“İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri”

post-img

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib. Toplantı Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu il 100 yaşı tamam olan Naxçıvan MR-in muxtariyyətinin XX əsr siyasi tariximizin parlaq səhifəsi olduğunu vurğulayıb. O, iqlim dəyişikliyinin fəsadlarını, iqlim dəyişmələri fonunda əməyin mühafizəsinin daha da aktuallaşdığını, bu baxımdan Naxçıvan şəhərində keçirilən konfransın önəmini diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olaraq bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyini bildirib. Nazir iqlim dəyişikliyinin əməyin mühafizəsinə müxtəlif yollarla təsir etməsinin işçilərin sağlamlığı və təhlükəsizliyinin təmin olunmasını daha da aktuallaşdırdığını, hazırkı konfransın da cəmiyyətin, xüsusilə işəgötürənlərin bu mövzuya diqqətinin daha da artırılmasına xidmət etdiyini bildirib. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Milli Məclisin deputatı Musa Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəisi  Muhammed Fatih Alodalı, İslam Əmək Təşkilatının Əmək Mərkəzinin Katibliyinin baş direktoru Azər Bayramov, BƏT-in Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev konfransın əhəmiyyətini vurğulayıblar. 

“İqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsində mövcud çağırışlar” və “Naxçıvan MR-də əməyin mühafizəsi sahəsində perspektivlər” mövzularında panel müzakirələr aparılıb. Konfransdan sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq Naxçıvan şəhərində əlilliyi olan şəxslərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. 

 

XQ

Naxçıvan

 

Sosial həyat