Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb

post-img

Macarıstanda Eqer şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı da mübarizə aparıb.

Altımış kiloqramda Tağı Nəsibov yerli Daniel Frankla qarşılaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçu 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. O, həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gələcək.

Yetmiş bir kiloqramda Abbasqulu Şadlinski də komanda yoldaşının uğurunu təkrarlayıb. O, yarımfinalda Rastislav Aniskodan (Slovakiya) güclü olub – 5:0 (29:27, 29:28, 29:28, 29:28, 29:28). Şadlinski finalda Arpad Jamborla (Macarıstan) qarşılaşacaq.

Qeyd edək ki, finallar bu gün keçiriləcək.

İdman