Futbolda imicə də zərbə vurmaq olar

post-img

Hər futbol qarşılaşması qələbə, azarkeşlərin tələblərini ödəyəcək ən yaxşı nəticə əldə etmək uğrunda mübarizədir. Bununla belə, vacib görüşlərdə reqlamentə uyğun olmayan hallar ciddi cərimələrə çevrilir. Xüsusilə də meydanda ölkə üçün əhəmiyyətli oyun keçirilən zaman komanda üzvlərindən gözlənilən səbrli davranışlar nümayiş etdirilməyəndə proses arzuolunmayan istiqamətdə inkişaf edir. Bununla yanaşı, yüksək səviyyəli beynəlxalq yarışlarda tələb olunan standartlara əməl olunmaması ölkənin imici baxımından da arzuolunan hal deyil. Söhbət “Qarabağ” futbol klubuna UEFA tərəfindən edilmiş ciddi xəbərdarlıqdan gedir.

Qol.az-ın xəbərinə görə, Avropa Liqasının pley-off mərhələsinin “Qara­bağ” – “Braqa” cavab oyununda azər­baycanlı blogerlərin qaydalara zidd şəkildə stadiondan çəkilişlər aparması və ümumi çəkiliş qaydalarını pozma­sı UEFA-nın Ağdam təmsilçisinə cid­di xəbərdarlıq etməsinə səbəb olub. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Qol.az saytına müsa­hibəsində xəbəri təsdiqləyib, ancaq UEFA-nın klubu cərimələmədiyini bildi­rib. Amma klub funksioneri ümid etdi­yini də gizləməyib ki, ali futbol təşkilatı “Qarabağ”ı cərimələməyəcək. Ümid etmək yaxşıdır, amma ciddi qaydala­ra uymayanda cərimə mütləq gələcək. UEFA kimi təşkilatlar da belə halları bağışlamır. Futbol həm də böyük pullar deməkdir, oyunun yayım hüququndan milyonlar qazanılır. Eksklüzivlik itəndə pul da itirilir ki, bu da UEFA tərəfindən adekvat qərarlar qəbul edilməsinə sə­bəb olur. A.Hacıyev də etiraf edir ki, UEFA-nın sırf media hüquqlarına sahib şirkətlərlə bağlı çox ciddi yanaşması var və çəkiliş hüququ, sadəcə, media hüquqlarına sahib şirkətlərə məxsus­dur. Klub funksionerinin sözlərinə görə, kənar hər hansı bir şəxs, televiziya və ya şirkət oyundan görüntülər çəkib onu yayımlamaq hüququna sahib deyil.

Amma “Qarabağ” – “Braqa” oyu­nundan sonra eksklüzivlik prinsipi po­zuldu. Oyunla bağlı videogörüntülər dəqiqələr sonra müxtəlif saytlarda, so­sial şəbəkələrdə yayımlandı. Bundan başqa, oyun çəkilişini aparan şəxslər də UEFA qaydalarını pozdular. Req­lamentə görə, çəkiliş qrupunun üzvləri oyun zamanı onlara ayrılmış sektoru tərk edə bilməzlər. A.Hacıyevin söz­lərindən belə çıxır ki, “Qarabağ” – “Braqa” matçında çəkiliş aparan şəxs­lərin tez-tez bu ərazini tərk etmələri, hətta qol anında meydana daxil olma­ları UEFA tərəfindən ciddi qayda po­zuntusu kimi qeydə alınıb və bununla bağlı Ağdam təmsilçisinə xəbərdarlıq olunub. İllərdir ki, Azərbaycanı Avropa meydanlarında layiqlə təmsil edən klu­bun yayım məsələsində belə boşluq­lara yer verməsi heç də xoş hal deyil. Bu, peşəkarlığa kölgə salan diqqətsiz­likdir. Milyonların izlədiyi matçda oyun zamanı kənar şəxslərin meydana daxil olmaları ciddi nöqsandır və UEFA bu nöqsana hər zaman göz yummur. Biz də arzulayırıq ki, cərimə gəlməsin. Amma ciddi nöqsanlara yol verib sonra da UEFA-nın mərhəmət göstərəcəyinə ümid etmək, razılaşın ki, peşəkarlıqla üst-üstə düşmür. 

“Qarabağ” – “Braqa” matçının nəti­cəsi bütün azərbaycanlıların sevincinə səbəb oldu. Portuqaliyanın tanınmış klubunun mübarizədən kənarlaşdırıl­ması futbolumuz adına böyük uğurdur. Ancaq oyun zamanı klubun bəzi üzvlə­rinin səbrsiz davranışı qəbuledilməzdir. Xüsusilə də məşqçilər korpusunun bəzi üzvlərinin hakimliyə əndazəyə sığma­yan etiraz jestləri təəssüf doğurmaya bilməz. Heç kimə sirr deyil ki, futboldan siyasi təbliğat və ya etiraz vasitəsi kimi istifadə oluna bilər. Amma futbol həm də milli kimliyi, mədəni müxtəlifliyi və sosial həmrəyliyi ifadə etmək vasitə­sidir. Futbol müxtəlif xalqlar və qruplar arasında dialoq və sülh platforması, eyni zamanda, mədəniliyin etalonu­dur. Səbrli olmaq, bəlkə də, ən böyük mədənilik göstəricisidir. Təbii ki, futbol şahmat deyil, səslə-küylə oynanılan, emosiyalarla zəngin olan idman növü­dür. Amma gəlin razılaşaq ki, emosiya­ların coşduğu bir vaxtda səbrliliyin, etik normalara uyğun davranışın nümayişi də peşəkarlığın zirvəsidir. Unutmaq lazım deyil ki, futbola milyonlar baxır, buna görə də, haqlı olsa belə, klub funksionerinin emosiyaları cilovlaya bilməməsi klubun peşəkarlığına, imi­cinə zərbədir. 

Bizim “Qarabağ” klubunun tarixi nailiyyətinə kölgə salmaq niyyətimiz yoxdur. Sadəcə, milyonların önündə istər meydanda, istərsə meydandan kənarda reqlamentə uyğun davranış göstərmək zəruridir. Qarşıdan Azər­baycan çempionunu Avroliqanın 1/8 final mərhələsində “Bayer”lə çox çətin oyun gözləyir. Almaniya çempionatının liderinə qarşı oyunda komandamızdan gözəl nəticə gözləyirik. Ümid edirik ki, Bundesliqa təmsilçisi ilə oyunda zərərli emosiyalara yol verilməyəcək və peşə­karlıq barədə müzakirələrə yol açılma­yacaq. Özündənrazı “Köhnə qitə”nin titullu komandalarına qarşı güclü ira­də nümayiş etdirmək lazımdır. Avropa klubları rəqibi özündən çıxarmaqda mahirdirlər. Ona görə də, kiçik insident belə böyük uğura kölgə sala bilər. 

XQ

İdman