Amerika və Asiya nəhəngləri güc nümayiş etdirir
ABŞ və Çinin dünya liderliyi uğrunda mübarizəsi artıq həlledici mərhələyə daxil olur. İki qoçun başı bir qazanda qaynamadığı kimi, bu iki super güc də dünyanı heç cür bölüşmək istəmir. Bu sərt mücadilədə kimin qalib gələcəyini əvvəlcədən demək çətindir. Qərb və Çin sivilizasiyaları bir-birinə yad dəyərlər daşıyıcılarıdır. Onların ümumi məxrəcə gələcəklərini təsəvvür etmək belə çətindir.
Bu məqamda tarixə kiçik bir ekskursiya etməyə ehtiyac var. Bəllidir ki, İkinci Dünya müharibəsinin iki əsas qalib dövləti – ABŞ və keçmiş SSRİ dünyanı iki əks ideoloji düşərgəyə bölərək öz aralarında ciddi rəqabətə başladılar. 1980-cı illərin sonunda (prezident Ronald Reyqanın səyləri məxsusi qeyd olunmalıdır – red) məlum oldu ki, Kreml bu gərgin yarışda uduzub. Bu nəticə həm də planlı iqtisadiyyatın azad bazar sisteminə məğlubiyyəti idi.
Sonrakı dönəmdə Vaşinqton dünyanı vahid dirijor pultundan arzu etdiyi kimi idarə edirdi. Lakin 2008-ci ilin avqustunda, yəni Rusiyanın Gürcüstana hərbi müdaxiləsi göstərdi ki, Moskva artıq “ümumi oyun qaydaları”na boyun əymək istəmir. Xüsusilə 2014-cü ildə Krımın ilhaqından sonra bəlli oldu ki, Obama administrasiyası dünya üçün güvənc yeri olmaq gücündə deyil.
O biri tərəfdən Çin sürətlə inkişaf edərək liderlik uğrunda həlledici döyüş üçün gücünü toparlayırdı. “Sarı əjdaha” nəinki Uzaq Şərq regionunda, Afrikada, hətta ABŞ-ın qulağının dibində Latın Amerikasında güclü iqtisadi dayaqlar yaratdı. Ağ ev bunun fərqindədir. Pentaqon öz növbəsində elan etdi ki, ABŞ milli maraqları üçün Çin təhdid mənbəyidir.
Beləliklə, ABŞ bir nömrəli rəqibini iqtisadi və hərbi cəhətdən zəiflətmək niyyətinə düşüb. Vaşinqtonda hesab edirlər ki, yaxın bir neçə il ərzində Çini ram etmək mümkün olmazsa, onu sonra durdurmaq, sadəcə müşkül olacaq. Bu, Birləşmiş Ştatlar üçün arzuolunmaz qara yuxudur! Gecikmək uduzmağa bərabərdir.
Bəlli olduğu kimi, Çin iqitisadiyyatı ixracyönümlü iqtisadiyatdır. Bu, “səmavi dövlət”in ən zəif yeridir. Vaşinqton məhz Axillesin ən zəif yeri – dabanını hədəfə alıb. ABŞ dövləti Çinin əsas ixrac bazarlarındakı mövqelərini zəiflətməyə cəhd edir. Dünyada aparılan vəkalət müharibələrin əsas səbəblərindən biri budur.
Ağ ev Rusiya–Ukrayna müharibəsinin başlanmasına və artıq iki ildən çoxdur ki, davam etməsinə “kömək etməklə” Avropa İttifaqı (Aİ) – Çin əlaqələrinə sarsıdıcı zərbə endirib. Aİ liderləri Pekinə tez-tez səfərlər edərək, bu ölkə ilə hərtərəfli əlaqələri davam etdirmək əzmində olduqlarını vəd etsələr də, “Sem dayı”nın ismarıclarını Pekinə çatdırmalı olurlar. Mesaj isə bundan ibarətdir ki, Çin Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etməməlidir.
Pekin artıq bu təzyiqlərə baş əymək istəmir. Bu günlərdə ABŞ-nin dövlət katibi Entoni Blinken Pekinə səfər edərək Çin rəhbərlərini Rusiyaya hərbi və iqtisadi dəstək verməkdən vaz keçməyə çağırıb. Ağ ev Pekini yeni sanksiyalarla qorxutmağa çalışır. Çin rəsmiləri isə ABŞ-ı “qırmızı xətt”i keçməyə cəhddə suçlayırlar.
Amerikanın “baş diplomatı”nın Pekində müzakirələr apardığı gün Çinin müdafiə naziri Astanada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb. Üstəlik, Çin rəsmisi NATO-nu Rusiyaya qarşı hərbi əməliyyatlara dəstək verdiyinə görə qınayıb. Bu, açıq mətnlə Vaşinqtona “mən sənin çaldığın havaya oynamaq fikrində deyiləm” mesajıdır.
Çin Rusiyanın Ukrayna cəbhəsində nə qalib gəlməsini, nə də uduzmasını arzulayır. Pekinə onun iradəsi ilə hesablaşan bir Rusiya lazımdır. Şimal qonşusunun nəhəng təbii resursları Çin iqtisadiyyatına çox böyük fayda verə bilər. Bugünün özündə də Çin Rusiyadan enerjini güzəştli qiymətlərlə alır. Rusiyanın isə Çinin dominantlığını qəbul etməsi inandırıcı görünmür.
Rusiya–Ukrayna müharibəsinin nəticəsi yeni dünya düzəninə ciddi təsir edəcək. Qərb bu müharibədən artıq yorulub. Vaşinqton Kiyevi acı reallıqla barışmağa vadar edərək bütün gücünü Çinə qarşı həlledici mücadiləyə səfərbər etməyə çalışır. Görünən budur ki, ABŞ Asiya regionundakı müttəfiqlərini ətrafına toplayıb son savaşa hazırlaşır.
Belə bir həlledici məqamda türkdilli dövlətlərin öz milli maraqlarına uyğun olaraq bir araya gəlməsi böyük önəm daşıyır. Planetin bir siyasi mərkəzdən idarə olunması artıq imkansız görünür. Yaxın gələcəkdə dünyanın tək, iki, yaxud çoxqütblü olması məlum olacaq. Böyük ehtimalla dünyada etnik, dini zəmində bir necə yeni güc mərkəzi formalaşacaq.
Biz bu yazının əvvəlində qeyd etmişdik ki, Qərb sivilizasiyasının öz yerini Çin sivilizasiyasına verəcəyi ağlabatan görünmür. Ən azı ona görə ki, nə qədər qədim olsa belə, çağdaş dünya xalqlarının böyük əksəriyyəti çinlilərin həyat və düşüncə tərzini qəbul etmək niyyətində deyil. Onların bir çoxu üçün bu, tarixin inkişaf təkərini geri döndərmək cəhdidir.
Yadımdadır, bir dəfə Rusiya televiziyası ilə çıxış edən məşhur kosmonavtlardan biri dedi ki, kosmosdan Yer kürəsi bir futbol topu qədər kiçik görünür. Lakin bu planet bütün bəşəriyyət üçün doğmadır. Axı, sonsuz bir qalaktikada həyatın şərəfi sayılan insanın yaşadığı yeganə planetdir. Bəli, dünyanın heç bir supergücünün bəşəriyyətin taleyi ilə oynamaq haqqı yoxdur.
Güləhməd TALIBOV,
Azərbaycan Texniki Universitetinin professoru
ABŞ və Çin artıq barışmaz rəqiblərə çevirlir. Vaşinqton nəyin bahasına-olursa olsun, Çin iqtisadiyyatını çökdürməyə çalışır. Rusiya Federasiyasına “ikili təyinatlı mallar” tədarükünə görə, bəzi Çin müəssisələrinə qarşı sanksiyalar artıq qüvvədədir.
Çin lideri Si Cinpin, həmçinin Tayvana hücum hazırlamaqda və Cənubi Çin dənizində “aqressiv davranışda”, ucuz mallarının “həddindən artıq” ixracında ittiham olunur. ABŞ, həmçinin Avstraliya və Böyük Britaniya ilə Çinə qarşı təhlükəsizlik paktı imzalayıb və Filippində Çin sahillərinə çatan orta mənzilli raket sistemi yerləşdirib.
Bu günlərdə isə Tayvana bir neçə milyard dollarlıq yardım barədə qərar qəbul edib. Bundan başqa, Prezident Cozef Bayden Çinə məxsus “Tik-Tok” sosial şəbəkəsini ABŞ-də qadağan etməyə imkan verən qanun layihəsini imzalayıb.
Ekspertlər isə bildirirlər ki, bu və digər mənfi amilləri əsas götürərək Çin də ABŞ-la müharibəyə hazırlaşır. Bu ölkədə 2022-ci ilin iyulunda separatizmə qarşı qanun qəbul edilib. Bu qanun Tayvan problemini müharibə yolu ilə həll etməyə imkan verir. Səfərbərlik qaydaları təcrübəli hərbi qulluqçuların çağırılmasının lehinə dəyişdirilib. Müdafiə xərcləri, o cümlədən orduda süni intellektin tətbiqi üçün xərclər artırılıb.
Si Cinpin ölkədə dünya səviyyəli hərbi tibb universitetləri yaradır. O qeyd edir ki, onlar diqqətini “döyüş meydanı və qoşunlara” yönəltməlidir. Çin həm də çoxlu qızıl alır. Çünki qızıl yeganə sərvətdir ki, dəyəri yüksəlir və ABŞ-ın dollar hegemonluğuna tabe deyil.
Analitiklərin yazdığı kimi, Çin Milli Bankı da gizli şəkildə qızıl alır və onun ümumi ehtiyatları 5300 tonu ötüb ki, bu da rəsmi məlumatlardan 2,5 dəfə çoxdur. Bu, təbii ki, gələcəkdə silah almaq üçün ən yaxşı maliyyə mənbəyidir. Bununla yanaşı, Çin ABŞ-ın Federal Ehtiyatlar Sisteminin istiqrazlarını satır. Pekin bu istiqrazların əsas alıcılarından biridir.
O biri tərəfdən ABŞ dünyanın texnoloji baxımdan ən güclü iqtisadiyyatına malikdir və bu ölkənin şirkətləri texnoloji inkişafda öndədirlər. Xüsusilə kompüterdə, əczaçılıqda və tibbdə, aerokosmik sənaye və hərbi texnikada da ilk sıralardadır.
Ümumiyyətlə, ABŞ iqtisadiyyatı dünyanın ən çoxşaxəli milli iqtisadiyyatıdır və demək olar ki, son 100 ildə qlobal iqtisadiyyatda liderliyini qoruyub saxlayır. Hələlik, bu iki nəhəng bir-birinə qarşı əzələ nümayiş etdirir. Sonrasından Allah qorusun!
Məsaim ABDULLAYEV,
Pünhan ƏFƏNDİYEV
XQ