AİJA futbol komandası Kişinyov-2024 Beynəlxalq Media Kubokunun qalibi oldu

post-img

Razılıq versək də, ermənilər turnirdə bizimlə qarşılaşmaqdan çəkindilər.  

Bunu mediaya açıqlamasında Azərbaycan İdman Jurnalistləri Assosasiyasının (AİJA) prezidenti Eldar İsmayılov idman jurnalistlərindən ibarət minifutbol komandamızın Moldova paytaxtı Kişinyovda keçirilən ənənəvi Beynəlxalq Media Kubokunda çıxışını dəyərləndirərkən deyib. Sonra qeyd edib ki, püşkatmadan öncə bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdular. Razılıq verdik. Hər halda, beynəlxalq yarışdır. Ermənilər isə çəkindilər. Onlar sonradan heç öz qruplarından da çıxa bilmədilər”.

E.İsmayılov bütün oyunları qələbə ilə bitirib çempion olduqlarını söyləyib: “Çox gərgin yarış keçdi. İlk oyunda Almaniya komandasını böyük hesabla məğlubiyyətə uğratdıq. Daha sonra İsraillə qarşılaşdıq. Bu komandada əsasən ukraynalı jurnalistlər çıxış edirdilər. Aralarında peşəkarlar da vardı. Son dərəcə hazırlıqlı olmalarına baxmayaraq, onları 1:0 hesabı ilə məğlub etdik. Üçüncü oyunda Moldovanı 4:2 üstələyərək yarımfinala yüksəldik. Bu mərhələdə gürcüstanlı həmkarlarımızla qarşılaşdıq və qələbə qazandıq. Finalda isə Rumıniyaya böyük hesabla qalib gələrək tam qələbə qazandıq və çempion kubokunu Bakıya gətirdik”.

0, 2014-cü ildə Kişinyov turnirində ikinci yeri tutduqlarını xatırladıb: “Moldovanın idman jurnalistləri assosiasiyası hər il beynəlxalq Media Kuboku təşkil edir. 2014-cü ildə də həmin yarışda iştirak etmişdik. Komandamızın kapitanı rəhmətlik Elnur Əşrəfoğlu idi. O vaxt finalda Moldova komandası ilə qarşılaşdıq. Rəqibin heyətində o vaxtkı ölkə prezidentinin oğlu da oynadığı üçün nəyin bahasına olur-olsun, qələbə qazanmağa çalışırdılar. Həmin vaxt ikinci olduq. Ötən il sponsor tapa bilmədiyimiz üçün bu yarışa gedə bilmədik”.

Qeyd edək ki, Avropa Media Kubokunun finalında Rumıniyanı 7:3 hesabı ilə məğlub edən Azərbaycan yığması ilk dəfə çempion tituluna yiyələnib.

AİJA MƏTBUAT XİDMƏTİ

 

 



























İdman