Bu, komandamızın 18-ci Olimpiya lisenziyasıdır
Azərbaycan komandası Paris Yay Olimpiadasına daha bir lisenziya qazanıb. Dördilliyin ən nüfuzlu idman yarışına vəsiqə bu dəfə akademik avarçəkmə üzrə yığmadan gəlib.
Millimizin üzvü Diana Dımçenko Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında yarımfinalda finişə hamıdan tez çatmaqla bu uğura nail olub. İdmançımız 2 min metr məsafəyə yürüşdə gərgin mübarizənin sonunda ukraynalı rəqibini qabaqlayaraq birinci olub. Bu nəticə ilə avarçəkənimiz A finalına vəsiqə qazanıb. Reqlamentə görə, A finalında yarışda ilk üçlükdə qərarlaşan idmançılar olimpiadaya vəsiqəni təmin edirlər. Diana Dımçenko həlledici mərhələdə 2-ci yeri tutaraq Parisə lisenziya əldə edib.
İdmançı açıqlamasında havanın küləkli olması səbəbindən yarışın çox çətin keçdiyini bildirib:
– Havanın küləkli olması avarçəkənlərə mane olurdu. Yarışa yaxşı hazırlaşmışdım. Düşünürəm ki, bu uğur əziyyətin, çox çalışmağın nəticəsidir.
D.Dımçenko Olimpiadaya lisenziya qazandığı üçün xoşbəxt olduğunu vurğulayıb.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında təmsil olunub.
Xatırladaq ki, bu, Azərbaycanın “Paris-2024”ə ümumilikdə 18-ci lisenziyası olub.
Leyla QURBANOVA
XQ