“Ad günü” qəhrəmanının 80-ci ad günü

post-img

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli teatr və  kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. 

Tədbiri giriş sözü ilə açan Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova sənətkarın həyat və yaradıcılığından danışdı. 

Sonra tədbir iştirakçılarına Xalq artisti Hacı İsmayılovun yaradıcılıq yolunu əks etdirən video-çarx nümayiş olundu. 

İstedadlı aktyorun çoxşaxəli yaradıcılıq yoluna ekskurs edən sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə onun təkcə səhnədə oynadığı rolları analiz etməklə kifayətlənməyib, kinodakı obrazlarının da təhlilinə geniş yer ayırdı. “Hacı İsmayılovun Azərbaycan kinosunda yaratdığı obrazlar da səhnədə oynadığı rollar qədər tamaşaçılar tərəfindən sevilir”, – deyən M.Əlizadə görkəmli sənətkarın çəkildiyi “Ad günü”, “Həm ziyarət, həm ticarət”, “Yol əhvalatı” “Bəyin oğurlanması” və sair kimi filmlərdəki koloritli obrazları milli kinonun inciləri adlandırdı.  

Hacı İsmayılovun yaradıcılığında teletamaşaların xüsusi yer tutduğunu vurğulayan Xalq artisti, rejissor Ramiz Həsənoğlu birgə işlədiyi bir neçə tamaşada onun istedadı, aktyorluq bacarığı ilə yanaşı, məsuliyyətini də nümunə göstərdi. 

Xalq artistləri Mərahim Fərzəlibəyov, İlham  Namiq Kamal, Həmidə Ömərova və digərləri həmkarları Hacı İsmayılovun bir sənətkar kimi uğurlu və unudulmaz fəaliyyətindən bəhs etdilər, Teatr Xadimləri İttifaqının sədr əvəzi kimi onun  idarəçilik keyfiyyətlərini də təqdirəlayiq saydılar.  

 

R.Qurbanlı 
XQ

 

Mədəniyyət