbərləri göstərir ki, kor­rupsiya mərəzinə tutulmuş Avropa Par­lamentinin fəaliyyətində şəffaflığı təmin etmək çox çətin olacaq. 

S.ELAY
XQ

Siyasət