Ermənilərin Zəngəzur cinayətləri

post-img

(Əvvəli qəzetin ötən nömrəsində) 

Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün sonra, noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan ilə əlaqələrə dair məsələ müzakirə edildi. Müzakirə nəticəsində aşağıdakı belə bir qərar qəbul olundu: “Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur... Ermənistana keçir...”

Tapşırığı yerinə yetirən bolşevik rəhbərləri Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdilər. Bu barədə bəyanatda yazılırdı:

“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; ...Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”. 

Buradakı cinayətlərinin üstünün açılacağından qorxaraq 1920-ci ildən sonra Bolqarıstana qaçan Njde oranın vətəndaşlığını qəbul edib. Sonra nasist Almaniyasına gedərək faşistlərə qoşulub, onlarla sovet hökümətinə qarşı əməkdaşlıq edib, Hitlerlə görüşüb və general rütbəsinə yüksəldilib. 1942-ci ildə faşist ordusunun tərkibində erməni dəstələri yaradıb. Sofiya Sovet Ordusu tərəfindən tutulduqdan sonra o, həbs edilərək 
SSRİ-yə gətirilib. 1955-ci ilə kimi Moskva, İrəvan, Vladimir və Daşkənd türmələrində saxlanılıb. 1955-ci ildə Vladimir türməsində ölüb. Meyiti 1983-cü ildə gətirilərək Qafandakı Spitakvor kilsəsinin həyətində basdırılıb. Njde qədim türk torpağı, eradan əvvəl 8-ci əsrdən türklərin yaşadığı Süniki, yəni indiki Zəngəzuru işğal edərək Ermənistana birləşdirməsi ilə həmişə fəxr edib. Bununla bağlı ermənicə yazışmalar, Njdenin əmrləri və bölgədən göndərilən raportlar, Ermənistan Xarici İşlər Nazirliyinə yazılmış məlumatlar Zəngəzur cinayətlərinin aşkar sübutudur. Zəngəzurda yaşanan bu faciələr sonradan SSRİ-nin bu ərazini ermənilərə verməsi Azərbaycanın Türkiyə ilə quru ərazisindən mərhum edilməsi məqsədini güdmüşdür. Həmin sənədlərdə buna işarələr vardır. 

2004-ci ildə Serj Sarkisyan başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Qaregin Njdenin təlimi” kitabı hər bir erməni üçün stolüstü kitab anlamına gəlir. Ermənistanın müstəqillikdən sonra ən böyük büd-
cəli (7 milyon ABŞ dolları) filmi “Milli qəhrəman” Qaregin Njde haqqında çəkilən film olmuşdur (2013-də nümayiş olunmuşdur). Njdenin əsas hədəfi türklər və Türkiyə, Azərbaycan, tək məqsədi də xarici ölkələrə yayılmış ermənilərdə türklərə qarşı genetik bir nifrət meydana gətirmək idi. 

“Türklərə və azərbaycanlılara nifrətlə dolu olan Njde irqçiliyinin bəzi ifadə şəkilləri fərqli olsa da, obyekt eynidir: “Harda türk görsən öldür! O sənin bioloji varlığın üçün təhlükədir”. 2016-cı ildə Qaregin Njdeyə heykəl qoyulması bu irqçi düşüncənin təntənəsi idi. Bir zamanlar Mussolinin yaratdığı faşist təlimdən və onun kitablarından təsirlənən və faşizmi bir dünyagörüşü olaraq mənimsəyən erməni ideoloq Qaregin Njde elə eyni illərdə erməni irqçi təlimi olan Tsexakronu hazırlamışdır. Ermənicə dərs kitablarında Njdedən bəhs edilən hissədə onun faşizmi təbliğ edən, onunla öyünən fikri verilir: “Faşizmin varlığı, hitlerizm haqqında bir bilgi yoxkən bu ideologiyanı 1919-da Sünik dağlarında bizim David Bek qisasçıları ayaqda tuturdular”. 

Kitabın başqa bir yerində Njdenin bu fikirləri çatdırılır: “Kim Türkiyə ilə bərabərsə, o, mənim millətimin və bizim tarixi ərazilərimizə sahib olma haqqımızın düşmənidir… Elə bir düşmən ki, onu heç Allah belə mənimlə barışdıra bilməz. Budur mənim siyasi davranış tərzim… ”                             

Njde həbs ediləndən sonra istintaq zamanı Zəngəzur və digər bölgələrdə də törətdiyi cinayətləri də inkar etmişdi. Amma bu cinayətləri törədərkən orada olan öz erməniləri Njdenin qırmızıqvardiyaçılara və türklərə nə qədər vəhşicəsinə, qəddarcasına davrandığının şahidi olmuş və ifadələrində bu saxta erməni “qəhrəmanı” ifşa etmişdilər. Məsələn, erməni şahid Arsen Xoylunts öz ifadəsində onun vəhşiliyini belə ifadə etmişdi:

“1920-ci ilin sonu və 1921-ci ilin əvvəlində Njdenin qərargahının yerləşdiyi Tatev monastırında, onun rəhbərliyi ilə güllələnmə və qayadan diri-diri atılmaqla 400 qırmızı qvardiyaçı rus, kommunist, inqilabi ruhda olan erməni kəndli və fəhlələri öldürülmüşdür.  1921-ci ilin iyulunda Zəngəzurda sovet hakimiyyəti elan olunandan və daşnak orduları ləğv olunandan sonra mən rayon partiya komitəsinin Tatev sahəsinin katibi təyin edildim. Mənim şəxsi rəhbərliyimlə cənazələr toplanaraq dəfn edildi. Təxminən, 400-ə yaxın cəsəd toplanmışdı”. 

Digər bir şahid Avak Canunts isə ifadəsində təsdiq etmişdi:

“...1920-ci ildə Njde Dro Kanayanla birlikdə Qubadlı rayonunun 100-dən çox azərbaycanlı kəndini talan etdilər. Talandan sonra bu kəndlər Njde və Dro tərəfindən yandırılmışdır. Bu kəndlərin ən böyüyü Şurnuxi və başqaları idi.

İrana qaçarkən Njde əmr etdi ki, Zəngəzurdakı bütün kommunistlərin əmlakı müsadirə edilsin. Tabeçiliyindəkilər bunu icra etdilər”. 

 Njdenin əldə yazılı olan bir ultimatumu var. Ermənistan siyasi tarix arxivində saxlanılır. 27 sentyabr 1920 tarixli sənəddə Njdenin bu fikirləri yer alır 

"Türkləri və rusları mən elə bir zövqlə öldürürəm ki, sanki onları döyüşdə və göylərdə məhv edirəm!” 

Njdenin Almaniyanın faşist rəhbərləri ilə əlaqələri nəticəsində yaratdığı 10 minlik erməni legionu SSRİ-yə qarşı döyüşlərdə iştirak etmişdi. Njdenin devizi bu idi: “Almaniya üçün ölən Ermənistan üçün ölür”. 

Saysız-hesabsız cinayətlər törətmiş və Zəngəzurda “Dağlıq Erməni Respublikası” elan etmiş bu cinayətkar bölgəni Azərbaycan türklərindən təmizləməyə nail olmuşdu. 1920-ci illərdə buranın mübahisəli əraziyə çevrilməsində Njdenin bu cinayətlərinin rolu olmuş və ərazini Azərbaycandan qoparmaq üçün əsaslar yaratmışdır. Bu gün də ermənilər Qərbi Zəngəzurun Ermənistanın tərkibində olmasını Njdenin xidməti kimi təqdim edirlər.

Hələ Ermənistanda sovet hakimiyyəti qurulmamış həmin əraziyə erməni iddiaları ortaya qoyulmuşdu. Zəngəzurda görünməmiş cinayətlər, əsl soyqırımı törətmiş, alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana (Njdeyə) Ermənistanda heykəl qoyulması Ermənistanın əsaslarının yarandığı gündən məhz terrorizm üzərində qurulmasından xəbər verir. Azərbaycan torpaqlarının işğal edilməsində, xalqımıza qarşı soyqırımının həyata keçirilməsində də bu cür faşist, nasist əhval-ruhiyyə mühüm rol oynayıb. Njdeyə sitayiş, onun yaratdığı faşist təliminin təbliği və Ermənistan dövlətinin ideologiyasına çevrilməsi göstərir ki, bu ölkə irqçi düşüncədən uzaqlaşmamışdır.

Qafar Çaxmaqlı,
XQ-nin Türkiyə müxbiri 

 



Siyasət