Biləsuvarlı şəhid atasına söz vermişdim ki…

post-img

Yanvarın son günlərində Mərdəkandakı “Günəşli” nevroloji sanatoriyasında müalicə olunurdum. Sanatoriyanın həyətindəki tikililərdən birində Ağdam seçki dairələrinin (bu rayonda 118 nömrəli şəhər və 119 nömrəli kənd seçki dairələri yerləşirdi) hansınınsa seçki məntəqəsi var idi. Yəni, neçə illərdir ki, ağdamlı məcburi köçkünlər orada səs verirlər.

Biz – bir neçə nəfər həmin məntəqə­nin qarşısındakı lövhədə asılmış təbli­ğat materialları ilə tanış olurduq. Bu sanatoriyada dəfələrlə gördüyüm, yəni, çoxdan tanıdığım yevlaxlı ağsaqqal uca səslə dedi: “Bu adamlar haranın si­yasətçiləridir ki, fotoları İlham Əliyevin portreti ilə yanaşı asılıb? Onlar kimdir ki, xalq onlara səs versin? Hər yerin­dən duranın özünü İlham Əliyevə al­ternativ kimi göstərməsi nə dərəcədə doğrudur?”. 

Bu məqamda hamımızdan ca­van olan bir nəfər ağsaqqalın sualı­nı cavabsız qoymadı: “Sizin cənab Prezidenti sidq-ürəklə dəstəkləməyiniz alqışa layiqdir. Ancaq o biri namizəd­ləri qətiyyən aşağılamaq olmaz. Onlar da bizim soydaşlarımız, Azərbaycan siyasətçiləridir. Onları da sevənlər, dəstəkləyənlər, siyasi həmfikirləri, ailə üzvləri var. Onların da daha güclü Azərbaycan naminə olan məram və məqsədləri var. Nə olsun ki, onlara səs verənlər az olacaq?”

Həmin adamın məsələyə aydın münasibəti məni məmnun elədiyinə görə tanış olmaq istədim. Məlum oldu ki, o, 44 günlük İkinci Qarabağ müha­ribəsinin biləsuvarlı şəhidi Əli Qən­bərovun atası Mahir Qənbərovdur. Ondan oğlunun döyüş yolu barədə danışmasını istədim və əlavə etdim ki, yığcam da olsa, bir qəzet materialı hazırlayacağam. Dedi, bütün şəhidlər kimi mənim balam da Vətən naminə qəhrəmancasına döyüşüb, adı Azər­baycan üçün canını əsirgəməyənlərin sırasına yazılıb. Onu da əlavə etdi ki, Əli 44 günün ilk həftəsinin sonunda telefonla mənə demişdi ki, biz qalib gələcəyik. O vaxt zəfər qurbanı kəsər­siniz.

… Ailədə üç qardaşın yaşca kiçiyi olan Əli Vətən müharibəsi başlanan­da 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Ailə üzvlərinin söz­lərinə görə, arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərmək olub. Sentyabrın 27-də xidmət etdiyi sən­gərdə “İrəli!” əmrini alanlardan olub. O andan bir neçə saat sonra Əlinin ay­larla müşahidə etdiyi düşmən səngə­ri cəsur döyüşçülərimizin nəzarətinə keçib. 

Atası danışdı ki, Əli bir neçə gərgin döyüşdə göstərdiyi şücaətlə seçilib. O, hətta, ağır əməliyyatlarda belə, öndə olub. Cəsur döyüşçümüz oktyabrın 6-da Füzuli rayonu ərazisində növbəti ağır döyüşlərdən birində şəhidlik zirvə­sinə ucalıb.

İnternet məlumatlarından oxudum ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliy­yatlarına qatıldığı və hərbi hissə qar­şısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Əli Qənbərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Xatırladım ki, martın 4-də üç qar­daşın kiçiyinin – cəsur döyüşçü Əli Qənbərovun 22 yaşı tamam olur. Allah rəhmət eləsin! 

İttifaq MİRZƏBƏYLİ



Sosial həyat