(Mahirə Hüseynova. “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” kitabı. Bakı, 2020-ci il)
Qədim və ortaq kökdən qaynaqlanan türk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiya məsələləri bu günədək türkologiyada, demək olar ki, əsaslı və fundamental şəkildə araşdırma obyektinə çevrilməmişdir. Bu sahədə yeni araşdırmaların zəruriliyi ilə yanaşı, bəzi problemli məsələlər də öz həllini gözləməkdədir.
Ümumtürk dillərinin dialekt və şivələrinin hər biri ayrı-ayrılıqda öz ilkinliyinə, miqyasına, tarixi-linqvistik faktlarına görə olduqca zəngindir. Bu dillərin dialektlərində fonetik, leksik, qrammatik xüsusiyyətlərin hərtərəfli araşdırılması türkologiyanın ən aktual vəzifələrindən biridir. Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” kitabı bu baxımdan xüsusi maraq və dəyər kəsb edir. Müəllif Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq, 20-ci əsrin ikinci yarısından başlayaraq dövrümüzə qədər aparılmış tədqiqatları çox diqqətlə nəzərdən keçirib və müqayisəli şəkildə, ardıcıllıqla araşdırmaya cəlb edib.
Monoqrafiyanın “Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri” adlı I fəslində dilçiliyimizdə ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli yöndə tədqiqi məsələlərindən bəhs edən Mahirə xanım XX əsrin 50-ci illərindən türk dillərinin dialekt və şivələrində burun samitlərinin mövcudluğunu ilk dəfə akademik Məmmədağa Şirəliyevin müşahidə etdiyini yazıb. Əsərdə akademik Ağamusa Axundovun tədqiqatlarına da xüsusi diqqət yetirilib.
M.Hüseynova Azərbaycanın, o cümlədən, ümumtürk dillərinin dialekt və şivələrinin tədqiqində akademik Tofiq Hacıyevində xüsusi xidmətləri olduğunu vurğulayıb, onun “Cəbrayıl şivəsi” monoqrafiyası önəmindən söz açıb. Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqi tarixində görkəmli türkoloq Fərhad Zeynalovun da müstəsna xidmətlərini nəzərə çatdıran müəllif bildirib ki, dilçi professor “Türkologiyanın əsasları” əsərində ümumtürk dilləri dialekt və şivələrinin əmələ gəlməsi, inkişafı, təsnifi, tədqiqi və onları səciyyələndirən leksik, fonetik, qrammatik əlamətlər barədə məlumat verib.
Ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli təhlili professor Həsən Mirzəyevin də yaradıcılığında xüsusi yer tutub. Onun uzun illər apardığı araşdırmalar nəticəsində Qərbi Azərbaycanın Dərələyəz mahalının toponimləri və dialektləri geniş tədqiq edilib. Alim dialekt və şivələrimizi, xalqımızın dil tarixi, dilimizin arxaik leksik qatını, eləcə də dilçiliyimizin qohum türk dilləri ilə əlaqəsini ətraflı araşdırılaraq monoqrafiya şəklində nəşr etdirib. Görkəmli dilçi Dərələyəz mahalına aid olan şivə sözlərini əhatə edən, onların mənalarının dəqiq izahını verən bir lüğət ərsəyə gətirib. M.Hüseynovanın tədqiqatında professor Elbrus Əzizovun bu sahəyə aid silsilə məqalə, monoqrafiya və dərs vəsaiti yazdığını qeyd edərək bildirib ki, onun “Azərbaycan dilinin tarixinin leksikologiyası” adlı dərsliyi xüsusi əhəmiyyət kəsb edir.
Müəllif əsərində dialektoloq Bayram Əhmədovun tədqiqatlarına da xüsusi yer verib. B.Əhmədov “Azərbaycan dili söz yaradıcılığında sadələşmə meyli” adlı dərs vəsaitində şivə sözlərinin tarixi-etimoloji təhlilini verib. Alim Azərbaycan dili ilə bərabər, türk, qaraçay-balkan, kumuk, karaim, Krım tatarları, noqay, başqırd, altay, tatar, çuvaş və sair türkcələrin ədəbi dil və ya dialekt materiallarına da müraciət edib, olduqca əhəmiyyətli mənbələrdən istifadə edərək qənaətlərini əsaslandırıb.
Monoqrafiyada professor İsmayıl Kazımovun, Məhərrəm Məmmədlinin, Hüseyn Əsgərovun, Əzizxan Tanrıverdiyevin, Buludxan Xəlilovun, Kamil Bəşirovun yaradıcılığında ümumtürk dialekt və şivələrinin müqayisəli təhlili, həmçinin, qarşılıqlı inteqrasiya məsələlərindən bəhs edilir, məqalə və əsərləri təhlil olunur. M.Hüseynova “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri”, “Naxçıvanın dialekt və şivələri” əsərlərinin də təhlilini verib, ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqində dialektoloji lüğətlərin elmi əhəmiyyətini əsaslı nümunələrlə şərh edib. Müəllif ümumtürk dillərində bəzi yemək adlarının tarixi-etimoloji təhlilini də aparıb.
“Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” adlı II fəsildə mövzunu təhlil süzgəcindən keçirən M.Hüseynova III fəsildə (“Türkcələrin dialekt bölünməsi”) ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyasını Azərbaycan, türk, qırğız, qumuq, yakut, kaşğar, özbək, karaim, şor, tuva, türkmən, qaqauz, çuvaş və s. türk dillərin dialekt və şivələri əsasında əhatəli olaraq daha dərindən araşdırıb, sonrakı fəsillərdə uyğunlaşdırılmış sözlərin fonetik, morfoloji xüsusiyyətlərini müqayisəli şəkildə tədqiq edib, leksik-semantik yöndə izahlar verib.
Ümumtürk leksik bazası əsasında müxtəlif peşələrlə bağlı leksik vahidləri, tayfa, nəsil adlarını, qohumluq münasibətini bildirən sözləri, təsərrüfat, atçılıq terminlərini və onların ümumtürk dillərinin dialektlərinə qarşılıqlı inteqrasiyasını, həmçinin toy mərasimi leksikası və onların ümumtürk dillərinin dialektlərində qarşılıqlı əksini zəngin nümunələr əsasında şərh edən müəllif qədim və müasir türk ləhçələrində yemək və içki adlarını, habelə söz-cümlə modelli onomastik vahidləri də nəzərdən qaçırmayıb. Monoqrafiyada uyğunlaşdırılmış sözlərin fonetik, qrammatik, leksik-semantik yöndə tarixi-genetik və struktur-funksional xüsusiyyətləri zəngin dialektoloji və türkoloji mənbələr əsasında ustalıqla nəzərdən keçirilib.
Müəllif bu əsərində türk dilləri dialektlərinin (oğuz və qıpçaq qrupu) bu və ya digər türk dillərinin ədəbi dillərə inteqrasiyasında əsas rol oynayan dialektləri müəyyənləşdirib və bununla qədim türk protodilləri rekonstruksiya edilib.
Professor Mahirə Hüseynovanın “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” (Bakı, 2020) kitabı ümumtürk dialekt və şivələrimizin fonetik, leksik və qrammatik yaxınlığı, oxşar və fərqli cəhətləri, onların qarşılıqlı inteqrasiyası barədə son dövrdə yazılmış çox qiymətli əsərdir. Kitab türkoloji dilçiliklə bağlı tədqiqat aparanlar üçün zəngin elmi qaynaqdır.
İbrahim BAYRAMOV,
filologiya elmləri doktoru, professor