“Klassik divan ədəbiyyatında bitki obrazı”

post-img

Aprelin 29-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda aka­demik Zərifə Əliyevanın 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda respubli­ka elmi-praktiki konfransı keçirilib.

Məclis institutun Türk dünyası əlyaz­malarının tədqiqi və Türkdilli əlyazmala­rın tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransdan öncə Əlyazmalar İnstitu­tunun Ekspozisiya zalında Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi nümayiş olunub. Plenar iclası Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, aka­demik İsa Həbibbəyli açıb və Azərbay­can elminin ən parlaq simalarından olan, görkəmli oftalmoloq-alim, akademik Zə­rifə xanım Əliyevanın 101 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş bugünkü konfransın oriji­nallığı və aktuallığı ilə seçildiyini bildirib. AMEA prezidenti akademik Zərifə Əliye­vanın hər zaman öz zəngin dünyagörüşü və baxışı ilə fərqlənərək Azərbaycanda qadın ziyalıların aparıcı qüvvəsi olduğu­nu, əsərlərinin bir çox xarici dillərə tər­cümə olunaraq yeni oftalmoloq alimlərin yetişməsinə töhfə verdiyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.

AMEA Məhəmməd Füzuli adına Əl­yazmalar İnstitutunun direktoru akade­mik Teymur Kərimli sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edib, onun elmi araşdırma­larının, alim kimi qazandığı böyük uğur­ların Azərbaycanın tibb elmi tarixində xü­susi yer tutduğunu vurğulayıb. 

Plenar iclas məruzələrin dinlənilməsi ilə öz işinə davam edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə­sinin sədri Bahar Muradova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüsey­nova, Tibb Universiteti Oftalmologiya kafedrasının müdiri tibb elmləri doktoru, professor Paşa Qəlbinur, Milli Məclisin, tarix üzrə fəlsəfə doktoru Məlahət İb­rahimqızı və başqaları çıxışlarında Zə­rifə xanım Əliyevanın mənalı və zəngin həyat yolundan nümunələr gətirərək, onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıblar. 

Konfrans məruzə ətrafında çıxışlarla öz işinə davam edib.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət