Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ənənəvi “Omar Kuboku” uğrunda konkur yarışları təşkil edilib.
“Omar” Atçılıq Mərkəzində keçirilən və “A*” kateqoriyası 90 santimetr və “M*” kateqoriyası üzrə isə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla mübarizə aparıblar. 12 idmançının iştirak etdiyi “A*” kateqoriyasında yarışda “Məktəb” atçılıq klubunun idmançısı Leyla Mirzəyeva “Tibet” ləqəbli atla 1-ci, həmin məktəbin digər idmançısı Kamilla Həsənbəyova “Pür-Pür” ləqəbli atla 2-ci, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov “Lothar 41” ləqəbli atla isə 3-cü yerləri tutublar. “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançısı Rüqayə Məhərrəmova “Püstə”, “Sərhədçi” atçılıq klubunun idmançısı Qəzənfər Fərzəliyev isə “Əsanə” ləqəbli atlarla sonrakı pillələrdə qərarlaşıblar.
“M*” kateqoriyasında yaş məhdudiyyəti olmadan 21 idmançının mübarizə apardığı yarışda “Gilan” atçılıq klubundan Rahib İsmayılov “Carthanio” ləqəbli atla qalib adını qazanıb. “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə bu dəfə “Lothar 41” ləqəbli atla 2-ci yeri tutub. “Elit” atçılıq klubunun idmançıları Seyid Musayev “Ayla”, Anar Hümbətov “Damla”, Aydan Ağayeva “Zirvə” ləqəbli atlarla ilk 5-likdə yer alıblar.
Yarışın sonunda hər iki kateqoriyada ilk 5 yerin sahibi Fəxri Fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
L.QURBANOVA
XQ