Mir Cəlal hekayə müsabiqəsi yekunlaşdı

post-img

Aprelin 29-da “Ədibin Evi”ndə Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb. 

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fon­dunun icraçı direktoru Şəfəq Mehrəliyeva Mir Cəlalın bənzərsiz yaradıcılığından, xüsusilə onun Azərbaycan ədəbiyya­tında hekayə janrının inkişafına verdiyi töhfələrdən söhbət açıb. 

Ş.Mehrəliyeva qeyd edib ki, müsa­biqə barədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən ötən il noyabrın 1-də elan verilib və hekayələrin qəbulu bu il martın 1-dək davam edib. Builki müsa­biqədə 230 müəllifin 261 hekayəsi nəzər­dən keçirilib. 

Münsiflər heyətinin üzvü, şair-yazıçı Aqşin Yenisey bu müsabiqənin keçirilmə­sini Azərbaycan yazılı dilinin yaşadılma­sı, hekayə janrının inkişafı, gənc istedadlı nasirlərin üzə çıxarılması, tanıdılması baxımından yüksək qiymətləndirib.

Tədbirdə müsabiqənin münsiflər heyətinin üzvü olmuş, mərhum alim, pro­fessor Şirindil Alışanlının da xatirəsi anı­lıb. Fərid Hüseyn özünün hazırladığı və Şirindil Alışanlının “Ön söz” yazdığı Mir Cəlalın böyük şairimiz Nizamiyə həsr et­diyi elmi əsərlərinin toplusu olan “Nizami Gəncəvi dünyası” kitabının ilk nüsxəsini iştirakçılara təqdim edib.

Sonra qaliblər mükafatlandırılıb.

Müsabiqədə Asim Arazlı “Kələntər dayı”, Aliq Məmmədov “Naqafil alver” və Aysel Şıxlı “Sonsuzadək gülümsəyən uşaq” adlı hekayələrinə görə 3-cü yerə layiq görülüblər. “Yanğınların dili olsa” hekayəsinin müəllifi Nuranə Abbasova və “Heyvagülü” adlı hekayəsinə görə Yaşar Əhmədov müsabiqədə ikinci yeri tutublar. Münsiflərin yekdil rəyi ilə Mir Cəlal adına hekayə müsabiqəsində birinci yerə Leyla Əliyevanın “İşıq” hekayəsi layiq görülüb. 

Mükafat fondu I yer üçün 3000 manat, II yer üçün 2000 manat, III yer üçün 1000 manat nəzərdə tutulub.

Qalibləri təbrik edən ADA Universi­tetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, bu müsabiqə yeni-yeni nasirlə­rin tanınmasına və onların öz qələmlərini hekayə janrında sınamasına təkan verib.

XQ



Mədəniyyət